Ankara «inkar qanunu»na sərt reaksiya verdi; gündəmdə sanksiyalar var
«Bu ayrı-seçkiliyə qarşı susanlar Avropada faşizmin ayaq səslərini eşitməmək kimi bir günahın altına girirlər»
Fransanın xarici işlər naziri: «Ankaranı soyuqqanlı olmağa dəvət edirəm və türk dostlarıma əl uzadıram»
Fransa Senatında qondarma “erməni soyqırımı”na görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbulu Türkiyə gündəminə bomba kimi düşdü. Məsələyə ilk reaksiya verənlərdən biri ölkənin prezidenti Abdulla Gül oldu.
“Bu, Fransanı cılızlaşdırdı”
A.Gül, Fransa qanun layihəsini qəbul etdiyi andan Türkiyə-Fransa münasibətlərinin fərqli səviyyəyə düşdüyünü bildirdi: “Türkiyə iki ölkənin münasibətlərinə ciddi zərbə vuracaq qanunun qəbul edilməsini qətiyyətlə pisləyir. ÿBu qanunun qəbulu Fransada keçiriləcək seçkiyə hesablanıb və bu, Fransa kimi ölkəni cılızlaşdırdı. Türkiyə Fransaya qarşı sərt tədbirlər görəcək. Bu gündən etibarən Fransa söz azadlığını məhdudlaşdıran ölkələrin siyahısına daxil edildi. Ümid edirəm ki, 60 senator Fransa demokratiyası üzərindəki bu kölgəni qaldırmaq üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək. Əgər qanun Konstitusiya Məhkəməsinə getməzsə, qüvvəyə minərsə, o halda Türkiyə-Fransa münasibətləri tamamilə fərqli səviyyədə olacaq”.
Orta əsr təfəkkürünü xortladan qanun…
“Fransada qəbul olunan qanunun bizim üçün heç bir əhəmiyyəti yoxdur, bizim üçün tamamilə yox qismindədir. Orta əsr təfəkkürünü xortladan bu qanun hər şeydən əvvəl Avropa dəyərlərini ayaqlar altına salır. Bu mövzuda biz söyləyəcəklərimizi söylədik, xəbərdarlıqlarımızı etdik. Qanunun əleyhinə səs vermiş senatorlar Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşır. Bu xətanın düzəldiləcəyinə olan ümidimizi hələ itirməmişik”.
Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Fransa prezidenti Nikola Sarkozinin Türkiyə ilə mübahisələrdən siyasi xal toplamasına əsas yaratmayacaqlarını bildirib: “Bu qanun açıq-aşkar ayrı-seçkilik və irqçilikdir, fikir azadlığını öldürən və Türkiyəyə qarşı düşmənçilik üzərində qurulmuş səstoplama kampaniyasıdır, Fransa və Avropa tarixinə haqsızlıqdır. ”Bu ayrı-seçkiliyə qarşı susanlar, təpkisiz qalanlar Avropada faşizmin ayaq səslərini eşitməmək kimi bir günahın altına girirlər. Fransa parlamentinin rasional düşüncəli üzvlərinə, fransız intellektuallarına, Fransa ictimaiyyətinə səslənirəm: “Bu, Türkiyə-Fransa məsələsi deyil, Fransa-Ermənistan məsələsi deyil. Bu, açıq şəkildə diskriminasiyadır, irqçilikdir”.
Ərdoğan Sarkozinin babasının Osmanlı Imperiyasının tabeliyindəki Saloniki (indiki Yunanıstan) şəhərində doğulub böyüməsi, ulu babasının isə Ispaniyadan qovulan və Osmanlının qucaq açdığı bir yəhudi olması faktının ironik olduğunu söyləyib: “Kökü Osmanlıya qədər gedən bir şəxs nə qədər düşmənçilik edərsə etsin, Osmanlı tolerantlığına kölgə sala bilməz”.
“Türkiyə çığır-bağır salmayacaq”
Baş nazir Türkiyənin çığır-bağır salmayacağını, böyük dövlətə xas şəkildə vüqarlı davranacağını vurğulayıb: “Mərhələ-mərhələ, geri addım atmadan nəzərdə tutduğumuz sanksiyaları tətbiq edəcəyik. Hələ səbr edirik, baş verənləri izləyirik. Lazımi qərarlar qəbul edib, sanksiya planımızı ictimaiyyətə açıqlayacağıq”.
Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu isə qanunun qəbulunu səhv addım kimi dəyərləndirib: “Bu, çox səhv qərardır. Bunun məsuliyyəti bizim üzərimizə düşmür. Biz qanunun qəbul edilməməsi üçün əlimizdən gələni etdik”.
