SOCAR-ın yanacaqdoldurma məntəqələrində «AI 98 müəmması»
Hökumət benzinin qiymətini artırmağa hazırlaşır. Bu barədə məlumatı “Azadlıq”a yanacaqoldurma məntəqələrindən birinin sahibi verib. Adının çəkilməsini istəməyən həmin sahibkarın sözlərinə görə, bir müddətdir ki, SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri AI-98 markalı benzin satmağa başlayıb.
Həmin benzinin 1 litri 1 manat 50 qəpikdir. Sahibkar bildirir ki, bu benzinin Avropa standartlarına uyğun olduğu iddia edilsə də, əslində digər markalardan cüzi fərqlənir: “Hazırda yanacaqdoldurma məntəqələrində əsasən iki markalı benzin satılır: AI-93 və AI-95. AI-93-ün 1 litri 55 qəpik, AI-95-in 1 litri isə 60 qəpikdir. Tarif Şurasının müəyyən etdiyi qiymətlərə görə ən bahalı benzin AI-95 olmalıdır. Lakin gördüyünüz kimi AI-98 bahadır və onun qiyməti ilə digər markaların qiyməti arasında xeyli fərq var. Bu da səbəbsiz deyil”.
Sahibkarın iddiasına görə, səbəb benzinin qiymətini artırmağa hazırlıq görülməsidir: “Mən araşdırma aparmışam bəlli olub ki, bu qiymət alıcıların gözünün öyrəşməsi üçündür. Bir müddət keçəndən sonra, böyük ehtimalla fevralın 1-dən digər markalı benzilərin 1 litri 1 manat olacaq. Bu halda AI 98-lə qiymət fərqi azalacaq”.
Bu məlumatla bağlı ARDNŞ-lə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, ARDNŞ benzinin qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib. “Metropolitenin rəisi Tağı Əhmədov da deyirdi ki, gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib, amma qiymətlər artırıldı. Eyni hal təkrar oluna bilərmi?” sualına Nizaməddin Quliyev belə deyib: “Bu, Tarif Şurasının öz işidir. Biz bu barədə heç nə deyə bilmərik”.
AI-98 markalı benzinin qiymətlərinə gəlincə, ARDNŞ rəsmisi deyib: “Həmin yanacaqdoldurma məntəqələri sadəcə SOCAR brendi altında fəaliyyət göstərir. Yəni, onların neft şirkətinə aidiyyəti yoxdur. Ona görə də bu barədə heç nə deyə bilmərik”.
Informasiya şöbəsi