Baş nazirin müavini, xalqsız xalq yazıçısı Elçin Əfəndiyevin bugünlərdə bir müsahibəsini oxudum. Keşkə oxumaz olaydım!
Xalqsız xalq yazıçısından sitat: “Böyük vəzifədə çalışmaq – yalnız obıvatelin təsəvvüründə qayğısız idilliya çəkisizliyində xoşbəxtcəsinə üzmək deməkdir”.
Buyurun, siz də elə bilirsiniz ki, böyük vəzifədə olmaq yağ-bal içində üzmək, eyş-işrət içində yaşamaqdır, məgər belə deyilmiş. Məgər böyük vəzifə – əzabmış, əziyyətmiş, məşəqqətmiş, məhrumiyyətmiş. Türklər demiş, “pes”…
Açığı deyim, mən artıq bunlar haqqında nə yazmaq lazım gəldiyini də bilmirəm. Bunların xisləti, mahiyyəti qarşısında ironiya da, ikrah da, qəzəb də, nifrət də gücsüzdür. Bunlarla nəsə başqa dildə, başqa cür danışmaq lazımdır – məsələn, liviyalıların 40 il hakimiyyəti qəsb etmiş Qəzzafi ilə danışdığı dildə, üslubda.
Təsəvvür edin, bir dəstə adam 18 ildir Azərbaycanda hakimiyyəti qamarlayıb oturmaları azmış kimi, bundan utanacaqlarına, xəcalət çəkəcəklərinə hələ xalqa minnət də qoyurlar. Bizi özlərinə borclu çıxarırlar. Adam deməyə söz tapmır. Vəziyyət düşündüyümüzdən də ağırdır. Bunlar biz düşündüyümüzdən də eybəcər, qorxuncdurlar. Bunlardan hər şey gözləmək olar, hər şey! Bunlardan nə desən çıxar, bunlar adamın qanını içib sonra da heç nə olmamış kimi, “fransız şərabı daha dadlıdır” deyərək qanını içdiyi adamı borclu çıxara bilərlər.
Mən liviyalıları indi daha gözəl başa düşürəm. Qəzzafinin ölüm səhnəsi artıq mənə çox humanist, diktatoru küçələrdə sürütləyən, tulasifət eləyən o qəzəbli, öfkəli kütlə isə mənə çox ürəyiyumşaq, mərhəmətli görünür. Daha amansız olmaq lazım idi.
“Ictimai”nin çatışmazlığı
Adı ictimaiyyətin, dadı Ilham Əliyevin olan ITV-nin hansısa departamentinin direktoru olan Anar Yusifoğlu bir məqalə yazıb, intellekt çatışmazlığından, onun sosial şəbəkələrə sirayət etməsindən şikayətlənib. Işlədiyi telekanalın xalqa səhərdən axşama kimi ağac dibinin necə belləndiyi, sazın necə kökləndiyi haqda dərs keçməsinə, nehrə çalxamaq, xalça toxumaq, it boğuşdurmaq, xoruz döyüşdürmək barədə şit, peyin qoxulu verilişlər sırımasına səsini çıxarmayıb, sonra da ölkədə intellekt çatışmazlığından gileylənmək… Beləsinə nə deyəsən?!
Amma yazıda bir başqa məqam var idi ki, mən onu oxuyandan sonra insanın sifətinin yalnız ətdən olmadığına şübhə etmədim. Ismayıl Ömərovun (yeri gəlmişkən, ona el arasında “ağıl dəryası” deyirlər, Umberto Ekonun isə bu saat Ismayıl müəllimin əlini öpmək üçün sinov getdiyini bilməyən yoxdur ) işçisi hansısa gəncin “facebook”dakı səhifəsində “Arzulayıram ki, Bakıda ”Eurovision” müsabiqəsi üçün tikilən yeni bina tamamlanan kimi də uçsun, biabır olaq!” məzmunlu şərh yazmasına görə ona dişinin dibindən çıxanı deyib.
Təsəvvür edirsinizmi, bu adam kiminsə virtual həyatda “Eurovision”a görə tikilən binanın uçmasını arzulamasından əsib-coşur, amma özü real həyatda “Eurovision”a görə evləri başına uçurulanlardan bir kəlmə də yazmır. Adama deməzlərmi, “Eurovision” binasının uçmasını arzulayana ağzına gələni deyirsən, bəs “Eurovision”a görə başqalarının evini uçuranlara niyə dillənmirsən? Evi uçurulanları niyə göstərmirsən? Efiri onların üzünə niyə bağlayırsan? Sənə və sənin o telekanalına pulu kimsə dədəsinin cibindən çıxarıb vermir ki… Sən və sənin telekanalın xalqın pulunu yeyirsiniz. Bəs xalqın evi uçurulanda niyə sivişib aradan çıxırsınız? “Eurovision” binasının dərdini çəkirsən, bəs o binanın nə qədər insanın bədbəxtliyi, ahı, naləsi üzərində bərqərar olduğunu niyə unudursan? Bəlkə səni əsib-coşduran statusun müəllifi “Eurovision”a görə evi başına yıxılan evlərdən birinin sahibidir, sakinidir, haradan bilirsən? Bəlkə ona bunu yazdıran mənasız bir müsabiqəyə görə evindən küçəyə atılmağın ağrısıdır, öfkəsidir, nə bilirsən? Bilməzsən əlbəttə, adı ictimaiyyətin dadı Ilhamın, Ismayılın olan telekanalda işləyib hardan, necə biləsən ki?
Intellekt çatışmazlığından gileylənən olub bizim üçün. Sən əvvəlcə get ITV-nin adında “ictimai” sözünün çatışmamasının dərdini çək, sonra gəl.

Elçin Əfəndiyevin mənə anlatdığı Liviya həqiqəti
•
•