1959-cu ilin may ayının ortalarında İvan Şikin başda olmaqla Azərbaycana göndərilən yoxlama komissiyası Sovet Kommunist Partiyasının 26 nəfər məsul işçisindən ibarət idi. Onlar respublikanın təsərrüfat həyatından tutmuş ideoloji işə qədər hər şeyi, hətta müxtəlif məsələlərlə bağlı keçirilmiş iclas və toplantıların protokollarıni belə araşdırmaya cəlb etmişdilər. Yoxlamanın əhatə dairəsi geniş olduğundan Sov-İKP MK-nın komissiyası Azərbaycanda uzun müddət iş aparmalı oldu. Xüsusilə, 1956-cı ilin avqustunda qəbul edilmiş dövlət dili haqqında qanun və onun tətbiqi ilə bağlı məsələlər, Azərbaycan Kommunist Partiyası tarixinin yazılmasında baş vermiş “əyintilər”, respublikada millətçiliyin güclənməsi ilə bağlı qeyri-azərbaycanlıların Moskvaya göndərdiyi müraciətlər, 1959-cu ildə rus məktəblərində Azərbaycan dilinin icbari tədrisi haqqında Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun İvan Şikin komissiyası tərəfindən diqqətlə araşdırılırdı. Komissiya demək olar ki, bütün məsələləri Azərbaycan rəhbərliyindən gizli saxlayırdı, heç bir məsələni onlarla müzakirə etmirdi. 1959-cu ilin iyun ayının sonunda komissiyanın hesabatı ilə bağlı Moskvada müzakirələr başlanana qədər respublika rəhbərlərindən heç kim bilmirdi ki, söhbət nədən gedəcək, hansı məsələlərə toxunulacaq. Lakin bir şey aydın idi ki, vəziyyət elə də yaxşı olmayacaq. Yoxlama nəticəsində Komissiyanın hazırladığı gizli arayış 19 səhifədən ibarət idi. Onun birinci 9 səhifəsi əsasən respublikanın kənd təsərrüfatı, sənaye, xüsusilə neft istehsalı, nəqliyyat və digər sahələrdəki vəziyyətin qiymətləndirilməsindən ibarət idi. Bu hissədə yerli ehtiyacları ödəmək “bəhanəsi” ilə Ermənistan və Gürcüstana Azərbaycan qazının verilməməsi, ölkənin digər iqtisadi rayonlarına neft məhsullarının göndərilməsi ilə bağlı partiya və dövlət rəhbərliyinin göstərişlərinin yerinə yetrilməməsi respublika rəhbərliyinin yerliçiliyi və dövlət intizamının pozulması kimi qiymətləndirilirdi. Komissiya belə hallara siyasi rəng verib onu yerliçiliyin və millətçiliyin təzahürü kimi təqdim edirdi. Lakin arayışın əsas tənqidi məqamları ideoloji sahədə qeydə alınmış millətçilik təzahürləri ilə bağlı idi. İlk növbədə 1956-cı ilin avqust ayında qəbul edilmiş dövlət dili ilə bağlı məsələ komissiya tərəfindən zəhmətkeşlərin beynəlmiləl tərbiyəsinə, xalqlar arasında dostluğun möhkəmləndirilməsinə ağır zərbə kimi qiymətləndirilirdi. Arayışda yazılırdı: “Dövlət dili haqqında qanunun qəbul edilməsinə praktiki baxımdan heç bir ehtiyac yox idi. Bir sıra dövlət müəssisələrində Azərbaycan dilinin tətbiqində yol verilmiş əyintiləri digər yollarla aradan qaldırmaq olardı, lakin bütün bunlar edilməyib. Şübhəsiz ki, Azərbaycan KP MK rəhbərliyi dövlət dili haqqında qərarın qəbul edilməsində siyasi yetkinlik nümayiş etdirməyib.” Komissiya yalnız dövlət dili haqqında qanunun qəbul edilməsini deyil, onun tətbiqini də ciddi şəkildə tənqid edirdi. Onlar yazırdılar ki, qanunun tətbiqi müxtəlif demaqoq və millətçi elementlərin əlində, xüsusilə ziyalılar və tələbələr arasında millətçilik hisslərinin yayılması və qızışdırılması üçün bir vasitə kimi istifadə olunmuşdur. Onlar idarə və müəssisələrdə apardığı yoxlamalar nəticəsində bir sıra rəhbər işçilərin Azərbaycan dilini bilmədiklərinə görə vəzifələrindən azad olunmasını respublika rəhbərliyinin, ilk növbədə Ali Sovetin Rəyasət Heyətinin keçmiş sədri