Türkiyə XIN-i məlum addımı Fransa siyasəti üçün son dərəcə uğursuz bir addım kimi qiymətləndirib: “Tarixin və ədalət anlayışının, başqa xalqların keçmişləri üzərindən siyasiləşdirilməsi, ifadə azadlığının bu qədər məsuliyyətsizcəsinə zədələnməsi ilk növbədə Fransa üçün bir itkidir”.
XIN birtərəfli mövqe tutaraq tarixi hadisələri şərh edən, başqa xalqları ittiham edən, beynəlxalq hüququn əsaslarına əhəmiyyət verməyərək soyqırımı kimi ciddi bir cinayət üzrə hökm çıxaran fransız siyasətçilərinin mövqelərinə haqq qazandırmağın mümkün olmadığını bildirib: “Heç bir ölkə parlamentinin nə belə bir haqqı, nə də ixtiyarı var”.
XIN qanunun qüvvəyə minməsi halında əvvəlcədən düşünülmüş tədbirlərin həyata keçiriləcəyini bir daha xatırladıb.
Nazirlik yersiz iddialara qarşı müdafiənin davam etdiriləcəyini də bəyan edib.
“Fransa aynaya baxıb orada qaranlıq sifətini görməlidir”
“Sarkozi soyqırımla əlaqədar dünyada iz qoymaqda qərarlıdırsa, biz ona işə öz qoxumuş tarixlərindən başlamalarını, Afrika və Yaxın Şərqə üz tutmalarını tövsiyə edirik. Fransa rəhbərliyi əvvəl aynaya baxmalı və zalımlıqla keçən qaranlıq sifətini orada görməlidir. Türk millətinin keçmişində soyqırım yoxdur. Utanacağı, sıxılacağı və izah edə bilməyəcəyi vəhşilik mənzərələri də yoxdur”. Bu sözləri MHP sədri Dövlət Bağçalı deyib. O bildirib ki, tarixdə olmayan bu hadisəni türk millətinə qəbul etdirməyə kimsənin gücü çatmayacaq: “Uydurma ”erməni soyqırımı” yalanından fayda gözləyən yazıqlar Dağlıq Qarabağdakı insanlıq cinayətini, Xocalıdakı soyqırımı, vətənimizdə ermənilərin törətdikləri vəhşilikləri heç bir dövrdə dilə gətirməyiblər”.
“Fransa Türkiyəni özünə rəqib görür”
Azərbaycan əsilli millət vəkili Sinan Oğan isə bu qanunun arxasında erməni diasporununÿ durduğunu deyib. Oğan bildirib ki, bu hadisə düzgün təhlil edilməlidir: “Fransanın bu qərarı yalnız Sarkozi və Hollandenin erməni səsləriÿ üçün atdıqları addım deyil. Türkiyənin Avropadan qoparılması da planlanlaşdırılır. Fransa hər fürsətdə Türkiyənin önünü kəsir və AB üzvlüyü yolunda problemlər çıxarır. Sarkozi Fransası həm Orta Şərqdə, həm Aralıq dənizində, həm də xüsusilə də Qafqazda Türkiyəni özünə rəqib görür. Bu bölgələrdə yaşanan hər hadisədə Türkiyənin önünü kəsməyə çalışır”.
Fransalı nazir: “Türk dostlarımızı soyuqqanlı olmağa dəvət edirik”
Fransanın xarici işlər naziri Alen Jüpe Senatın qəbul etdiyi qanunla bağlı Türkiyənin sərt etirazlarına cavab olaraq Ankaranı soyuqqanlı olmağa dəvət edib. Alen Jüpe qanunun qəbuluna müsbət yanaşmadığını dilə gətirib, lakin sonra prezident Sarkozinin israrı ilə susmağa üstünlük verib. “Kanal plus” telekanalının suallarını cavablandıran Jüpe “Türk dostlarımızı soyuqqanlı olmağa dəvət edir və bu böyük ölkəyə, iqtisadi və siyasi baxımdan böyük gücə dost əlimi uzadıram. Türkiyədə çoxlu fransız şirkəti fəaliyyət göstərir. Türkiyə ilə mühüm ticari və iqtisadi əlaqələrimiz var. Bizim Türkiyəyə, Türkiyənin isə bizə ehtiyacı var. Mən reallığın duyğulara üstün gələcəyinə inanıram”.
Xarici işlər naziri kimi bu cür qanunun qəbulunu münasib saymadığını deyən Jüpe bu məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.
Fransa Senatında qəbul olunan qondarma “erməni soyqrımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun müəllifi hakim Xalq Hərəkatı uğrunda Birlik Partiyasının millət vəkili Valeriya Boyer isə bu addımı ilə fəxr etdiyini söyləyib. Səsvermədən sonra sevinc göz yaşlarını saxlaya bilməyən Boyer qanunvericilik təşəbbüsünün müsbət qarşılanmasından məmnun olduğunu deyib.
