“Ayı işi” 8 minlik cəriməylə başa çatdı

Qərardan narazı qalan qəzetlər apelyasiya şikayəti verəcək

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı iddiası üzrə məhkəmə çəkişməsi nəhayət ki, başa çatdı. Dünən Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə keçən prosesdə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin hər birinə 4 min manat məbləğində cərimə kəsildi. Həmçinin hər iki qəzetin üzərinə təkzib və üzr tələbi qoyuldu. Xatırladaq ki, məhkəmə predmetinə “Yeni Müsavat” qəzetində dərc edilən 5, “Azadlıq” qəzetində dərc edilən 1 məqalə səbəb olmuşdu. A.Məmmədov qəzetləri onun restoranda ayı kəsdirdiyini və Dubaydan qovulduğunu iddia edən yazılara görə məhkəməyə vermiş, hər iki qəzetdən təkzib, üzr və üst-üstə 500 min manat təzminat tələb etmişdi.
Qərarın qanunsuz olduğunu deyən vəkil Elçin Sadıqov hesab edir ki, hakimin qətnamə qəbul etmək səlahiyyəti yox idi: “Hakim qərar qəbul etməzdən əvvəl bizim zəruri vəsatətlərimizə münasibət bildirməli idi. Bir günə tələsik qərar vermələri sifarişin göstəricisidir. Hakim qərarını əsaslandırmayıb da. Qərarın surətini əldə edən kimi apelyasiya şikayəti verəcəyik. Qəzetlərin vəziyyəti hamıya məlumdur. Belə bir vəziyyətdə 4 min cərimə kəsmək onların fəaliyyətini dayandırmağa yönəlib”.

“Üzr istəməkdən söhbət gedə bilməz”

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verəcəklərini deyir: “Ilk gündən demişdik ki, məhkəməyə verən tərəf arzu edərsə, onların mövqeyini dərc etməyə hazırıq. Hələ o vaxt məqalə çap olunanda da biz onların mövqeyini dərc etməyə cəhd göstərmişdik. Sadəcə olaraq, Anar Məmmədov bəzi nazirlər qədər əlçatmaz olduğuna görə, mövqeyini öyrənə bilmədik. Bu mənada onun mövqeyini ifadə edən hər hansı yazı olarsa çap etməyə hazırıq. Amma üzr istəməkdən söhbət gedə bilməz. Cərimə məbləğinə gəlincə, bu da bizi qane etmir. 4 min manat Anar Məmmədov üçün simvolik məbləğ ola bilər. Bu, iddia tələbindən də görünür. Amma ”Azadlıq” qəzeti üçün bu, əhəmiyyətli bir məbləğdir”.

“Bu, nonsensdir, absurddur”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu qərarı məhkəmənin öz səlahiyyətini aşması kimi qiymətləndirib: “Bu bir nazirin məhkəmə üzərində nəzarətinin və ona göstəriş verib yönləndirməsinin göstəricisidir. Ilyarımdır ki, proses gedirdi və iddia tərəfi olaraq ortaya heç bir dəlil və bizi haqsız çıxaracaq heç bir fakt qoy bilməmişdilər. Bu səbəbdən də hakim qərar verməyə çətinlik çəkirdi. Zəruri vəsatətlərimizin olmasına baxmayaraq dərhal qərar verilməsi və qəzetlərə cərimə kəsilməsi nonsensdir, absurddur. Azərbaycanda məhkəmələrin işləmədiyini, yaxud da qəzetlərə qarşı cəza maşını kimi işlədiyini göstərən bir faktdır. Bu qərarı pisləyirik, işi Avropa Məhkəməsinə qədər aparmağı düşünürük. Müqavimət göstərəcəyik, məhkəmə qərarının ədalətli olmayacağını bütün dünyaya sübut edəcəyik. Qərarda yer alan tələblərin heç biri ilə razı deyilik. Biz təklif etmişdik ki, onların mövqeyi əks olunan mətni qəzetimizdə dərc edə bilərik. Bu mətn tərəflər arasında razılaşdırılmışdı. Lakin üzrxahlıq məsələsində razılıq əldə olunmadı. Əslində Mətbuat Şurasının rəyinə və qanunun birbaşa göstərişinə görə də qəzet üzr istəməməlidi”.

Gültəkin