“Azərbaycan” İranı əxlaqsızlıqda suçladı

“Bu fakt yazıçı-publisist Rafiq Tağının qətlinin İrandan sifariş edilməsi ilə bağlı ehtimalları artırır”

“Heç kim İrana beynəlxalq dini arbitr rolunu oynamaq səlahiyyəti verməyib”

Milli Məclisin orqanı olan «Azərbaycan» qəzeti 22 yanvar tarixli sayında İranın kəskin tənqid olunduğu iri məqalə dərc edib. «Ortaq mənəvi dəyərlər və islam həmrəyliyi ilə bir araya sığmayan addımlar» sərlövhəli yazıda İranın Azərbaycanda dini vəziyyəti daim gərginləşdirməyə çalışdığı və yazıçı Rafiq Tağının qətlinə bu ölkənin əlinin olduğu ehtimalına üstünlük verir.

Məqalədən bəzi hissələri təqdim edirik:

Azərbaycan yaxın qonşusu olmasına, mənəvi bağlılıqlara baxmayaraq, heç vaxt İranın daxili işlərinə qarışmamış, bu ölkədə əmin-amanlığın olmasını arzulamışdır. Lakin təəssüflə qeyd etməliyik ki, İran Azərbaycan dövlətinə qarşı münasibətdə heç də səmimi olmadığını zaman-zaman ən müxtəlif səviyyələrdə büruzə vermişdir! Daim müsəlman birliyindən və həmrəyliyindən danışan bu ölkə öz addımları ilə ortaq mənəvi dəyərlərə, qonşuluq və dostluq meyarlarına sadiq olmadığını nümayiş etdirmişdir. İran mətbuatında türk xalqları daim təhqir edilir, televiziya kanallarında gecə-gündüz müstəqil, dünyəvi və demokratik Azərbaycan dövlətçiliyinə qarşı “mübarizə aparılır”. İran rəsmiləri bunu ölkə mətbuatının guya müstəqil olması ilə əlaqələndirsələr də, əslində, dünyada əsl azad sözün ünvanları hər kəsə bəllidir.

KİV vasitəsilə müstəqil Azərbaycan dövlətinə qarşı “ideoloji mübarizəsi” bir fayda verməyən İran tərəfi son illərdə davamlı şəkildə Azərbaycan dövlətinin daxili işlərinə qarışmaqda, ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərməkdədir. Azərbaycanda guya dini azadlıqların və islam dəyərlərinin boğulduğunu iddia edən İranın müxtəlif dairələri “din pərdəsi” adı altında respublikamızın ərazisində antikonstitusion və dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə rəvac verirlər. Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunan və İran tərəfindən dəstəklənən cinayət əməlləri buna misaldır. Ümumiyyətlə, Azərbaycanda indiyədək ifşa olunmuş əksər dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilmişdir.

Əvvəla, heç kim İrana beynəlxalq dini arbitr rolunu oynamaq səlahiyyəti verməyib. İslam dövləti Azərbaycanın daxili işlərinə yersiz şəkildə müdaxilə etməkdənsə, öz daxilindəki siyasi intriqaları çözməklə, nüvə proqramı ətrafında yaratdığı beynəlxalq problemlərini yoluna qoymaqla məşğul olsa, daha yaxşı olar. İkincisi, Azərbaycan xalqı islama daxilən bağlıdır. Hətta sovet imperiyası islamı bizdən ayıra bilmədi. Ona görə qadınlara zorla hicab geydirməklə zahiri müsəlman görüntüsü yaratmaq bizim çağdaş dünyagörüşümüzlə uzlaşa bilməz. Biz islamı hicabla deyil, onun ülvi dəyərlərini mənəvi dünyamızın tərkib hissəsi kimi qəbul etməklə sevirik.

Azərbaycan Respublikasına, onun dövlətçiliyinə və müstəqilliyinə mənfi münasibət ifadə edən fikirlər vaxtaşırı İran KİV-ləri ilə yanaşı, həm də onun ayrı-ayrı siyasətçilərinin, generallarının və ayətullahlarının çıxışlarında da yer alır. Bu çıxışlarda Azərbaycan xalqı və dövləti haqqında hədələyici ruhlu açıqlamaların verilməsi siyasi etik normaların ən kobud şəkildə pozulmasıdır. Son dövrlərdə bu ayətullahların, siyasətçilərin və ictimai təşkilatların dəstəyi və təşkilatçılığı ilə İranın ayrı-ayrı şəhərlərində məqsədli şəkildə Azərbaycan Respublikası ilə bağlı müzakirələrin keçirilməsi adi hal alıb. Sanki bu ölkənin yeganə problemi beynəlxalq miqyasda təklənməsi, iqtisadi sanksiyalarla üzləşməsi, neftinə qoyulan embarqo yox, İran əleyhinə təşəbbüslərə qoşulmayan Azərbaycan dövlətinin varlığıdır. Həmin müzakirələrdə, ayrı-ayrı çıxışlarda Azərbaycanın Prezidenti ilə bağlı yer alan sərsəmləmələr isə siyasi əxlaqsızlıqdan başqa bir şey deyil! Əxlaqsızlıq isə islam dəyərləri ilə bir araya heç sığmır!

İslam dəyərləri ilə uzlaşmayan başqa bir fakt İranın Ermənistana qucaq açmasıdır. Daim islam birliyini önə çəkən İranın Azərbaycan torpaqlarını işğal etmiş bu ölkə ilə sıx münasibətlər qurması islam prinsipləri ilə qətiyyən uzlaşmır! Əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən işğal edilib. Ermənistanda bir nəfər də olsun müsəlman qalmayıb! Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda bütün məscidlər yerlə yeksan edilib! Amma Cənub qonşumuz olan islam respublikası müsəlman qatili Ermənistanla əməlli-başlı qardaşlaşıb, isti münasibətlər qurub, bu ölkəni təbii qazla təmin edir və sairə. Budurmu islam həmrəyliyi?

İran tərəfinin öz məqsədləri üçün Azərbaycanda həyata keçirməyə çalışdığı istənilən dini və etnik təxribat planı, ayətullahların istənilən sərsəm açıqlaması iflasa məhkumdur. Necə ki, bir neçə gün öncə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalandı. İstintaqla müəyyən edildi ki, həmin şəxslər öz cinayət əməllərini məhz İran xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşovdan aldıqları sifariş əsasında həyata keçirməyi nəzərdə tuturmuşlar.

İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ərazisində bu cür təxribat və terror törədilməsinə cəhd göstərilməsi Azərbaycana qarşı hörmətsizliyin növbəti epizodlarından biridir. Eyni zamanda, bu fakt yazıçı-publisist Rafiq Tağının qətlinin İrandan sifariş edilməsi ilə bağlı ehtimalları artırır.

Hazırda İran Qərbin iqtisadi və siyasi sanksiyaları məngənəsində sıxılıb qalıb. İranın ənənəvi müttəfiqləri və ticarət tərəfdaşları tədricən bu sanksiyalara etiraz etmirlər. Destruktivliyi ucbatından əksər müsəlman dövlətləri tərəfindən də dəstəklənməyən İran bütün bunların, ətrafında baş verənlərin fonunda reallığı düzgün qiymətləndirməli, Azərbaycan Respublikası ilə münasibətlərinin normal məcrada davam etdirilməsinə çalışmalı, ölkəmizdə təxribat və terror əməlləri törətməkdən çəkinməlidir. Çünki bu, indiki vəziyyətdə heç İranın da xeyrinə işləmir”.