Fransalı senat: “Ermənilər soyqırımından danışırlar, amma öz arxivlərini gizlədirlər”
Dünən Senatdakı uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirələrində senator Natali Qule də çıxış edib. Xanım Qule Fransada prezident seçkilərinə az bir vaxt qalmış hakim partiyanın Senatdakı üzvlərinin bu qanun layihəsindən özləri üçün mənfəət götürmək istədiklərini bildirib: “Aydındır ki, bu qanunun qəbulu sadəcə bir seçki oyunudur. Nə üçün biz tarixi tarixçilərə buraxmırıq, məgər dünyada iddia olunan bütün soyqırımları tanımağa borcluyuq? Belə getsə başqa xalqlar da bizdən oxşar qanunların qəbul edilməsini tələb edəcəklər. Ermənilər soyqırımından danışırlar, amma bu məsələnin obyektiv araşdırılması üçün öz arxivlərini gizlədirlər və açıqlamaq istəmirlər. Bundan başqa, bu qanun layihəsinin qəbulu Fransa diplomatiyası üçün ağır nəticələr verəcək. Bu gün Ermənistan totalitar, avtoritar Iran və Rusiya rejimləri yanında Avropanın daim sadiq olan müttəfiqi Azərbaycana qarşı ərazi iddiaları edir, bu ölkənin ərazilərini işğal edib və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Xocalı şəhərində yüzlərlə azərbaycanlıları qətlə yetiriblər. Bu yaxınlarda Nikola Sarkozi Cənubi Qafqaz ölkələrində səfərdə olmuşdu. Fransa prezidenti nədənsə bu ölkələrə eyni diqqəti göstərmədi. Ermənistanda bir gün qaldı və ”soyqırımı qurbanları abidəsinə” əklil qoydu, Azərbaycanda isə cəmi bir-iki saat qaldı və Şəhidlər xiyabanına gedib əklil qoymadı. Bu cür münasibət göstərmək Fransa diplomatiyası üçün başucalığı deyil”.
N.Qule onu da bildirib ki, Fransa Senatının bir sıra üzvləri məlum qanunla bağlı Konstitusiya Şurasına müraciət edəcək. Onun sözlərinə görə, hazırda bir qrup senator Konstitusiya Şurasına müraciət etmək üçün imzatoplama kampaniyasına başlayıb: “Bu qanun layihəsinin qəbulu hər şeydən əvvəl Türkiyə və qorxuram ki, həm də Azərbaycanla münasibətlərə ciddi zərbə vuracaq. Bu qanunun qəbulu həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransaya olan etimadı sıfıra endirəcək”(APA).
Avropa Birliyi nə deyir?
Avropa Birliyinin genişlənmə üzrə ali komissarı Stefan Fülenin sözçüsü Peter Stano Fransa Senatında qəbul olunan qanun layihəsinin Türkiyənin bu təşkilata qoşulma prosesiylə əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, “soyqırım”ın tanınması heç bir zaman Türkiyə üçün şərt kimi irəli sürülməyib: “Avropa Birliyinə namizəd bir ölkənin keçmişin səhvləri və günahları üçün üzr istəməsi heç bir zaman zəruri olmayıb”.
Fransa Senatının saxta erməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanunu qəbul etməsinə Türkiyə sanksiyalarla cavab verməyə hazırlaşır. Ankarada Ərdoğanın sədrliyi ilə keçən toplantıya xarici işlər naziri Davudoğlu da qatılıb və son vəziyyətlə bağlı məlumat verilib. Müzakirələrdən sonra Fransaya qarşı tətbiq edilə biləcək sanksiyaların siyahısı açıqlanıb.
Türkiyə hansı sanksiyaları qoyur?
Iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan sanksiyalar bunlardır:
– Inkar qanununa qarşı bütün beynəlxalq hüquqi yollar aranacaq;
– Türkiyənin Fransadakı səfiri uzun müddət üçün geri çağırılacaq;
– Israillə olduğu kimi, diplomatik əlaqələr ən aşağı səviyyəyə endiriləcək;
– Fransa şirkətlərinin Türkiyədəki tenderlərdə iştirakı qadağan ediləcək;
– Türkiyənin Fransadakı hərbi attaşesi geri çağırılacaq və Fransanın Ankaradakı hərbi attaşesinin akreditasiyası ləğv ediləcək;
– Türkiyə hava və dəniz məkanı Fransa hərbi təyyarələri və gəmiləri üçün qapadılacaq.
Gültəkin