Saxta erməni soyqırımını inkara görə cəza qanunu 127 səslə qəbul olundu
Fransa parlamentinin aşağı palatasında ötən ay sadəcə, 50 deputatın səsilə qəbul edilən “erməni soyqırımı”nı inkar qanunu ötən gün Senatda müzakirəyə çıxarıldı. Layihənin müzakirəsi zamanı Senatın 348 üzvündən cəmi 60-a yaxını iştirak edib. Müzakirələrdən fərqli olaraq, səsvermədə iştirak edən senatorların sayı çox olub.
1 saat 48 dəqiqə davam edən müzakirələrdən sonra təklif səsə qoyulub. Fransız senatorlar səs çoxluğu ilə qanun layihəsinin Senatın Baş Assambleyasında təsdiqlənməsinə qərar verib. Senatorlar Konstitusiya Komissiyasının layihənin araşdırılmasını nəzərdə tutan təklifini rədd ediblər. Qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun 167 səs lehinə, 86 səs əleyhinə olmaqla qəbul edilib.
Sarkozinin 15 gün vaxtı var
Bundan sonra sənəd 15 gün ərzində ölkə prezidenti Nikolya Sarkozinin təsdiqinə göndəriləcək. Sarkozi layihəni təsdiqləyəcəyi təqdirdə, qanunun bütün detalları, necə tətbiq olunacağıyla bağlı məlumatlar müvafiq nazirlik tərəfindən hazırlandıqdan sonra rəsmi mətbuatda yayımlanacaq.
***
Layihənin müzakirəsi zamanı çıxış edən Senatın Konstitusiya Komissiyasının sədri Jan Pyer Suer bildirib ki, təklif olunan qanun ölkə konstitusiyasının 34-cü maddəsinə ziddir. Təklifin rədd edilməsini istəyən komissiya sədri heç bir siyasi məqsəd güdmədiyini vurğulayıb. Suer iddia olunan “soyqırım” faktının YUNESKO-nun başçılığı altında qurulacaq tarixçilərdən ibarət qrup tərəfindən araşdırılmasını təklif edib.
Sarkozi ermənilərin səsinə möhtac qalıb
Müzakirələrdə çıxış edən Kommunist Partiyasından deputat Izabella Pakuet Konstitusiya Komissiyasına qanunla bağlı hesabat hazırlanması üçün bir həftəlik qısa müddət verildiyini xatırladıb. Senator hakim partiyanın bunu qəsdən etdiyini deyib. Belə bir mühüm sənədlə bağlı qeydlərin 1 həftə ərzində yazılmasının mümkünsüz olduğunu vurğulayan kommunist senatorun sözlərinə görə, hakim partiya prezident seçkiləri öncəsi Nikolya Sarkozinin imicini artırmaq üçün “erməni qanunu”nun qısa müddətdə qəbuluna çalışır. Məqsəd isə Fransada yaşayan erməni əsilli vətəndaşların səsini qazanmaqdır.
Türklər və ermənilər Senatın qarşısında
Layihənin Senatda müzakirəyə çıxarılmasından bir neçə saat əvvəl Fransada yaşayan türklər qanunverici orqanın binasına yaxın ərazidə aksiya keçiriblər. Əllərində Türkiyə, Fransa və Azərbaycan bayraqları tutan aksiya iştirakçıları “erməni qanunu”na etirazlarını bildiriblər. Mitinqçilər Fransa Senatını və deputatları bu layihəni qəbul etməməyə çağırıblar. Türklər “Tarixi olaylara parlamentarilər deyil, tarixçilər qiymət versin!”, “Ifadə azadlığını məhdudlaşdıran qanun layihəsinə yox!” şüarlarının yazıldığı plakatlar qaldırıblar. Aksiya iştirakçıları birlikdə türk musiqisi ifa ediblər.
Türklərin aksiya keçirdiyi əraziyə yaxın yerdə isə erməni əsilli Fransa vətəndaşları da aksiya keçirib. Onlar Senatda müzakirə olunan qanun layihəsini dəstəkləyən, həmçinin Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Polislər aralarında 200 metr məsafə olan bu iki qrupun qarşıdurmaya getməməsi üçün ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Paris Ankaraya səsləndi
Səsverməyə bir necə saat qalmış Fransanın Xarici Işlər Nazirliyinin rəsmisi Türkiyəyə çağırış edib. Türkiyədən gələn sərt reaksiyalara cavab olaraq Fransa XIN sözçüsü Bernard Valero Türkiyənin çox önəmli müttəfiq olduğunu bildirib. Respublikaçı Birlik Qrupundan olan senator Natali Qule qanun layihəsinin böyük ehtimalla qəbul ediləcəyini, ancaq özü kimi, təklifə qarşı çıxan senator və millət vəkillərinin Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini söyləyib: “Mən və qrupum layihəyə qarşıyıq. Tarixi məqamlara parlamentin qərar verməməli olduğunu düşünürük. Bu, bizim işimiz deyil”.
Ərdoğan Fransaya getməyəcək
Inkar qanunun müzakirəsindən öncə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransaya xəbərdarlıq ünvanlayıb. Jurnalistlər baş nazirə Bülənt Arınçın (baş nazirin müavini red.) “Baş nazir Fransada ”erməni soyqırımı yoxdur” desə, o zaman nə edəcəklər?” fikrini xatırladıblar. Ərdoğan isə belə cavab verib: “Bir daha Fransaya gedərəmmi? Bunu bilmirəm”.
Türkiyə Fransanı yeni sanksiyalarla hədələdi
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da qanun layihəsilə bağlı Fransaya xəbərdarlıq ünvanlayıb. “France 24” kanalına müsahibə verən Davudoğlu bildirib ki, Fransanın münasibətində müsbətə doğru dəyişiklik olmasa, Türkiyə tərəfindən bu ölkəyə qarşı mütəmadi sanksiyalar başlayacaq: ”Ümidvar olmaq istəyirəm ki, biz bu sanksiyaları açıqlamağa məcbur olmarıq. Amma Türkiyənin səssiz qalacağını da fikirləşməyin. Yeni sanksiyalar olacaq və bu addımlarımız Fransa öz fikrini dəyişənə qədər davam edəcək”.
Senatda səsverməyə çıxarılan qanun layihəsinin insan hüquqlarına zidd olduğunu deyən Davudoğlu fransalı senatorlara və ziyalılara səslənib: “Ortaq dəyərlərimizdən biri olan fikir azadlığını müdafiə etmək vaxtıdır!”
Tural