Leon Panetta: «Biz Irana hərbi yolla cavab verməyə tam hazırıq»
Iran ətrafında yaranmış gərginlik davam edir. ABŞ-ın müdafiə naziri Leon Panetta Iranın Hörmüz boğazını bağlamaqla bağlı təhdidlərinə münasibət bildirib. Pentaqon şefinin sözlərinə görə, ABŞ-ın Fars körfəzindəki hərbi qüvvələri Irana hərbi cavab vermək üçün tam hazır vəziyyətdədir: “Biz həmişə demişik ki, Iran bölgə üçün bir təhdid sayılsa və indiki rəftarını davam etdirib Hörmüz boğazını bağlamağa cəhd göstərsə, biz Irana hərbi yolla cavab verməyə tam hazırıq”.
Panetta bildirib ki, ABŞ üçün qırmızı xətt sayılan iki məsələni müəyyənləşdirərək Iranın diqqətinə çatdırıb. Bunlardan biri Iranın nüvə silahına yiyələnməsi, digəri isə onun Hörmüz boğazını bağlamağa cəhd göstərməsidir: “Biz Irana hərbi yolla cavab verməyə hazır olmağımıza baxmayaraq, bu ölkə ilə ixtilafları bir kənara qoyub, mövcud problemləri beynəlxalq qanunlar əsasında sülh yolu ilə həll etməyə də hazırıq”.
ABŞ prezidenti Barak Obama da Iranı danışıqlar masasına dəvət edib. Ağ ev rəhbəri Iranın ali dini lideri Əli Xamneyiyə yazdığı məktubunda Tehranı xəbərdar edib ki, Hörmüz boğazını bağlamaq cəhdi fəsadlara səbəb ola bilər. Məktubun mətni barədə məlumat verən Iran parlamentinin deputatı Əli Mütəhərinin sözlərinə görə, Obama Iranı birbaşa danışıqlara çağırıb. Lakin məktubun birinci hissəsi hədələrlə doludur.
Türkiyədə səfərdə olan Iranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan edib ki, Hörmüz boğazının təhlükəsizliyini ABŞ və Böyük Britaniya deyil, Fars Körfəzi ölkələri təmin etməlidir: “ABŞ bölgə ölkələri vasitəsilə Iran üzərində təzyiq yaradır. Hörmüz boğazında baş verəcək hər hansı insident heç bir ölkənin xeyrinə deyil”.
Informasiya şöbəsi


