Azərbaycan tarixçilərindən Xruşşovu qəzəbləndirən kitab

cemil-hesenli-itvDostlar! 1958-ci ilin payızında Moskva ilə Bakı arasında növbəti ziddiyyət tarix sahəsində baş verdi. Həmin ilin yanvarında nəhayət ki, “Azərbaycan tarixi” üç cildliyinin birinci cildi nəşr edililmişdi. Hələ, 50-ci illərin ortalarında bu akademik nəşrin maketi Moskvaya göndərilmişdi və Sov.İKP MK-dakı müzakirədə kitabdan Cənubi Azərbaycan bölmələrinin çıxarılması zəruri bilinmişdi. Azərbaycan tarixinin akademik nəşri ilə yanaşı Azərbaycan KP MK-da iki cildlik “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının hazırlanması üçün ayrıca briqada yaradılışdı.

Hər iki nəşrdə başlıca məqsəd Azərbaycan tarixinin azərbaycanlı tarixçilər tərəfindən yazılması, bu tarixin yaradıcısı kimi Azərbaycan xalqının önə çəkilməsindən ibarət idi. Hər iki proyektin həyata keçirilməsinə bilavasitə Azərbaycan KP MK-dan rəhbərlik edilirdi. “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabı üzərində işlə bağlı zəruri olan arxiv materiallarını almaq üçün İmam Mustafayev 1957-ci ilin avqust ayının 14-də Sov.İKP MK-nın ümumi şöbəsinin müdiri Malinə məktubla müraciət etmişdi.

O, 1919-1921-ci illərdə Azərbaycan kommunist partiyasının tarixinə aid bir sıra sənədlərin surətlərinin bu məqsədlə Moskvaya ezam olunan partiya tarixi institutunun baş elmi işçisi, kitabın hazırlanması üzrə Azərbaycan KP MK briqadasının üzvü Cəmil Quliyevə verilməsini xahiş edirdi. Mustafayev yazırdı: “Bu materiallardan istifadə etmədən Azərbaycan Kommunist partiyası tarixinin bir sıra mühüm məsələlərini həll etmək mümkün deyildir.” 1957-ci ilin sentyabr ayının 3-də Sov.İKP MK-nın ümumi şöbəsində Azərbaycan tarixinə aid 32 adda mühüm sənədin surətinin Cəmil Quliyevə verilməsi barədə siyahı tərtib edildi. Bu sənədlərin əksəriyyəti “Hümmət”in əyalət hüququnda olan müstəqil Azərbaycan kommunist partiyası kimi tanınması, Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri, Zəngəzur və Qarabağla bağlı yazışmalar və Nəriman Nərimanovun Azərbaycandakı inqilabi hərəkatda olan üstün rolunu özündə əks etdirirdi.

Həmin vaxt bu sənədlər məxfi partiya sənədləri hesab edildiyi üçün partiya arxivində deyil, Moskvada Sovet Kommunist Partiyası Mərkəzi Komitəsinin ümumi şöbəsində saxlanılırdı. Həmin sənədlərdən “Azərbaycan Kommunist partiyası tarixi”nin yazılmasında geniş istifadə edilmişdi. İşi sürətləndirmək məqsədilə 1957-ci ilin dekabrında İmam Mustafayev Azərbaycan KP MK-nın elm və məktəblər şöbəsinin müdiri Nazim Hacıyevə, habelə təbliğat və təşviqat şöbəsinin müdiri Şıxəli Qurbanova tapşırıq vermişdi ki, Azərbaycan tarixi və ayrıca olaraq Azərbaycan partiya təşkilatının tarixinin hazırlanması ilə bağlı işlərin gedişi Mərkəzi Komitənin büro iclasına çıxarılsın. Gərgin iş nəticəsində kitabın azərbaycan və rus dilində olan birinci cildi 1958-ci ilin payızında nəşr olundu. Kitab sözün tam mənasında Moskvada bomba effekti yaratdı və böyük etirazla qarşılandı.

