İctimai Palata Senatın qərarı ilə bağlı təcili toplantı keçirdi
Ictimai Palatanın Koordinasiya Şurası bu gün Fransanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə Şuranın dünən keçirilən fövqəladə iclasında qərar verilib. 25 yanvar saat 13:00-a təyin edilən aksiya Fransa Senatının qəbul etdiyi ermənipərəst qanuna etiraz xarakteri daşıyacaq. Bundan başqa, Ictimai Palata yanvarın 26-da və 30-da saat 15.00-dan 17.00-dək Türkiyə səfirliyinin yerləşdiyi küçədən Fransa səfirliyinin binasının qarşısına qədər dinc yürüş keçirməyə də qərar verib.
“Koordinasiya Şurası yanvarın 25-də bununla bağlı Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edəcək. Yürüşün məqsədi Fransa Senatının qərarına etiraz etmək, Türkiyəyə dəstək verib, həmrəylik nümayiş etdirməkdir”, – deyə Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Isa Qəmbər “mediaforum”a açıqlamasında bildirib.
Isa Qəmbərin sözlərinə görə, Ictimai Palata dünyada yaşayan bütün azərbaycanlılara müraciət edərək, Palatanın Avropadakı bölmələrini həm ayrı-ayrılıqda aksiyalar keçirməyə, həm də Türk diaspor təşkilatları ilə birgə fəaliyyət göstərməyə, onların mitinqlərinə qatılmağa çağırıb: “Koordinasiya Şurasının qərarına əsasən, Ictimai Palata yaxın günlərdə azad dünyaya, Avropa ölkələrinə, beynəlxalq təşkilatlara müraciətlər göndərəcək. Həmin müraciətdə qeyd olunacaq ki, Fransanın qəbul etdiyi qanun demokratiyaya, insan hüquqlarına, beynəlxalq hüquqa, xalqlararası münasibətlərə ziddir və qəbuledilməzdir. Biz beynəlxalq təşkilatlardan bu zərərli tendensiyanın qarşısını almaq üçün mövqe nümayiş etdirməsini istəyəcəyik. Bu məsələdə haqq-ədalət, beynəlxalq hüquq Türkiyə və Azərbaycanın tərəfindədir”.
Ictimai Palata tələb edir
Ictimai Palata Fransa Senatında qondarma erməni soyqırımının inkarına görə bir il həbs və 45 min avro cərimə cəzası nəzərdə tutan qanunun qəbuluyla bağlı bəyanat da yayıb. Bəyanatda vurğulanır ki, Türkiyə-Ermənistan münasibətləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün səylər göstərildiyi, kompromislər, həll yolları arandığı bir zamanda sözügedən qanunun qəbulu münaqişələrin uzanmasına, körüklənmənsinə, təcavüzkarın şirnikləndirilməsinə xidmət edir və müharibə təhlükəsini artırır: “Azərbaycan xalqı həmişə olduğu kimi, bu gün və bu məsələdə də qardaş Türkiyənin yanındadır və yanında olacaqdır. Eyni zamanda, Ictimai Palata bəyan edir ki, bu üzdəniraq qanunu yalnız Türkiyəyə qarşı yox, həm də Azərbaycanın əleyhinə yönəlmiş düşmənçilik aktı kimi qəbul edir”.
Bəyanatda dövlət başçısı Ilham Əliyevin ünvanına səslənən bir sıra tələblər də öz əksini tapıb. Ictimai Palata aşağıdakı tələbləri irəli sürüb:
– Türkiyəyə birmənalı və hərtərəfli, şərtsiz dəstək nümayiş etdirilməsini;
– Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın vasitəçiliyindən imtina olunmasını, vasitəçilər sırasına Avropa Birliyi və Türkiyənin daxil edilməsi təklifinin irəli sürülməsini;
– Fransa ilə iqtisadi və ticarət, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın davamı və inkişafının mümkün olmayacağının bəyan edilməsini və bununla bağlı müvafiq qərarlar verilməsini;
– Milli Məclisdə Fransa parlamenti ilə dostluq qrupunun buraxılmasını, Azərbaycan vətəndaşlarının fransız mükafatları və imtiyazlarından imtinası məsələlərinin nəzərdən keçirilməsini.
“Azərbaycan hökuməti bu addımları atmayacağı təqdirdə, Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının yüksək səviyyədə toplanmasına təşəbbüsün Türkiyə hökuməti tərəfindən göstərilməsi məqsədəuyğun sayılsın. Erməni lobbisinin bütün dünya boyu apardığı anti-Türk, anti-Azərbaycan kampaniyasını genişləndirdiyini nəzərə alaraq, problemlə bağlı 2015-ci ilə qədər Azərbaycan-Türkiyə Birgə Tədbirlər Proqramı hazırlansın və həyata keçirilsin”, – deyə bəyanatda qeyd olunub.
S.Novruz