Dəyişməz Azərbaycan gərəyi

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Kimlər üçün? Bu ölkənin aşağıdan yuxarıya, yuxarıdan aşağıya yeyib-dağıdanlar üçün!

Onlar – sümürgəçi-yırtıcılar, soyğunçu-yağmaçılar, rüşvətxor-korrupsioner elementlər, sözün gerçək anlamında, ANTIMILLI ÜNSÜRLƏR – Azərbaycanın dəyişməsini, Azərbaycanda geniş sosial-ekonomik dirçəliş, irəliləyiş, yüksəliş yaradacaq dəyişiklik olmasını istəmirlər, bütün varlıqları, eləcə də bütün varları ilə belə bir dəyişikliyə qarşıdırlar. Onlar son çağlar ölkədə nələr olduğunu, indiki düşkün sosial-ekonomik durumun ölkəni qaçılmaz olaraq böyük, köklü dəyişikliyə apardığını bizdən qat-qat gözəl bilirlər. Biz bunu ancaq ağrıyan canımızla biliriksə, onlar bunu daha çox oğurluq yollarla əldə etdikləri var-dövləti itirmək qorxusundan bilirlər. Bu qorxu onlara dinclik vermir, onları qabaqlama çıxışlarına çəkir.

Indi hər yerdə “bu hakimiyət getsə (Ilham Əliyev getsə), necə olacaq?” qorxusu yaymağa çalışılır. Hər yerdə. Iki sarsıdıcı devalvasiyadan sonra belə, ölkəni 23 illik rejim boyunca batırdıqları bataqlıqdan çıxarmağa çalışmaq yerinə, administrativ metodları daha da aktuallaşdırmağa, agenturanı daha da genişləndirməklə, repressiyalara güc verməklə rejimi qoruyub saxlanmağa çalışırlar.

Sahibkarlığa arxa durmaq” adı altında MTN darmadağın ediləndən, prezident adlanan adam sahibkarlığa atalıq qayğısını boynuna götürəndən sonra belə, ölkədə sahibkarlar böyük soyğunçuluqla üzləşirlərsə, bir daha bilməyimiz gərəkir: suç hər hansı nazirlikdə, nazirdə deyil, rejimin xarakterində, başqa cür desək, siyasi sistemdədir! Bütünlüklə korrupsiyaya uğramış nazirliklərə alternativ olaraq yaradılmış “Asan xidmət”in özü də indi rüşvətlə asanlaşırsa, bunu anormal görsəniş kimi dəyərləndirmək olmaz. Yox, xanımlar, bəylər, bu, rejimin, başqa tür desək, siyasi sistemin doğurduğu doğal görsənişdir. Gec-tez belə olmalı, dövlət qurumlarının bütünlüklə korrupsiyaya büründüyü ölkədə rüşvətsiz “Asan xidmət”lə bağlı öyünmələr QANUNAUYĞUN olaraq, çox keçmədən boşa çıxmalıydı…

Rejimin ünlü qadın deputatlatından biri deyir: “Səddam Hüseyn devriləndə elə bilirdilər hər şey daha yaxşı olacaq”. Rejimin “estetik” dayaqları funksiyasını daşıyanlardan olan bu deputat az öncə “Ermənistan” hakimiyətini “oğru-cinayətkar” adlandırmışdı. Illərdir ona dünya turnesinə çıxıb Xocalı soyqırımını “tanıtma” rolu ayrılıb. “Tanıda-tanıda” gedir, ancaq qardaş Türkiyə başda olmaqla onun çox getdiyi, “tanıtdığı” ölkələrdən biri Xocalı soyqırımını tanımır!

əllimin 300 manat, həkimin 200 manat, Elmlər Akademiyasında işləyən elmlər doktorunun 300 manat aylıq aldığı ölkədə başqa deputat yoldaşları kimi bu qadın da 2000 (iki min!) manatdan artıq aylıq alır. Başqa deputatlar kimi ona da qanunsuz olaraq geniş biznes olanağı yaradılıb: Bakıdan Tovuza, Tovuzdan Səlyanadək (Ortada konkret faktlar var). O da, onun kimilər də sözdə dedikləri sayaq, dövləti qorumaq üçün deyil, korrupsioner dövlət ortamında əldə etdiklərini qorumaq üçün xalqı Səddam Hüseyndən sonra Iraqda, Qəzzafidən sonra Liviyada baş verənlərlə qorxutmağa çalışırlar. Doğrudur, çevrilişdən sonra hər iki ölkədə böyük dağıntılar baş verib, baş verməkdədir. Ancaq bunlar demokratiya dağıntıları deyil, çoxillik diktatura dağıntılardır. Bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq, diktatura darlığında-repressiya ortamında can verən Azərbaycan da gec-tez o yolu keçməli olacaq!

Baxın: dünyanın ABŞ, Ingiltərə, Fransa, Almaniya kimi aparıcı demokratiya dövlətlərində Ana Yasaya uyğun olaraq 5 ildən bir 1 partiya, 1 lider gedir, yerinə başqası gəlir, ölkədə azacıq da dağıntı olmur. Dövlət qanunlarının illərlə tapdanması üzündən yalnız diktatura rejimlərinin gedişi ölkədə dağıntı törədir. Bu isə, bir daha vurğulamaq gərəkir: gec-tez baş verəsi qaçılmazlıqdır. Tez olursa, ölkə-xalq daha çox qazanır…