Hadisəni araşdıran Ictimai Təhqiqat Qrupu Iran versiyasının üzərindən xətt çəkdi
Eynulla Fətullayev: «Bu, hələ bildiklərimizin 20 faizidir»
«Cinayətin şəhərin mərkəzində belə rahatlıqla törədilməsi göstərir ki, qatil cəzasızlığına arxayın olub»
Rafiq Tağının qətlini araşdıran Ictimai Təhqiqat Qrupu iki ay davam edən gərgin araşdırmalarının nəticəsini dünən hesabat şəklində təqdim etdi. Qrupun rəhbəri hüquq müdafiəçisi və jurnalist Eynulla Fətullayevin, “Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyevin birgə iştirakı ilə keçən tədbirdə bu qətllə bağlı olduqca maraqlı məlumatlar açıqlandı. “Bu, hələ bildiklərimizin 20 faizidir” deyən E.Fətullayev yerdə qalan bilgilərin hələ təsdiqini tapmadığını və bu səbəbdən də onları hesabata daxil etmədiklərini bildirdi.
Rafiq Tağının qəfil ölümü
E.Fətullayev müammalarla dolu olan bu hadisədə ilk müammanın xəstəxanadan başladığını bildirdi: “Ağır-sabit vəziyyətdə olan Rafiq Tağının əməliyyatdan 25 saat sonra reanimasiyadan ümumi palataya köçürülməsi təəccüb doğurur. Ekspertlərin rəyinə görə, ağır xəstənin ümumi palataya belə tezliklə köçürülməsi, onun jurnalistlərlə və ziyarətçilərlə təmasına heç bir məhdudiyyət qoyulmaması cinayətə bərabər məsuliyyətsizlikdir. Baş həkimin müavini Adil Salahov mətbuata açıqlama verib ki, Rafiq Tağının vəziyyəti qusma nəticəsində pisləşib, həmin anda qusuntu nəfəs borusuna düşüb. Yazıçını əməliyyat etmiş həkimlərdən biri – Nizaməddin Əsgərov isə deyib ki, Rafiq bəyin vəziyyəti ağır olsa da, o, öləsi xəstə deyildi. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev isə Rafiq Tağının tamamən başqa səbəbdən öldüyünü bəyan edib. Rafiq Tağının tam sağalmadan reanimasiyadan ümumi palataya köçürülməsi və qəfildən dünyasını dəyişməsi hamı üçün gözlənilməz oldu. Bir çox müşahidəçilərin əsaslı şübhələrinə görə, peşəkar fəaliyyəti səbəbindən terror aktına məruz qalan yazıçının xəstəxanada mühafizəsinin təşkil olunmaması da məhz onun qətlinə hesablanmış biganəlik kimi dəyərləndirilməlidir”.
Ictimai fikrin azdırılması
E.Fətullayev deyir ki, tanınmış yazıçıya hücumun baş verdiyi ilk günlərdə hökumət və xüsusilə hökumətyönlü mətbu orqanları olaya nümayişkaranə şəkildə biganə yanaşaraq bu hadisəyə kriminal xəbərlər sütununda bir neçə sətirlik yer ayırıb. Qətldən bir müddət sonra isə hökumətə yaxın ictimai fikrin təmsilçiləri yazıçının öldürülməsində maraqlı olan dairələri “asanlıqla müəyyən ediblər”: “Onlar 2007-ci ildə Rafiq Tağının kriminal diffamasiyaya görə məhkum olunmasını xatırladaraq yazıçının Islam dəyərlərinə və Iran dövlətinin dini ideologiyasına qarşı tənqidlərini əsas götürdü. ”Avropa və biz” sərlövhəli məqalənin törətdiyi ictimai-siyasi fəsadları ilə manipulyasiyalar edərək ictimai fikirdə bu qətlin məhz islami qüvvələr tərəfindən törədilməsi barədə birmənalı rəyin formalaşdırılmasına səylər göstərdilər. Ictimai fikrin yönləndirilməsinə əsas verən səbəblərdən biri də mənşəyi və fəaliyyət dairəsi məlum olmayan “haqqyolu.com” saytında Rafiq Tağı barədə guya ölüm fətvası vermiş Iranın məşhur dini alimi, Ayətullah Fazil Lənkəraninin oğlu Cavad Lənkəraninin dərc olunan bəyanatı oldu. Bəyanatda yazıçının qətlinə şəriət qanunları nöqteyi-nəzərdən bəraət qazandırılıb və Rafiq Tağının öldürülməsi dəstəklənib. Lakin Iranın Azərbaycandakı səfirliyi bu sui-qəsdin Irana aid edilməsi ilə bağlı irəli sürülən iddiaları təkzib edərək bu cəhdlərin Qərbin təxribatları olduğunu bildirdi”.
