İndi toxunduğum mövzu mənəvi, əxlaqi, dini, fəlsəfi baxımdan həddindən artıq geniş, mürəkkəb olduğundan düşündüklərimi Sizə qısa, tezis formasında çatdırmağa çalışacam. Həyat imkan versə gələcəkdə bu mövzuda fikirlərimi daha geniş formada qələmə almaq niyyətim var. Yazının səbəbi isə bir qrup insanların bu mövzuda haqlı, haqsız meydan sulaması, milli, mənəvi dəyərlərimizi təhqir etməsi, bəzən bu xüsusiyyətlərin daşıyıcıları olan dahi şəxsiyyətləri belə təhqir etməsi və təəssüflə bildirirəm ki, onlara cavab vermək peşəsi, borcu olanların susmasıdır.
Söhbət milli, mənəvi, əxlaqi, dini dəyərlərimizin tənqidindən getmir. Belə olsaydı Həsən bəy Zərdabini, Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri bu qədər sevməz, dönə-dönə yazılarımda, çıxışlarımda onlara istinad etməzdim. Əminəm ki, tənqid olmayan yerdə inkişaf da yoxdur. Sadəcə, söhbət tənqidlə təhqiri, mənsub olduğundan imtinanı fərqləndirməkdən gedir. Fikir versəniz görərsiniz ki, son dövrlər bir qrup şəxs milli, mənəvi dəyərlərimizi, yaradıcılığında bunlara xüsusi önəm verən şəxsiyyətləri təhqir etməkdə sanki yarışa giriblər və elə bil bu təhqirlərdən zövq alırlar. Bu qrupa, yaradıcılıqları ilə tanış olduğum, bəzilərinin bəyəndiyim yazılarını, şəkillərini səhifələrimdə paylaşdıqlarım da var. Bu qrupa daxil olanlarının bəzilərinin təhqir dolu yazıları ilə özlərinə gələcək qurmaq istədiklərinə şübhəm yoxdur.
Bununla belə, bunlardan Gündüz Ağayev, Seymur Baycan və digərilərinin mədəniyyətimizdə yerləri olacaqlarına şübhəm yoxdur, çünki istedad sahibidirlər. Buna baxmayaraq, hesab edirəm ki, bu qrup bəzi məsələlərdə Roma Papasından da artıq katolik olmaq istəyir. Zənnimcə bunlar tolerantlığı, insan hüquq və azadlıqlarını, qloballaşan dünyanı dəyərləndirərkən çox səthi, sadə yanaşmalara yol verirlər. Bəli, mən də tolerantlığın, insan hüquq və azadlıqlarının, dünyanın qloballaşmasının tərəfdarıyam. Hamının istədiyi kimi fikirləşməsini, fikirlərində azad olmasının istəyirəm.
Başqa fikirlərə hörmətlə yanaşılmasını hamının borcu sayıram. İnsanları dilinə, dininə, millətinə, dərisinin rənginə görə dəyərləndirməyin qəti əleyhinəyəm. Əksinə, hesab edirəm ki, bu sahədə olan rəngarəngliyin özü bir gözəllikdir. Yeddi dönəmimə Türkəm. Bununla belə, “Türkün türkdən başqa dostu yoxdur” şüarının həmişə əleyhinə olmuşam. Hələ AXC dövrü bu şüarın geriyə addım olduğunu, ziyanını göstərmək üçün daim gətirdiyim dəlili bir daha təkrar edirəm. Təsəvvür edək ki, bir hektar torpaq sahəsində güllərin şahı olan ancaq qızılgül əkilib, qonşuluqda isə qızılgül, lalə, bənövşə, qərənfil və s. əkilib. Zənnimcə ikinci sahə daha gözəl görünər. Eləcə də Azərbaycanın gözəlliyi bu məkanda yaşayan millətlərin çoxluğundadır. Məhz bu çoxluq öz mətbəxi, mədəniyyəti ilə Vətənimizi daha gözəl edir. Bu gün Azərbaycanın zənginliyini talış nənələrin oxumağında, ləzgi rəqslərində, türklərin aşıq havalarında, muğamlarda, burada yaşayan xalqların zəngin mətbəxində görmək olar. Mənim üçün ən vacib olan fərd olaraq İnsandır. Çoxların hüquqlarının hökmranlığını SSRİ nümunəsində hamımız gördük.
