Mənim tez-tez ərəb ölkələrinə, Asiya və Afrika dövlətlərinə müraciət etmək cəhdlərim səbəbsiz deyil. Onların həyat tərzi özümüzü daha yaxşı anlamaq üçün yetərlidir. Ü.Hacıbəyovun “O olmasın, bu olsun” əsərində çox maraqlı bir yer var. Hə, əgər mən səhv mən etmirəmsə, Rza bəy deyir ki, böyük alim Ç.Darvinin nəzəriyyəsinə əmin olmaq üçün uzaq Afrikaya gedib buşmenlərə tamaşa etməyə ehtiyac yoxdur, bizim Məşədi Ibada baxmaq kifayətdir!.. Indi bizim də asiyalı mahiyyətimizi dərk etmək üçün Norveçə və yaxud da Isveçə yollanmaq lazım deyil, elə Afrikaya və yaxın Asiyaya baxmaq yetər! Bəli, elə bu günlərdə Qazaxıstanda səsvermə oldu. Diqqət edin, mən seçki yazmıram və səsvermə yazıram. Lakin elə burada da barmağımı dişləyirəm ki, əcəba, o həngaməni, daha doğrusu, tragikomediyanı heç səsvermə də adlandırmaq mümkün idimi? Ölkələr var ki, insanlar seçir, ölkələr var ki, sadəcə səs verir və ölkələr də var ki, insanlar nə seçir, nə də səs verir! Elə bizim Azərbaycan və yaxud da ki, qonşu Qazaxıstan kimi! Indi görün Qazaxıstanda nə oldu? O gün bu haqda oxudum və bilmədim ki, nə edim, ağlayım, yoxsa gülüm? Bir böyük irəliləyiş var: ilk dəfədir ki, qazax parlamentində başqa bir partiyanın da nümayəndəsi təmsil olunacaq! Mən yazmıram ki, bu partiya nədir, kimə məxsusdur! Sadəcə, bu ölkədə birpartiyalı parlamentdən ilk dəfə olaraq, üç partiyalı (əgər yaddaşım aldatmırsa!) parlamentə keçid baş verib. Qazaxlar artıq bizimlə bərabərləşdilər. Onlar da çoxpartiyalı parlament yaratmağın və dünyanı təəccübləndirməyin yolunu tapdılar: oyuncaq partiya qurursan, bu partiyaya bir mandat verirsən və beləcə, olur çoxpartiyalı parlament! Dünya da razılıq edir, oyuncaq partiya da!.. Bizimkilər bu yolu çox tez tapdılar. Elə buna görə də Azərbaycan “Şərqin qapısı” adlanır də! Cəmi “innovasiyalar” Şərqə bu qapıdan keçib gedir! Indi qazaxlar özlərini xoşbəxt xalq hesab edə bilər. Böyük rəhbər onlara çoxpartiyalı parlament də qurdu! Daha nə lazım? Burada yadıma 1995-ci ilin Azərbaycanı düşür. Bir nəfər o vaxt demişdi ki, bizim məqsədimiz demokratik seçki keçirmək deyildi! Bəli, istəsək, lap azad seçki keçirərik – bəlkə bunu demək istəyirdi həmin adam? Yox, əzizim, azca realist olun – demokratik seçki keçirə bilməzsiniz, çünki belə seçki bunların sonu demək olar, bu hakimiyyət siyasi səhnədən elə silinər ki, heç 12 ballıq zəlzələ də bunun yanında gözə görünməz!
Soçi görüşü tarixə düşə biləcəkmi?
Heç ağlım kəsmir. D.Medvedevin bu, nəyinə lazımdır?! Ona lazımdır, gödək boyu ilə bir, necə deyərlər, “fason” nümayiş etdirsin. Həm də bilir ki, siyasi həyat da boşluğu sevmir. Ona görə də diplomatik imitasiya edirlər. Mən görüşlə bağlı, bəli, yanvarın 23-də baş tutacaq görüşlə bağlı bir-iki detal qeyd etmək istəyirəm:
1. Son dövrdə ölkələrin vəziyyətində elə bir ciddi dəyişiklik baş verməyib ki, bu da diplomatiyada hansısa bir irəliləyişə gətirib çıxarsın. Bəli, Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Nə olsun? Məgər bu, Ermənistanı az da olsa narahat edirmi?
2. D.Medvedevin prezidentlik müddətinin bitməsinə çox az qalıb. Ona görə o görüşü mən vida görüşü adlandırardım. Ola bilsin, növbəti prezident də onu tamamlasın, eyni formatı saxlasın. Lakin növbəti prezident də V.Putin deyil? Məgər bu siyasi tandemin Qarabağ probleminə baxışı bəlli deyilmi?
3. Indi münaqişə soyuq müharibə stilində davam edir. Hər şey də məhz ona hesablanıb ki, kim axıra qədər davam gətirəcək?! Bəli, ABŞ-la SSRI bircə güllə atmadı, amma soyuq müharibə SSRI-ni çökdürdü. Ümid etmək olardı ki, Ermənistanla bağlı da belə olacaq. Amma Ermənistan heç Azərbaycanın analoqsuz inkişafının fərqində deyil, özünün hərbi-təhlükəsizlik ehtiyacını Rusiyanın hesabına ödəyir və sakitcə vaxtı uzadır.
Kiçik sözardı
Bəzən deyirlər ki, siyasətin tələb etdiyi ən birinci şey səbrdir. Ola bilər. Zira, siyasətdə səbr əlini-qolunu uzadıb gözləmək üçün deyil, tədbir görmək və vaxt udmaq üçündür. 19 ildir bu hakimiyyət bizə Qarabağı vəd edir. Daha nə qədər gözləmək lazım gələcək?