Mirzə İbrahimovun millətçi fəaliyyəti ilə izah edirdilər. Komissiya İbrahimovun 1956-cı ilin dekabr ayının 29-da Ali Sovetdəki iclasda etdiyi çıxışın bəzi məqamlarına arayışa daxil etmişdi. Məsələn, Mirzə İbrahimov həmin iclsda demişdi: “Nazirləri və müəssisə rəhbərlərini dəvət edib onlara göstəriş vermək lazımdır ki, qeyir-azərbaycanlı işçilərə dərhal toxunmaq lazım deyil, onlara 6 ay vaxt vermək lazımdır ki, Azərbaycan dilini öyrənsinlər. Lakin yeni adamları işə qəbul ediləndə Azərbaycan dilini bilməyənlər qəbul edilməməlidirlər… İndi 20-ci illər deyil, indi bütün qeyri-azərbaycanlıları əvəz etmək üçün bizim kadrlarımız var.” Arayışda qeyd edilirdi ki, bütün bunlar əhalisinin 62 faizi qeyri-azərbaycanlılardan ibarət olan Bakı şəhəri sakinləri arasında həyəcanlı vəziyyət yaratmışdı. Sonra komissiya 1959-cu ilin mart ayında qəbul edilmiş rus məktəblərində icbari Azərbaycan dili dərslərinin keçirilməsi haqqına maddənin də məhz dövlət dili haqqında qanundan irəli gəldiyini bildirirdi. Arayışda respublikanın partiya tarixi və ümumiyyətlə tarix elmi sahəsində ciddi əyintilərə, millətçilik cəhdlərinə yol verildiyi göstərilirdi. Onlar yazırdılar ki, “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabında “Nəriman Nərimanovun rolu şişirdilər. O, heç bir tərəddüdü, səhvi, nöqsanları olmayan xadim kimi təsvir edilir. Partiya tarixi üzrə kitablarda, təbliğatı məqalələrdə yeri gəldi gəlmədi Nərimanovun adı yüz dəfələrlə çəkilir və əslində o, Leninlə bir səviyyəyə qoyulur.” Komissiya belə hesab edirdi ki, dil və tarix sahəsində yol verilmiş səhvlər ideoloji işin digər sahələrinə də təsir göstərmiş, mətbuat, radio, televiziya, kino və digər yaradıcılıq birliklərində milli məhdudluq və özünəvurğunluq meylləri baş qaldırmışdır. Bütün bunların, xüsusilə milli və ideoloji sahədə yol verilmiş səhvlərin Azərbaycan KP MK bürosu tərəfindən ətraflı şəkildə müzakirə edilməməsi, milllətçilik hallarına qiymət verilməməsi arayışda respublika rəhbərliyinin vəziyyəti ciddi şəkildə qiymətləndirməməsi kimi təqdim edilirdi. Kadr məsələsinə toxunularaq komissiya qeyd edirdi ki, rəhbər əzifələrdə hazırda azərbaycanlılardan başqa heç kim yoxdur, Mərkəzi Komitənin bürosunda yalnız bir qeyri-azərbaycanlı var (Paşa Aruşanov), Xalq təsərrüfatı şurasının 11 üzvündən yalnız biri qeyri-azərbaycanlıdır, 10 idarə rəisindən bir nəfər də olsun ayrı millətlərin nümayəndəsi yoxdur, neft sənayesinin 42 rəhbər işçisi arasında yalnız 4 nəfər qeyri-azərbaycanlı qalıb. Nümunə kimi komissiya göstərirdi ki, Bakının Dzerjinski rayonunda əhalinin 80 faizi ermənilərdən və ruslardan ibarətdir, amma rəhbər vəzifələrin hamısına azərbaycanlılar irəli çəkilib. Bütün bu nöqsanlar sadalandıqdan sonra komissiya üzvləri İvan Şikin, Nikolay Snastin, Y.Polenov, A.Pavlyukov, N. Kuzin, A.Sennikov, P.Kuznetsov, A.Yudenkov, V.Semyonov, P.Lebedov və İ.Kriçenko təklif edirdilər ki, işlərin normal məcraya qayıtması, respublikada sağlam mühitin bərqərar edilməsi üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsini möhkəmləndirmək, yoldaş Mustafayevi isə digər işdə istifadə etmək zəruridir. Arayış 1959-cu ilin ilin iyun ayının 24-ə qədər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə təqdim edilmişdi. İyun ayının 24-də Sov.İKP MK-nın plenumu işə başlayanda Nikita Xruşşov artıq arayışla tanış idi.


Yazı Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb





