“Ərəb Baharı” daha bir diktatorun hakimiyyətdən getməsiylə nəticələndi
On aydan artıqdır istefası tələb olunan Yəmən rəhbəri Əli Abdulla Saleh ölkəsindən ayrılaraq müalicə üçün ABŞ-a yollanıb. Onun təyyarəsi srağagün gecə saatlarında Səna hava limanından qalxaraq Omana yola düşüb. “Əl-Cəzirə” kanalının verdiyi məlumata görə, Saleh ABŞ-a səfər etməzdən əvvəl bir neçə gün Omanda qalacaq. Salehin ailəsi, o cümlədən Respublika Qvardiyasının rəhbəri olan oğlu Əhməd, prezidentin səfərindən bir neçə saat əvvəl Omana çatıb.
Yola düşməzdən önncə xalqa müraciət edən Salehb müalicə üçün ABŞ-a yollandığını təsdiqləyib və tezliklə ölkəyə prezident kimi deyil, Xalq Konqresi partiyasının başçısı kimi qayıtmağa söz verib. Saleh səfəri ərəfəsində xalqdan üzr istəməyi də unutmayıb:“Cəsur Yəmən xalqını salamlayıram və hakimiyyətdə olduğum 33 il ərzində yol verdiyim nöqsanlara görə xalqımdan üzr istəyirəm”.
On minlərlə insan Yəmən prezidentinin məsuliyyətə cəlb olunması tələbi ilə paytaxt Sənada kütləvi etiraz aksiyası keçirib. Etirazçılar parlamentin 3 gün əvvəl Əli Abdulla Salehə verdiyi siyasi toxunulmazlığı pisləyərək, prezidentin kütləvi etirazlar zamanı törədilmiş qətllərə görə məsuliyyətə cəlb olunmasını tələb edib. Etirazçılar “Qəssabı edam etmək bizim işimizdir” şüarı səsləndirərək parlamentin qərarına qarşı çıxıb. Aksiya iştirakçıları ABŞ səfirliyi qarşısına dinc yürüş həyata keçirmək istəsələr də hökumət qüvvələri etirazçıların hərəkətinə mane olub.
Xatırladaq ki, ötən il terror aktı nəticəsində ciddi yaralanaraq, Səudiyyə Ərəbistanında uzun müddət müalicə kursu keçən Salehə siyasi toxunulmazlığın verilməsi BMT-nin ölkədəki diplomatik nümayəndəsinin də narazılığına səbəb olub. Cama Benomar tam toxunulmazlığın verilməsinin “qurbanların” hüquqlarının pozulması demək olduğunu bildirib.
İnformasiya şöbəsi