Iranın izi ilə…
E.Fətullayevin sözlərinə görə, qrup üzvləri Iranın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşməyə dəfələrlə cəhd göstərsə də, qarşı tərəf əməkdaşlıqdan imtina edib: “Araşdırmalarımız göstərdi ki, hələ 2007-ci ildə ”Avropa və biz” məqaləsini qələmə alandan sonra Rafiq Tağı barədə Iran ayətullahları heç biri xüsusi ölüm fətvası ilə çıxış etməyib: “Fazil Lənkərani 2007-ci ildə peyğəmbər barədə bəzi KIV-də, o cümlədən Azərbaycanda yer almış tənqidlərin və hətta təhqirlərin cəzası nədir sualına cavab olaraq ümumi şəkildə (yalnız Rafiq Tağıya şamil etmədən) bu əməlin cəzasının ölüm hökmü olduğunu bildirmişdi. Dinçi alimlərin də yekdil rəyinə görə, hər hansı şəxs barəsində ölüm fətvası verilmiş olsa belə, onun islami qaydalara uyğun olaraq şəriət məhkəməsinə cəlb edilməsi vacib hüquqi prosedurdur. Şəriət qanunları barəsində ölüm fətvası verilmiş şəxsin vəhşicəsinə soyuq silahla qətlə yetirməsini nəzərdə tutmur.
Samir Sədaqətoğlunu kimlər ölkədən çıxartmaq istəyib?
Qrup rəhbəri deyir ki, hökumətə yaxın olan müəyyən dairələr canfəşanlıq göstərərək vaxtilə “Avropa və biz” məqaləsinin “Sənət” qəzetində dərc etmiş bu qəzetin baş redaktoru, 2007-ci ildə R.Tağı ilə birgə məhkum edilmiş Samir Sədaqətoğlunun ölkədən tez bir zamanda mühacirət etməsinə çalışıb, daha bir jurnalistin başı üzərində terror təhlükəsinin olduğu mənzərəsini yaratmağa cəhd ediblər. Həmin adamlar bu məqsədlə Fransa səfirliyində də olublar: “Heç bir təhlükə hiss etməyən və çoxdan unudulmuş Samir Sədaqətoğlu mühacirət təkliflərindən cidd-cəhdlə imtina etməyə çalışsa da, onun məhz Rafiq Tağının qətlinə ən sərt etiraz etmiş Fransaya qaçmaq planının təşkili ictimai fikrin təyin olunan qatilə tərəf yönləndirilməsinə xidmət edən cəhd ola bilər.Bunun ardınca hökumətə və xüsusi xidmət orqanlarına yaxın şəxslər tərəfindən Rafiq Tağının məhz Iran tərəfindən qətlə yetirilməsi barədə hökmə bənzər bəyanat mətni ilə çıxış etməsi və bu bəyanatı dəstəkləmək üçün tanınmış ictimai simaları cəlb etmək səyləri də xüsusilə beynəlxalq ictimai fikri lazımi istiqamətə yönəltmək üçün atılan əməli addım sayıla bilər”.
Kameranın görüntüsünə düşən kimdir?
