Milli Şuranın sədri, professor Cəmil Həsənli Mirzə İbrahimovun dilimizin qorunmasındakı xidmətlərindən yazıb. Cəmil Həsənlinin Facebook səhifəsində paylaşdığı yazını təqdim edirik:
Dostlar! Dil məsələsi ilə bağlı dünənki söhbətimizin davamı olaraq qeyd etməliyəm ki, Moskvadan qayıtdıqdan sonra Mustafayev xəstəlik bəhanəsi ilə Rəyasət Heyətinin iclasına gəlməsə də, lakin Şikinin məsləhəti üzrə dövlət dili məsələsi ilə bağlı büro iclasını keçirməyə tələsmədi və bu məsələnin müzakirəsini 1957-ci ilin mart ayının 16-na qədər yubada bildi.
İclasda çıxış edən kənd təsərrüfatı naziri Mirhəsən Seyidov dedi ki, “Kənd təsərrüfatı nazirliyinin aparat işçilərinin yalnız 125 nəfəri azərbaycanlıdır. Şübhəsiz o biri yoldaşlar da Azərbaycan dilini bilirlər, amma məktublar yazmağa acizdirlər. Bu adamların hamısına birdən-birə Azərbaycan dilini öyrətmək o qədər də asan deyildir. Pis olmaz ki, başqa millətlərin nümayəndələri, hansılar ki, Azərbaycan dilini bilmirlər, onlar üçün dərnəklər təşkil olunsun, müəllimlər bu işə cəlb olunsunlar. Çünki bu yol¬daşları biz heç bir yerə göndərə bilmirik.”
Mədəniyyət naziri Məmməd Qurbanov nazirlik sistemindəki iclaslarda bəzi adamların rusca danışmalarına imkan verilmədiyindən şikayət etdikdə Mirzə İbrahimov onun sözünü kəsib bildirdi ki, dövlət dili haqqında qanuna əməl etmək lazımdır, əgər iclasların Azərbaycan dilində keçirilməsi sənin xoşuna gəlmirsə, hara istəsən gedə bilərsən. İclasa hesabat verən daxili işlər nazirinin müavini T.Bünyadova dedi: “Daxili İşlər Nazirliyində, əlbəttə, ana dilinin tətbiq olunması lazımdır. Lakin bu iş həyata keçirilmədiyi üçün mən çox xəcalət çəkirəm.
Mənim üçün çox ayıbdır. Əgər bu müddət ərzində müəyyən nazirliklərdə bəzi işlər görülübsə, təəssüf ki, bizim nazirlikdə bu istiqamətdə heç bir iş görülməmişdir. Respublika milis şöbəsində ancaq bir nəfər azərbaycanca yazan işçimiz vardır.” Bax, dostlar Azərbaycan dili ilə bağlı məsələ belə ağır bir yol keçib. Azərbaycan dilinin tətbiqi ilə bağlı məsələdə Moskvanın səbri uzun çəkmədi. 1957-ci ilin martında Sovet Kommunist partiyası Mərkəzi Komitəsinin müttəfiq respublikaların partiya orqanları ilə iş şöbəsinin bölmə müdiri İ.İqnatevi və həmin şöbənin təlimatçısı K.Lebedevi vəziyyəti yerində öyrənmək üçün Bakıya ezam edildilər.
Onların iştirakı ilə mart ayının 16-da günün ikinci yarısı Azərbaycan KP MK-nın genişləndirilmiş büro iclası keçirildi. İclasın gündə¬liyində bir məsələ dayanırdı: Sov.İKP MK-nın məsul işçiləri olan İqnatev və Lebedevin iştirakı ilə Azərbaycan SSR Ali Soveti tərəfindən 1956-cı ilin avqust ayında dövlət dili haqqında qanunun qəbul edilməsi və onun tətbiqi ilə bağlı meydana çıxmış problemlər barədə fikir mübadiləsi aparmaq. İclas başlayan kimi Moskva emissarları bildirdilər ki, ötən ilin avqustunda respublika əsas qanununa dil haqqında maddə əlavə edilməsi marksizm-leninizmin milli məsələ haqqında təliminə ziddir. Mirzə müəllim dedi ki, milli dillərlə bağlı belə bir ziddiyyət varsa, onda niyə Gürcüstan və Ermənistana hələ 20 il əvvəl belə bir icazə verilib. Necə olur ki, 20 il ərzində bu ziddiyyəti onlarda görməmisiniz, indi dərhal bizdə görürsünüz.
Moskva nümayəndələrinin rəyin bilən kimi Azərbaycan KP MK Bürosunun üzvləri hamılıqla düşdülər Mirzə müəllimin üstünə və beynəlmiləl ənənələri olan Bakıda “millətçilik dalğasının” başlanmasını onun fəaliyyəti ilə əlaqələndirməyə başladılar. Halbuki, onlar hamısı 1956-cı ilin avqustunda MK-nın büro iclasında dil haqqında qanunun qəbul edilməsinə səs vermişdilər. Onlar Mirzə müəllimi qurban verib özlərini təmizə çıxarmaq istəyirdilər. Amma Mirzə müəllim dedi ki, biz bu qanunu birlikdə qəbul etmişik və düz iş görmüşük, ya Gürcüstan (156-cı maddə) və Ermənistan (119-cu maddə) konstitusiyalarından dil haqqında olan maddələr çıxarılmalıdır, ya da bizə də icazə verilməlidir. O dedi: “Bütün xalq, bütün zəhmətkeşlər, bütün ziyalılar bizim hə¬yata kecirdiyimiz bu tədbiri böyük ruh yüksəkliyi ilə qarşılayır.”.
Mirzə İbrahimovdan sonra söz alan Azərbaycan KP MK-nın ikinci katibi Dmitri Yakovlev dedi: “Yoldaş İbrahimov bugünkü müzakirələri elə qəbul edir ki, sanki bütün alov ona qarşı yönəlib.” Müzakirələrdə Mirzə İbrahimov kəskin tənqid edilsə də, məsələnin həssaslığını nəzərə alıb büro heç bir qərar qəbul etmədi. Azərbaycan SSR Ali Sovetinin Azərbaycan dilinin dövlət dili olması haqqında qəbul etdiyi tarixi qərar ciddi şəkildə tənqid olunsa da, milli ideyanın aparıcı istiqamətə çevrilməsi baxımından o artıq öz işini görmüşdü. Buna respublikadakı vəziyyəti daha dərindən öyrənmək üçün hələ bir müddət də Azərbaycanda qalacaq Sov.İKP MK-nın məsul işçiləri də tam əmin oldular. Onlar çıxış yollarını arayırdılar.



