Qəzada qolunu itirən tələbənin haqqı tapdanır

O, hadisənin araşdırılmadığı qənaətindədir

Insan Hüquq və Azadlıqlarını Müdafiəsi Ictimai Birliyi Imişli rayon sakini, sağ qolunu itirərək şikəst olmuş Sevinc Məmmədlinin hüquqlarının müdafiəsi məqsədilə dəyirmi masa keçirib. Birliyin sədri Rasim Əlizadə hadisə ilə bağlı məlumat verib. 

O deyib: “Azərbaycan Müəllimlər Institutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinin IV kurs tələbəsi Sevinc Məmmədli ailəsinin maddi durumunun ağır olması səbəbindən ”Abşeron” firmasında işə düzəlib. Sevinc Məmmədli firmada işlədiyi vaxtda Masallı və Lerik rayonlarında marketlərə şirniyyat məhsullarını paylamaqdan qayıdarkən 2011-ci il mayın 25-də “Səngəçal yolu”nda iş yoldaşı ilə birlikdə avtomobil qəzasına düşüb. Sürücü Rəhim Miryaqubovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin “KamAZ”la toqquşması nəticəsində qəzada Sevinc sağ qolunu dirsəkdən yuxarı itirib”. Rasim Əlizadə hadisə ilə əlaqədar heç bir obyektiv araşdırma aparılmadığını, zərərçəkən şəxsin əlavə şahid qismində lazımi qaydada dindirilmədiyini söyləyib.
Hadisə ilə əlaqədar ibtidai istintaq və məhkəmə prosesləri zamanı prosedur qaydalara riayət olunmadığını deyən birliyin sədri məhkəmədə yalnız “KamAZ”ın sürücüsü Nəsrəddin Imanovun təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb olunduğunu söyləyib.
Rasim Əlizadə ali məktəbin sonuncu kursunda təhsil alan Sevinc Məmmədlinin bu il dərslərdə iştirak edə bilmədiyini və diplomdan məhrum ola biləcəyindən narahatlığını ifadə etdi: “Ali məktəb Sevinc Məmmədliyə davamiyyətini bərpa etməsi üçün nə zamana qədər vaxt verəcək? Həmçinin, ona dəyən maddi və mənəvi ziyan necə hesablanacaq və bunu kim ödəməlidir? Bununla yanaşı məsələni aidiyyəti orqanlar və məhkəmə araşdırmalıdır”.
Sevinc Məmmədli hadisə barədə bunları dedi: “Hadisə zamanı VAZ-2106 markalı avtomobilin sürücüsü avtomobili yüksək sürətlə idarə etməsinə baxmayaraq, həmin şəxs təqsirləndirilən şəxs kimi deyil, zərərçəkmiş qismində məsuliyyətə cəlb edilib. Mən yalnız bir dəfə, 2011-ci il tarixində avqustun 26-da evdə ifadə vermişəm. Bundan başqa, Qaradağ Rayon Məhkəməsində hakim Ismayıl Xəlilovun sədrliyi ilə məhkəmə proseslərinə 3 dəfə dəvət olunsam da, baş vermiş hadisədən mənəvi əziyyət çəkdiyimə görə proseslərdə iştirak edə bilmədim. Məhkəmənin müvafiq qərarları da mənə təqdim olunmadı”.
Sevinc Məmmədli sonda bu işdə dəstək olmaq istəyən insanlara da öz təşəkkürünü bildirib. Onun sözlərinə görə, qolunun bioprotis olması üçün əməliyyat yalnız Almaniyada edilə bilər. Bununla bağlı 20 min manat tələb olunur: “Qəzadan sonra bu məsələ ilə bağlı bir sıra mətbuat səhifələrində yer alan yazılar mənə edilən bir zənglə nəticələndi. Belə ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı Oktay Paşazadə mənə 20 min manatdan başqa xərcləri özü ödəcəyinə söz verib”.
Sevinc Məmmədliyə kömək etmək istəyənlər onun aşağıdakı hesabına pul köçürə və ya özü ilə əlaqə saxlaya bilərlər.

Hesab – Kapital Bankın Imişli filialı
Müxbir hesab: 0137010 001944. VOEN: 9900003611. Sevinc Memmedli.
Telefon – 055 321 29 63
Ramin DEKO