Yuxarıda qeyd etdiyim qrup insanlar tez-tez Azərbaycanda gender hüququndan və cinsi azlıqlardan yazırlar. Bəli, razıyam ki, Vətənimdə qadın hüquq və azadlıqları ideal deyil, bu sahədə həll olunacaq çoxlu problemlər var. Ən azından hakimiyyətdə, Milli Məclisdə olanların say tərkinə baxsaq bunu aydın görərik. Ancaq qeyd edilən problemin bu qrup istədiyi kimi həllinin tərəfdarı deyiləm. Bu barədə qısaca deyəcəm, dediyim kimi olmaya da bilər. Ancaq görünən odur ki, bu gün Azərbaycanda gender hüququ ilə məşğul olan xanımlar sırasında ailəli olanına çətin rast gələrdiz. Mən bəziləri kimi uğurlu xanımı ancaq biznesdə, vəzifədə yüksələnlər kimi görmürəm. Mənim üçün öz istəyi ilə ancaq ailəsi, uşaqları ilə məşğul olub bu sahədə uğurlu olanlar daha xoşbəxtdirlər. Cinsi azlıqlarla bağlı da mənim öz fikirim var.
Bəli insana doğulduğu kimi hörmət olunmalıdır və buna görə həmin insanlara yuxarıdan aşağı baxanları qınayıram. Hər bir insan fərd olaraq azaddır. Heç kim cinsi orientasiyasına görə təqib oluna, qınanıla bilməz. Ancaq cinsi azlıqları da ilahiləşdirməyin, onlar üçün xüsusi status tələb etməyin, onları üst qrup insanlar kimi reklam etməyin də əleyhinəyəm. Bu epizodla bağlı da baş vermiş bir hadisəni bölüşüm. 2001-ci ildə Varşavada Avropa İttifaqının təşkil etdiyi iki illik Beynəlxalq İnsan Haqları kurslarında təhsil alırdıq. Keçmiş SSRİ dövlətlərinin hamısından iştirakçılar var idi, o cümlədən mənimlə birlikdə hüquq müdafiəçisi İmran Vəliyev də iştirak edirdi. Həqiqətən çox dəyərli bir tədris proqramı oldu. Hüququn bütün sahələrindən dünyada tanınmış alimləri dinlədik. O cümlədən cinsi azlıqların hüquqlarının qorunması ilə bağlı da bir günlük mühazirə oldu. Lektor həqiqətən çox bilikli, özü də cinsi azlığa mənsub olan alim idi.
Mühazirənin az qala yarısı cinsi azlıq olmağın üstünlüyündən bəhs edirdi. Yekunda onun cinsi azlığın üstünlüyünü təbliğ etdiyinə görə Britaniya məktəblərindən birində dərsdən kənarlaşdırılmış müəllim barədə haqsızlığa yol verildiyini söylədikdə ona sualım oldu: “necə hesab edirsiniz, dərsdə əksəriyyət şagirdlər üçün cinsi azlığın üstünlüyünün təbliği hüquq pozuntusu sayılmırmı?” Böyük mübahisə oldu və sonuc olaraq 50 nəfər içində bir nəfər də lektorun tərəfində olmadı. Yekunda bir daha təkrar edirəm, heç bir insanın, heç nədən asılı olmayaraq digərindən üstünlüyü yoxdur.
Qloballaşan dünyanın faydalığını da görməmiş deyiləm. Bilirəm ki, qloballaşan dünya iqtisadiyyatın daha da güclənməsi, insan hüquq və azadlıqlarının inkişafı deməkdir. Sərhədlərin şəffaflığı, iqtisadiyyatın inkişafından əlavə, torpaq üstündə gedən müharibələrə də son qoyulacağına inanıram. Bununla belə ABŞ-ın, Avropanın həyat tərzinin olduğu kimi bizə transfer olmasını, kopyalanmasını istəmirəm. Bunun daha bəsit anlanılması üçün mən broyler toyuğu yox, kənd çolpası, qamburqer, çizburqer yox, toyuq ləvəngisi, Qazax kababı, amerikan steyki yox, Gəncənin dana basdırmasını, holand pendiri yox, motal pendiri, fransız kruassanı yox, şəki dadlıları istəyirəm, ancaq rok yox, həmçinin aşıq mahnısı, muğam dinləmək istəyirəm. Bu qrup məni “kəndçi” adlandırmağa tələsməsin.
