Daha böyük islahatlara doğru!

Məni ölkədəki siyasi proseslərin qısırlığı çox düşündürüb. Bu qədər etiraz olur, amma siyasi liderlərin cərgəsi artmır ki, artmır. Biz faktiki olaraq 1988 – 92 -ci illərin siyasi məhsulundan faydalanmaqla məşğuluq. Mən heç də o fikirdə deyiləm ki, o dəstənin siyasi liderlərini istirahətə göndərmək, tamam yeni liderlərin ətrafında toplaşmaq lazımdır. Həmin dəstənin elə simaları var ki, onların öz potensialını açmaq üçün hələ yetərincə imkan olmayıb. 

Amma budur, bu günlərdə Ingiltərənin “The Times” jurnalı 2012 – ci il üçün 100 ən nüfuzlu və təsirə malik insanın adını açıqlayıb. Rusiyadan siyahıya təkcə bir nəfər – A.Navalnıy düşüb. Rusiyada son vaxtlar baş vermiş iki böyük siyasi etirazın qəhrəmanı olan A.Navalnıy! O kimdir? Hüquqşünas və bloqçu! Mən ona görə “O, kimdir?” sualını qoydum ki, bizdə insanlara məhz bu cür, belə münasibət sərgiləməyi sevirlər. Bu insan, amerikalılar demişkən, özü özünü yaradan adamdır. Tək internetin köməyilə Rusiya əhalisinin 4 fazi tərəfindən özünün tanınmasına nail ola bilib. Mən bundan artıq Rusiya və rusiyalı olan bu siyasətçi – A.Navalnıy haqda heç nə deməyəcəm, ən azı ona görə ki, çox vaxt qalmayıb, az müddətdən sonra Rusiyada növbəti aksiyalar gözlənir və hələ bizim Rusiya mediasının və hətta “The Times” – ın yazdıqlarını bir daha yoxlamaq imkanımız olacaq. Bizdə isə bayaq qeyd etdiyim kimi, nə yaxşı ki, dörd illik period olub və bu illər ərzində siyasi meydana üç – dörd nəfər çıxa bilib. Bəli, 20 ildir ki, ölkə yeni siyasi lider bir tərəfə, yeni siyasi simalar belə yetişdirə bilmir. Bunun səbəbi təkcə insanların mühafizəkarlığıdırmı? Mən o qədər də cəmiyyəti qınamağın tərəfdarı deyiləm. Burada çox amlləriin birgə təsiri olub. Həm artıq siyasi səhnədə oturuşmuş simaların qısqanclığı, həm də bizə sırınan rəsmi siyasi ssenarilər buna imkan verməyib. Mən bu siyasi səhnəni çox gözəl bilirəm. Adi bir detal. Bəli, əsas müxalifət partiyalarından biri öz proqramını liberal dəyərlərə uyğunlaşdırmaq niyyətindədir, çünki bu təşkilat artıq Liberal-Demokratik Ittifaqın üzvüdür. Olsun. Çox yaxşı haldır.
Amma mən yeni proqram məsələsilə bağlı ötən illərin ağrılarını da çox yaxşı xatırlayıram. Biz hər şeyi etdik. Mətbuatda diskussiyalar təşkil etdik, onlarla yazı yazdıq, partiyadaxili maneələri aşdıq, amma həmin bu yeni proqramları qəbul etmədilər. Amma bir günün içində bayaq qeyd etdiyim müxalif partiya heç kimin rəyini soruşmadan, partiyanın parçalanacağından ehtiyat etmədən Liberal – Demokratik Ittifaqa üzv oldu! Bəs bunları bizim vaxtımızda nədən etmədilər? Mənə elə gəlir ki, bunun bircə səbəbi vardı: yeni proqramların və məramnamələrin qəbulu bir neçə adamın partiya daxilində statusunu artırar və onlara böyük siyasətə “kart – blanş” verərdi. Bu isə həmin partiyanın və onun donuq, mühafizəkar siyasi elitasının maraqlarına cavab vermirdi. Bəli, onlar yalnız bir halda yeni proqramın qəbul olunmasına razılıq verərdilər – o yenilik onların adından təqdim olunsaydı! Sonra da deyirlər ki, bizim partiya bir çox “demokratik ənənələr”in bünövrəsini qoyub! Hansı ənənədir bu? O vaxt eyforiyaya qapılıb nizamnaməyə bir dəyişiklik ediblər! Indi də bilmirlər ki, bu situasiyadan necə çıxsınlar! Nə isə. Hər halda, mən onlara uğurlar və daha böyük islahatların müəllifi olmağı arzulayıram. Bəli, necə deyər, daha böyuk islahatlara doğru!
Fleş – mob nədir və ondan necə yararlanmaq olar?
Mən bu haqda geniş yazmayacam. Bunları özünüz də tapıb oxuya bilərsiniz.
Təkcə bircə cəhəti qeyd edəcəm. Təsəvvür edin, bir qrup adam hiss edilməz şəkildə böyük insan qrupuna daxil olur, hansısa hərəkəti imitasiya etmək, hansısa şüarı qışqırmaqla, ya da yerində donub qalmaqla kütlənin diqqətini ani olaraq özünə cəlb edir və tez də dağılışırlar. Bu, çox ani baş verən, teatr təsiri bağışlayan etiraz formasıdır. Qərbdə çox yayılıb. Orada bunların hansı məqsədlə edilməsi bizi maraqlandırmır. Əsas odur ki, bundan biz də siyasi maraqlarımız üçün istifadə edə bilərik. Əslində buna bənzər şeylərdən bizim gənclər istifadə edir. Biz niyə etməyək?