Güllələyin şairləri!

saadet-cahangir-koseSəadət Cahangir

Güllələyin şairləri! Sonra diz çökün!

Kimin günahı var, kimin ahı var,

Dünyanın nə qədər pis sabahı var.

Hamsına, hamsına şairlər bayıs!

(Vaqif Bayatlı Odər)

Hərdən “bu ölkədə yaxşı qələm sahibi olmağın qədri-qiyməti nə” deyə öz-özümə söylənirəm. Ardınca da “guya alim, həkim, müəllim, rəssam, aktyor olmağın bir qiyməti varmış” deyə təskinlik tapıram. Əcəb təskinlikdir! Betərin betərindən özünə təsəlli vermək deyərlər buna. Bu da o anlama gəlir ki, insanın yerli-dibli dəyəri yox bu ölkədə. Xaricdən idxal olunmuş adi bir park ağacına, kaktusa, ekzotik gül koluna insandan daha çox pul xərclənir, daha çox can yandırılır, daha çox əmək qoyulur buralarda. Hələ mən oyun, yarış, müsabiqə kimi işlərin dəsgahını açıb-ağartmıram. Nəyini açıb-ağardım ki, adamın dərdi təzələnir daha da…

Iki gün əvvəl tanınmış şair Saday Şəkərlinin məhkəməsində iştirak etdim. Şairin hansı motivlə həbs olunduğunu bilirsiniz. Vergilər Nazirliyinin əməkdaşı ona qarşı ağır ittiham irəli sürüb – şantaj yolu ilə rüşvət tələb etmək ittihamı! Şikayətə də Ağır Cinayətlər Məhkəməsində baxılır. Illərdir onlarla günahsız siyasi fəalın işi ordan keçdiyinə görə, bizim üz-gözümüz bu məhkəmənin qapılarına, zallarına, hakimlərinə, nəzarətçilərinə alışıb. Amma ölmədik, bu günü də gördük. Rüşvət ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunan bir şair də gəlib çıxdı bura. Insan bilmir ağlasın, yoxsa gülsün. Bu şair nə qorxulu adam imiş ki, əlini-qolunu qandallayıb boynuna belə ağır bir cinayət işi qoyublar, həm də Vergilər nazirliyində. Saday Şəkərli necə bir hünər sahibi imiş ki, bu nazirlikdə kimdənsə rüşvət qoparmaq istəsin! Allah sən saxla! Ayıbdır, kişini yazdığı kitaba görə tora salmısınızsa, bunu mərd-mərdanə deyin, məsələ açıq olsun. Rüşvət məsələsi üzərində israr edirsinizsə, daha betər. Bu ölkədə “rüşvət”in tərifini hər kəs əla bilir axı. Milyonların, milyardların hardan gəlib, hara getdiyi, hansı ünvanlara çatdığı, harda cəmləşdiyi heç kimsəyə sirr deyil ki. Indi bu qədər oğurluğun, talanın, çirkabın içində bir şairmi cinayətkar çıxdı elə? Allah xatirinə, bir görkəmli şair kitabının çapı üçün nədən gedib kimdənsə pul istəsin ki? Bu beş-on manat pulun adına “rüşvət” deyilirsə, bəs o oğurluq milyardların adı necə olur indi? Ölkədə söz adamlarını düşürdüyünüz əzici durumdan utanırsınızmı heç, ay ölkənin başda oturanları?..

Bu mövzunu uzatsaq, qəzet səhifələrinə sığmaz. Xülasə, 3 aydan artıqdır həbsdə saxlanan Saday bəyin məhkəməsi başladı. Azərbaycanda da məhkəmə sistemi çoxdan çöküb, bilirsiniz. Ogünkü məhkəmə ünlü Türk şairi Nəcib Fazil Qısakürək haqqında oxuduğum bir hadisəni xatırlatdı. Nəcib Fazil dövrünün ən çox mühakimə olunmuş yazarlarından sayılır. Şairin haqqında yazılan xatirələrdən görünür ki, düşmədiyi iş, başına gəlməyən bəla qalmayıb. O zaman “Vaxt” qəzetinin yazarı Hüseyn Üzmez dövrünün məşhur jurnalisti Ahmet Emin Yalmana sui-qəsd cəhdində ittiham olunaraq, həbs edilir. Nəcib Fazil də o günlərdə Yalman əleyhinə çox ağır yazılar yazırmış. Ayrıca, Üzmez də qatı bir Nəcib Fazil heyranı imiş. Sonda Nəcib Fazil “təhrikçilikdə” ittiham olunaraq, həbs edilir və məhkəməyə çıxarılır. Məşhur şair məhkəmədə özünü müdafiə edərkən hakimə deyir: “Ingilisin biri qısqanclıq krizinə girib arvadını öldürsə və adamın cibindən ”Otello” pyesindən bir səhifə tapsanız, “təhrikçi” deyə Şeksprin skeletini məzarından çıxarıb London körpüsündənmi sallayacaqsınız?”

Belə anlayıram ki, məhkəmədə Saday Şəkərlinin üstünə də bənzər ittiham qoymaq istəyirlər. Ölkədəki milyardlıq rüşvət qalmaqallarını sorğulayan yox, asılıb durublar bir şairin yaxasına. Bizdə çoxdandır 37-ci illərə qayıdış əhvalı var. Qaçaq-quldurların bütün cinayətlərini gətirib günahsız adamların üstünə atırlar. O gün məhkəmədən geri dönəndə şair Əli Kərimin oğlu Orxanın başına gətirilənləri xatırladım. Onun bənzər ittihamla həbs olunub, böyük dirənişdən sonra azadlığa çıxmasını və ölümünü. Siz bu illər ərzində sonuncu günah sahibi sayılacaq insanları cəzalandırmaqla necə günahlara girdiyinizin fərqindəmisiniz? Barı, bu dəfə etməyin!