Əli Həsənovun «həqiqət»lərinə sözardı
Prezidentin köməkçisi Əli Həsənov deyib ki, biz neft pullarını hədər yerə havaya sovurmamışıq. Bəli, Əli Həsənov sübut etməyə çalışıb ki, neft pulları faydalı işlərə sərf olunub, xalqın və dövlətin mənafeyi üçün xərclənib.
Göründüyü kimi bu qədər açıq ifşadan sonra da hökumət komandası talançılığı malalamaqda davam edir. Əgər neft pulları dövlətin və xalqın rifahına sərf olunubsa, icra başçıları, nazirlər, komitə sədrləri necə milyarderə çevrilib? Əgər neft pulları havaya sovrulmayıbsa, niyə bu qədər pul vətəndaşın əmək haqqında, insanların sosial vəziyyətində özünü göstərməyib? Əgər neft pulları səmərəli xərclənibsə, niyə bütün dövlət strukturları dövlət zəmanəti ilə xaricdən milyardlarla borc alıb? Əgər neft pulları oğurlanmayıbsa, niyə qeyri-neft sektoru ölü vəziyyətdədir, niyə ölkə idxaladan asılıdır, niyə dövlətin neftsiz büdcəsi kasıb Gürcüstanın dövlət büdcəsindən də azdır? Əgər neft pulları mənimsənilməyibsə, niyə daimi iş yerləri yoxdur, niyə bütün iri obyektlər hansısa vəzifəliyə məxsusdur, niyə 2.5 milyon vətəndaş borc bataqlığına düşüb? Neft pulları ölkədən çıxarılmayıbsa Dubay mülkləri, Çexiya malikanələri, London villaları, Bodrum sarayları necə əldə olunub?
Bəlkə də Əli Həsənovun sözlərində həqiqət payı var. Yəni, neft pulları havaya sovrulmayıb, bir qrup adamın cibinə yığılıb. Neft pulları 9 milyonun deyil, 9 nəfərin qisməti olub.
Əli Həsənov daha sonra bildirir ki, heç bir ölkədən maliyyə asılılığımız yoxdur, kifayət qədər valyuta ehtiyatlarımız var. Əgər belədirsə, niyə dollarla krediti olanlara güzəşt edilmir, niyə 13500 şəhid ailəsinin sığorta pulu ödənilmir, niyə Qarabağ qazisi özünü yandırır, niyə vətəndaşın süfrəsi boşdur? Necə olur ki, Vatikanda, Serbiyada, Fransada büdcəsi on milyonlarla ölçülən xeyriyyə layihələri həyata keçirilir, mənasız yarışlara milyardlar xərclənir, amma məcburi müalicəyə ehtiyacı olan ölkə vətəndaşlarına yardım edilmir?
Bu hakimiyyət neftin qiymətinin yüksək vaxtında da vətəndaşa qəpik-quruş təklif edib. Bu qəpik-quruşu da banklar vasitəsilə, məhsulları 20-30 dəfə baha satmaqla vətəndaşdan geri alıb. Vətəndaşın gözü qarşısında ölkənin bütün potensialı əridilib. Və bütün bunlardan sonra Əli Həsənov neft pullarının talan edilmədiyini, maliyyə resurslarımızın olduğunu bildirir. Əli Həsənov eyni zamanda onu da bildirib ki, hökumətin islahat qatarı yola çıxıb və vətəndaşların rifahı yaxşılaşacaq.
Bəli, xalqı “şans qatarı”nın altında qoyub, komanadanı var-dövlət sahibi etdikdən sonra, vətəndaşa “islahat qatarı” təsəllisi verirlər. Deməli, 23 ildən sonra vətəndaş “islahat qatarı”nı gözləməli olacaq. Hələ də boş vədlər verməyə davam edirlər, insanların taleyini qatar relsinə çevirməkdən imtina etmirlər.
Balaca uşaq da bilir ki, bu hakimiyyət korrupsiya qatarını, ədalətsizlik qatarını, monopoliya qatarını relsdən çıxarmayacaq. Bu isə o deməkdir ki, bu hakimiyyətin dövründə “xoşbəxtlik qatarı” gəlməyəcək. Birdə ki, hakimiyyət neft pullarını talan etməklə vətəndaşın bədbəxtliyi üzərində şəxsi xoşbəxtliyi təmin edib. Belə təfəkkür sahiblərinin idarə etdiyi qatar mənzil başına çatdırmaz.
Müxtəsər, Əli Həsənov hamının gördüyü “ulduz”u danmaq istəyir. Ulduzları səmanın hər yerində görmək olduğu kimi, talan edilmiş neft pullarını da hökumətin hər addımında görmək olur.
Akif