«Prezident seçkisinə kimi məsələlərinnin həll olacağına inanıram»
Cəmiyyətin fəal kəsimi gənclərdir. Bu gün onlar ön sıradadır. Az da olsa keçirilən kütləvi aksiyalarda məhz gəncliyin səsi daha gur gəlməyə başlayıb. Son illər onlar bir-birindən maraqlı, cəmiyyət üçün yeni olan aksiyalarla yadda qalıb. Indi gənclik təşkilatlanmış formada mübarizəyə daha çox üstünlük verir. Bu gün Azərbaycanda fəaliyyət göstərən belə təşkilatlardan biri də Azad Gənclik Təşkilatıdır. Bu təşkilatın fəallarından biri – Təbriz Önərlə gənclərin fəaliyyətinə işıq salmağa çalışdıq.
– Təbriz, Azad Gənclik Təşkilatının 1 illiyi münasibəti ilə sizi təbrik edir, yeni uğurlar arzulayıram. Bu bir il ərzində nə işlə məşğul olmusunuz?
– Bir il ərzində xeyli aksiyalarımız, film nümayişlərimiz, yerli gənc yazarların kitablarının təqdimatları, kitab aksiyalarımız və digər tədbirlərimiz olub.
– Yəni maarifləndirici təşkilatsınız?
– Bəli, maarifləndirici təşkilatıq. Daha çox gənclərin maariflənməsi istiqmətində fəaliyyət göstəririk.
– Maarifləndirə bilirsinizmi? Yəni bu aksiyaların, tədbirlərin xeyrini görürsünüzmü?
– Kənardan gələn reaksiyalara baxsaq, açığı çox yaxşı qarşılanır. Sıralarımız günü-gündən genişlənir, xüsusən də kitab aksiyalarına maraq çoxalıb. Gənclər bu aksiyaları pozitiv qarşılayır. Artıq facebookda fan səhifəmizin 3000 üzvü var və bu say artmaqda davam edir.
– Azad Gənclik Təşkilatının yaxında sədr seçkisi olacaq. Sən də namizədsən. Platforman hazırdımı?
– Platformamı bu yaxınlarda ictimaiyyətlə bölüşəcəm.
– Təşkilatın sədri Ülvi Həsənli təşkilatdaxili müxalifətə maneələr törətmir ki?
– Əksinə, Ülvi çox yaxşı qarşıladı, hətta başqa fəallara da istəyən hər kəsin namizəd ola biləcəyini dedi. Ümumiyyətlə, mübarizə deyəndə ağlıma gələn ilk insan Ülvi Həsənlidi…
– Bəs Azərbaycanda baş verən son ictimai-siyasi prosseslərə münasibətiniz necədi?
– Biz hakimiyyətə müxalif olan təşkilatıq, mövqeyimizi də hər yerdə açıq bildiririk. Son günlər baş verən hadisələrdə də vəziyyətin pis olmadığını gördük. Xalqın əksəriyyəti olmasa da bir hissəsi artıq etirazlara başlayıb. Evləri zorla sökülən vətəndaşların və tələbələrin etiraz aksiyaları keçirməməsi, əlbəttə, yaxşı hal deyil, amma artıq müəyyən cəhdlərin şahidi oluruq ki, bu da sevindiricidir. Nəhayət ki, illər sonra cəmiyyətin əzilən, amma passiv olan hissəsi də yavaş-yavaş haqlarını tələb etməyə başlayıblar.
– Bu prosseslərin nəticəsini necə proqnoz edirsiz? 2013-cü ildə keçiriləcək prezident seçkiləri də yaxınlaşır…
– Çox ümidliyəm. Artıq 2012-ci ildi, bu tarixə diktatura qətiyyən yaraşmır. Ətrafda bir çoxları bizim demokratiyaya qovuşacağımız il kimi 2018-i göstərirlər, amma 2018-ci ilə qədər diktatura, avtoritarizm gülünc görsənir. Biz 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü demokratik Azərbaycanda, təmtəraqla qeyd edəcəyik. Buna şübhəm yoxdur. Prezident seçkisinə kimi məsələnin həll olacağına inanıram.
Məcid Mərcanlı