Kitab ətrafında mübahisələr Sov.İKP MK-ya, onun Rəyasət Heyətinə və hətta birinci katib Nikita Xruşşova qədər gedib çıxdı. Sov.İKP MK-nın elm və məktəblər, habelə təbliğat və təşviqat şöbələri kitab haqqında MK-ya və birinci katib Xruşşova arayış hazırladılar. Arayışla tanış olduqdan sonra Azərbaycan rəhbərliyinin hərəkətlərindən hiddətlənən Nikita Xruşşov qəti olaraq tapşırıq verdi ki, “Tənqidə tutmaq lazımdır. Bizim Moskvadakı tənqidçilərimiz hara baxırlar?… “Kommunist” də (Sov.İKP MK-nın aylıq jurnalı nəzərdə tutulur. – C.H.) məqalə çap edin və orada onları şil-küt eləyin.” Nikita Xruşşovun bu kitaba münasibətdə belə hövsələdən çıxması nə ilə bağlı idi? Birincisi, Sovet hakimiyyəti qurulandan bəri birinci dəfə idi ki, Azərbaycanda sosialist və bolşevik hərəkatının tarixi belə fundamental formada azərbaycanlıların özləri tərəfindən yazılmışdı. Kitabın müxtəlif fəsillərinin hazırlanmasındı müəlliflər kollektivinin üzvü kimi Zülfəli İbrahimov, Əlövsət Quliyev, Əkbər Dadaşlı, Cəmil Quliyev, Tofiq Köçərli, Qəzənfər Mehdiyev, Qaraş Mədətov, Əbdürəhmanov, Miryusif Mirhadıyev və digərləri fəal iştirak etmişdilər.

Qeyri – azərbaycanlı alimlərdən A.Karenin, B.Stelnik, İ.Striqunov, P.Mosesov və E.Nalbandiyan müəllif kollektivinə daxil olsalar da, onlar azlıqda qalır və kitabın ideya istiqamətinin müəyyən olunmasına ciddi təsir göstərə bilmirdilər. İkincisi, kitabda məşhur Stalin təliminin, Ümumittifaq Kommunist (bolşevik) Partiyasının X qurultayının qətnaməsinin əksinə olaraq Azərbaycanda kapitalizmin inkişafı məsələsi yeni formada qoyulmuşdu. Stalin X qurultayda demişdi ki, sənaye Bakısını Azərbaycanın kənd rayonları ilə qarışdırmaq yanlışdır. Bakı Azərbaycan deyildir. Onun fikrincə Bakısız Azərbaycan “feodal-patriarxal münasibətlərin hökm sürdüyü ən geridə qalmış ölkədir. Ona görə bütövlükdə Azərbaycana mən ucqarların o qrupu kimi baxıram ki, həmin qrup kapitalizmi keçməyib.” Qeyd edilən kitabda Azərbaycan tarixçiləri Stalinin bu səhv tezisini demək olar ki, darmadağın etdmişdilər. Üçüncüsü, Azərbaycanda kapitalizmin olub-olmamasına münasibət millətin olub-olmamasına münasibət idi və Azərbaycan tarixçiləri Bakını Azərbaycanın içinə “qaytarmaqla”, Azərbaycanın əyalətlərində kapitalizmin olmasını əsaslandırıb millətin varlığını ortaya qoymuşdular.

Dördüncüsü, XX əsrin əvvəllərində Azərbaycanda gedən siyasi proseslərin ağırlıq mərkəzi “Hümmət” təşkilatının üzərinə keçirilmişdi və 50-ci illərin ortalarında siyasi bəraət almış Nəriman .Nərimanov kitabdakı siyasi hadisələrin mərkəzində dayanırdı. Beşincisi isə, həmin dövrdə bütün respublikaların kommunist partiyalarının tarixi oçerklər formasında buraxıldığı halda, yalnız Bakıda bu “Azərbaycan Kommunist Partiyasının tarixi” adı ilə fundamental monoqrafiya formasında buraxılmışdı. Kitabı darmadağın etmək üçün Sovet rəhbərliyinin göstərişi ilə Sov.İKP MK-nın şöbə müdiri Vasili Snastin başda olmaqla Bakıya Marksizm-Leninizm institutunun və onun digər respublikalardakı filiallarının rəhbərləri və aparıcı elmi əməkdaşlarından ibarət geniş bir heyət göndərildi. Kitabı müzakirə etmək, əslində isə Azərbaycan tarixçilərinə öz yerini göstərmək məqsədi ilə Sov.İKP MK-nın tövsiyəsinə uyğun olaraq 1958-ci ilin noyabr ayının 18-də Bakıda dörd günlük ümumittifaq müşavirəsi işə başladı.

 

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin facebook səhifəsindən götürülüb.