Ictimai təhqiqat qrupu R.Tağının hücuma məruz qaldığı küçəyə – Xətai prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində, BŞPI istiqamətində gedən cığıra da baxış keçirib. Müəyyən edilib ki, 1A saylı marşrut avtobusu ilə işdən evə qayıdan yazıçı Iran və Azərbaycan vətəndaşlarına şərikli qaydada məxsus olan “Seramik mərkəzi” dükanının tinində qəfil hücuma məruz qalıb: “Baxış zamanı ”Seramik mərkəzi” dükanında 4 müşahidə kamerası və Rafiq Tağının qətlə yetirildiyi yerin yanında yeni inşa olunan binada 2 kamera müəyyən edilib. Ümumilikdə bu ərazidə 20-dən artıq müşahidə kamerası təyin edilib ki, onların da mütləq əksəriyyətinin DIN-ə və Nəqliyyat Nazirliyinə məxsusluğu müəyyən olunub. “Seramik Mərkəzi”n kameralarının yaddaşı göstərir ki, hücumu müşahidə edə biləcək 2 kameranın xətləri hadisədən təxminən 3 həftə öncə kəsilib. Dekabrın 3-də qrup üzvləri hadisənin baş verdiyi vaxtda yaddaşa baxış keçirərkən Xətai prospektindən hadisə yerinə tərəf iti addımlarla gedən və tələsən bir şübhəli şəxsi müəyyən edə bilib. Həmin şəxs əlində qəzetə bükülü bir alətlə Rafiq Tağının avtobus dayanacağında düşməsi ehtimal olunan saatda hadisənin baş verdiyi yerə yollanırdı. Nə bundan yarım saat öncə, nə də bir saat sonra həmin yerdən heç bir piyada keçməmişdi ki, bu da təbii qarşılanmalıdır – Xətai prospekti ilə Ə.Ağaoğlu küçəsinin kəsişməsində piyadalar üçün nəzərdə tutulmuş trotuar bitir və avtomobil şosesi başlayır. Deməli, dövlət orqanlarına məxsus olan müşahidə kameraları həmin şəxsi tam fiksə etməli idilər. Açıq və bir neçə tərəfdən müşahidə edilən ərazidə, şəhərin mərkəzində belə bir əks-sədalı cinayətin arxayınlıqla törədilməsi bu sui-qəsdin arxasında dayanan qüvvənin cəzasızlığa dərin inam bəsləməsinin təsdiqidir. Belə olan halda xarici qüvvələrin bu cür diletant şəkildə törədilən qətlə aidiyyəti dərin şübhə yaradır”.
Təcili yardım xəstəxanasında nələr üzə çıxıb?
Təhqiqat qrupunun üzvləri dekabrın 5-də Təcili Tibbi Yardım Stansiyasının 2 saylı Köməkçi Yardım Stansiyasında təhqiqat aparıb: “Rafiq Tağı bıçaqlanandan sonra yaşadığı mənzilinə gəlib ailə üzvlərinin köməkliyi ilə təcili tibbi yardıma dərhal müraciət etməsinə baxmayaraq tibbi yardım karetinin 1 saatdan sonra gəlməsi təəccüb doğurur. Stansiyanın baş həkimi Nüşabə Əsədzadə deyir ki, tibbi yardım üçün müraciət alındıqdan sonra təcili tibbi yardım kareti Rafiq Tağının evinin qarşısında dövr edib və yaralını axtarıb. Əslində təcili yardım evə ən pis halda 20 dəqiqə ərzində çata bilərdi. Rafiq Tağı hadisənin baş verməsini iş yoldaşlarına bu cür təsvir edib ki, avtobusdan düşəndən sonra Xətai prospekti ilə Ağaoğlu küçəsinin kəsişdiyi küçə ilə addımlayıb, qəflətən kimsə arxadan hücum edib və bıçaq zərbələrini endirib. Sonra da qaçıb onu gözləyən maşına minərək hadisə yerindən uzaqlaşıb. Maşında həmin adamı iki nəfər gözləyib”.
E.Fətullayev onu da bildirdi ki, bu müddətdə istintaqa ünvanladığı vəsatətlərin heç birinə cavab almayıblar.
Gültəkin


