Eyyub Hüseynov: «İlk baxışda onu təbii düyüdən ayırmaq elə də asan deyil»
Ticarət obyektlərində saxta düyü satışı ilə bağlı məsələ yenidən aktuallaşıb. Saxta düyünün necə hazırlandığı barədə görüntülər yayılandan sonra bir çoxları düyü almaqdan imtina edib. Maraqlıdır, doğrudanmı satışda olan düyü məhsullarının tərkibinə sintetik, nişasta və ya digər qarışıqlar vurulur? Cəmiyyəti narahat edən bu məsələnin mahiyyətini aydınlaşdırmaq üçün istehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynova müraciət etdik.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, düyünün tərkibinə plastmas qatılması faktı yalandır. Bununla belə, Eyyub Hüseynov süni düyü istehsalını təsdiqləyib: “Necə ki, süni kürü istehsalı var, eləcə də süni düyü istehsalı mövcuddur. Süni düyü müəyyən standartlar, texniki şərtlər əsasında istehsal olunur. Dünyada onu istehsal edən avadanlıq da var. Istisna olunmur ki, süni düyü bizdə də istehsal oluna və ya ölkəyə gətirilə bilər. Onun qırıntılarının üyüdülüb yenidən istehsal olunması faktı var. Həmçinin o, nişasta qarışığı və digər qida maddələrinin qarışığından əmələ gələn düyüdür. Süni düyü müəyyən standartlar əsasında istehsal olunur. Lakin ticarətlə məşğul olan adamlar onun süni düyü olduğunu bildirməlidir ki, istehlakçılar aldanmasın və çaşqınlıq yaranmasın. Süni düyü bişirəndə daha şəffaf və daha cəlbedici olmasıyla xarakterizə olunur. Əlbəttə, ilk baxışda onu təbii düyüdən ayırmaq elə də asan deyil”.
Nigar