18 ildən sonramı gəldi ağlınız başınıza?

Artıq, türklər demiş, hər kəs ağzındakı paxlavanı çıxarmağa başladı. Hər kəs Azərbaycanın necə bir uçuruma getdiyini görməyə, astadan olsun, ya ucadan, fərqi yoxdur, danışmağa başladı. 

Aylardan bəridir bu prosesi izləyirik: 18 ildir “mənə dəyməyən ilanı min yaşasın” deyə səsini çıxarmayanlar… “Məndən uzaq olsun, istəyir Misirə sultan olsun” deyə susanlar artıq qımıldanmaqda, tərpənməkdədirlər. Telekanallara üsyan edənlər, təlxəklərin, yalançı starların meydan sulamasına od püskürənlər, Azərbaycanın sürətlə mədəniyyətsizləşdirilməsinə etiraz hayqıranların sırası genişlənir günbəgün.
Aralarında tanınmış yazıçısından qocaman, titullu, imtiyazlı müğənnisinə, bəstəkarına, aliminə qədər hər peşənin, hər sənətin sahibi var.
Hələlik sonuncusu “xalq artisti” titullu bəstəkar Nəriman Məmmədovdur ki, o da srağagün “Reytinq”də üsyana qalxıb. “Bizi it yerinə qoyan yoxdur” deyib. “Bizə kömək edən, sahib çıxan yoxdur” deyib.
Oysa Azərbaycanın bu yerlərə gələcəyi başından bəri o qədər açıq, o qədər aydın idi ki… Bir ölkədə millətin iradəsinə sayğı duyulmazkən, bir ölkədə hüquq yerlərdə sürünərkən, bir ölkədə korrupsiya, yağmaçılıq dövlət siyasətinə çevrilərkən, bir ölkədə yalan və yaltaqlıq idarəetmə normasına dönüşdürülərkən, bir ölkədə insanlardan ucalmaq üçün illah ki, alçalmaq tələb edilərkən, bir ölkədə hər şey bir adamın iki dodağının arasından çıxan sözlə həll olunarkən o ölkədə bunun bədəlini əvvəl-axır hər kəsin, amma hər kəsin ödəyəcəyini illərcə bas-bas bağırıb durduq.
Illərcə yalvardıq bu ölkənin yazıçısından, bəstəkarından ta balıqçısına, taksi sürücüsünədək: etməyin, eləməyin, bu çirkin gedişatın önünə keçin, “dur” deyin. Azərbaycanın orta çağların dibsiz qaranlığına, feodalizmin üfunətli bataqlığına gömülməsinə təpkisiz, ölkənin beş-üç heyvərənin bitib-tükənməyən sərvət, hakimiyyət ehtirasına qurban getməsinə səssiz qalmayın. “Susmayın” deyə bağırdıq illərcə, uyardıq dəfələrlə: “Susmayın, susduqca sıra sizə gələcək”.
Ən adi həqiqətləri yazmaqdan əlimiz, söyləməkdən dilimiz qabar oldu. “”Mən yaradıcı adamam, siyasətə qarışmıram” səfsəfəsinin arxasında gizlənməklə, “mən əsərlərimlə mübarizə aparıram” deyib öz sakit hücrənizə çəkilməklə, Azərbaycanın taleyini bir-iki qəzetin, üç-dörd partiyanın, beş-altı siyasətçinin, yeddi-səkkiz yazarın öhdəsinə buraxmaqla bu ölkəyə nə qədər böyük pislik etdiyinizi, nə qədər ağır zərbə vurduğunuzu bir kənara qoyaq, amma ən böyük pisliyi özünüzə edir, ən ağır zərbəni özünüzə vurursunuz, fərqində deyilsiniz” dedik. “Bir meşə yanarkən orada heç bir canlı qalmaz, bütün canlılar yanar” dedik. “Bir gəmi batarkən, içindəki hər kəs batar” dedik. “Bu zülmdən, zillətlərdən əvvəl-axır hər kəs nəsibini alar, sadəcə, bir az geci-tezi var” dedik.
Amma siz bizi dinləmədiniz.
Bu qulağınızdan alıb o birindən ötürdüünüz.
O zaman danışmağa, üsyan etməyə başladınız ki, artıq su boğazınızadək çıxdı. Azərbaycanın təslim edildiyi haqsızlığın, hüquqsuzluğun, mədəniyyətsizliyin soyuq nəfəsini kürəyinizdə hiss etməyə başladınız. Meşədəki yanğının sizi də yaxdığını gördünüz.
Içimdəki öfkə, qırğınlıq da ona görədir. Ona görə “Yenə də şükür!” yaza bilmirəm.
Bu gün məmləkətin Cabbar kimi 18, 19 yaşlı pırıl-pırıl gəncləri Azərbaycanın hara getdiyini belə erkən gördülər də, sizə məmləkətin necə dibsiz bir uçuruma yuvarlandığını görmək üçün onların ömrü qədər vaxt lazım oldusa, öfkələnməmək mümkündürmü? Qırılmamaq əldədirmi?
“Nida”çı oldum
Gənclərdən söz düşmüşkən…
“Nida” Vətəndaş Hərəkatına qoşuldum.
“Nida”çı olmaq üçün yaş məhdudiyyəti yoxdur. Amma orada gənclər üstünlük təşkil edir.
Bu gün Azərbaycan gəncliyi – Cəbhənin, Müsavatın gənclər təşkilatları, “Nida”sı, “Azad Gənclik”i, “Müsbət dəyişikliki”i… ilə birgə bu ölkənin aydınlıq ümidləridir. Azadlıq ümidləridir. Onlar var olduqca, ayaqda olduqca Azərbaycanın çağdaşlaşma, demokratikləşmə ümidləri bitməz. Bu gün mənim bütün inam və ilham mənbəyim Azərbaycanın vicdanlı, duyarlı, mübariz gəncliyidir. Məni yazmağa, gələcəyə inanmağa məcbur edən, ayaqda tutan onlardır. Onların xəyallarımın Azərbaycanını quracaqlarına o qədər içdən, o qədər qəti əminəm ki…
Eşq olsun sizə!