İcra başçısının kabineti yandı

Göyçayın icra başçısı Mənsur Məmmədov bu ərəfədə məzuniyyətdədir

Göyçay Rayon Icra Hakimiyyətinin binası yanıb. Bu barədə “Azadlıq”a məlumat verən rayon sakinləri deyirlər ki, yanğından əsasən icra başçısı Mənsur Məmmədovun kabineti ziyan çəkib. Onların sözlərinə görə, axşam saatlarında başlayan yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.
“Yanğının nədən baş verdiyi barədə dəqiq bilgi yoxdur. Deyirlər ki, icra hakimiyyətinin binasında yanğın başçının otağında olub. Mənsur Məmmədov məzuniyyətdə idi. Məzuniyyətə gedərkən otağını təmir etdirməyi tapşırıb. Təmirdən yenicə çıxmış kabinetsə başçıya qismət olmadı. O, yanvarın sonlarında işə qayıtmalıydı” – deyə, hadisənin şahidləri bildirir.
Qeyd edək ki, Mənsur Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun xalası oğludur. 2007-ci il dekabrın 14-də Zərdab Rayonu Icra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçaya təyinat alıb.

Ramin DEKO