2 il Azərbaycanın Qazax rayonunda, 14 il Gürcüstanın Qardabani rayonunda, 15 il Rusiyada yaşamışam. Gənc yaşlarımdan “BEATLS”, “ABBA”, “BONEY M”, “Самоцветы”, “Песняры” qruplarını, Co Dasseni, Lui Armstronqu, Demis Russossu və digərlərini sevə-sevə dinləmişəm. 1980-ci ildə SSRİ tələbələri tərkibində ilk dəfə 1980-ci ildə bir ay Almaniyada (ADR), sonralar onlarca dəfə xarici ölkələrdə olmuşam. Bir çoxları kimi ABŞ, Avropa ölkələrində dönər, kabab axtarmamışam, olduğum ölkənin mətbəxi ilə tanış olmağı sevmişəm. Bir maraqlı epizodu Sizə də danışım. 1999-cu ildə Nyu-Yorkda iştirak etdiyim bir məhkəmə prosesində sənətşünaslıqdan xüsusi bilgi lazım olduğundan Bakıda bu sahədə ən tanınmış bir nəfəri də özümlə aparmışdım. Günlərlə qonağım üçün Manhettendə toyuq ətindən şorba axtarırdım. Müsafirim mənim çin, hind, meksika, yapon mətbəxləri ilə qidalandığımı görüb təəccüblə dedi: ”İsmayılov, halal olsun sənə. Sürünən, üzən, uçan nə varsa yeyirsən”.
Qatı millətçiliyin əleyhinəyəm. Bununla belə mənsub olduğum millətlə qürur duyuram. Bu münasibətim əsla başqa millətləri aşağılamaq yox, onları da sevməklə baş verir. Bu yerdə Krasnodar şəhərində Kuban Dövlər Universitetində oxuyarkən baş vermiş bir epizodu da bölüşüm. Bir gün Universitetin rektoru akademik A.F.Makovka məni dəvət edib haqqımda millətçi olmağımla bağlı şikayət ərizəsi olduğunu bildirdi. Şikayət edənlər rəhbəri (starosta) olduğum qrupda dərsə gəlməyən azərbaycanlı tələbələrə qayıb yazmamaqda, öz yerlilərimə xüsusi diqqət yetirməkdə, onların bəzi qanunsuzluqlarını ört-basdır etməkdə ittiham etmişdilər. Şikayətdəki bəzi hallar həqiqətən də mövcud idi.
Rektora yerlilərimdən yaşca böyük olduğumdan həqiqətən də onlara xüsusi diqqət yetirdiyimi etiraf etdim və dedim: ”Siz necə hesab edirsiniz, mən öz yerlilərimə hörmət qoymasam başqa millətlərdən olanlara hörmət qoya bilərəmmi?” Rektor sakitcə üzümə baxıb “yox” dedi. Bundan sonra onun mənə daha yaxşı münasibətini hiss etdim. İndi də əminəm ki, öz millətini sevməyən, onun milli, mənəvi dəyərlərinə hörmətlə yanaşmayan heç vaxt başqa millətləri sevə, milli, mənəvi dəyərlərinə hörmət qoya bilməz. Milli, mənəvi dəyərlər “boş, uydurulmuş şeylərdir” deyənlərlə isə uzun-uzadı mübahisə etmək istəmirəm. Birinci, bunu Genetika elmi sübut edib. İkinci, ən böyük sübut isə bu gün qoca Avropanın özündə millətçilərin yenidən önə çıxmasıdır. İnsanın genetik yaddaşını hələ ki, dəyişən olmayıb. İ.V.Stalin akademik Е.В.Lısenko ilə bu niyyətlə “sovet şüurlu insan” yaratmaq istədilər, nəticəsi də hamıya bəllidir. Bu hissəni “tısbağa qınından çıxıb qınını bəyənmir” deyimi ilə bitirirəm.
Sonda qayıdıram əsas məsələyə. Bu qrup insanlar illərdir ki, Azərbaycan xalqının milli mənəvi daşıyıcıları olmuş insanları, xüsusilə dahi Bəxtiyar Vahabzadəni hədəfə alıblar. İstədikləri kimi təhqir edirlər və bunun heç bir məsuliyyətini dərk etmirlər. 1958-ci ildə, azad fikirə, müstəqillik ideyasına görə insanların güllələndiyi SSRİ-də #Gülüstan kimi poemanı yazan Bəxtiyar Vahabzadəni bəyənməmək olar, ancaq onu təhqir etmək artıq tərbiyəsizlikdir. Özü də bu addımı, əsasən 21-ci əsrdə Azərbaycanda sözünü deməkdən qorxub Avropaya, ABŞ-a qaçanlar atır. Çox fikirləşsəm də səbəbini anlaya bilmirəm. Ancaq elə təəssürat yaranır ki, bunlar tandemdə çıxış edirlər. Əgər məqsədləri dahi Bəxtiyara daş atmaqla məşhurlaşmaqdırsa onda əbəs yerə özlərini yorurlar. Vüqar adlı bir dostumun bir vaxtlar yazdığı kimi, #BəxtiyarVahabzadə elə bir yüksəklikdədir ki, ona atılan daşlar heç vaxt ona çatmayacaq, sadəcə sonda dönüb öz başlarına düşəcək. Bu qədər.