Baharın on yeddinci anı…

saadet-cahangir-koseSəadət Cahangir

Bizim nəsil bu filmi yaxşı xatırlayar, hər halda.  Sovetlərin ən yaxşı serialı da saymaq olar onu. Ikinci Dünya müharibəsi illərində sovet kəşfiyyatçısı Ştirlitsin alman mərkəzi ştabında apardığı gizli işlərdən bəhs edən filmdir. 12 seriyalı filmin adı da simvolikdir. Almaniyanın təslim olmasına az qalmış, fevral-mart aylarında baş verən həyəcanlı hadisələr yer alır bu 17 anın içində. Deyəsən, iki gün əvvəl 17 mart tarixli əfv fərmanı ilə azadlığa çıxan siyasi məhbuslarımıza görə xatırladım bu filmi. Həm də ona görə xatırladım ki, biz elə hardasa 17 ildir həyatımıza məhbuslarsız bahar gələcəyi üçün əlləşib-vuruşub “kəşfiyyatçılıq” edirik. Ştirlitsin müharibəsiz qələbə baharının yaxınlaşması üçün ölüm riskini gözə alıb qorxulu tapşırıqları öhdəsinə götürdüyü kimi. Amma gözlədiyimiz  bahar gəlmir ki, gəlmir…

Uzun gözləntilərdən sonra gəldi bir yarımçıq əfv fərmanı. Həm də xoşlu-xoşuna gəlmədi. Mübarizələr, müraciətlər, çağırışlar, tövsiyələr heç bir fayda vermədikdən sonra, beynəlxalq aləmdən sanksiya xəbərdarlığı dövrəyə girdiyi halda gəldi. Siyahıda 14 nəfər siyasi və ictimai fəalın adı var. Uzun və gərgin mübarizənin sonunda 14 ailəyə gerçək bahar sevincinin gəlməsi də bir uğurdur. Şübhəsiz ki, bu uğuru illərdən bəri ağır şərtlər altında mübarizə aparan, dirəniş göstərən, geri addım atmayan cəsur insanların zəhmətinə yazıram. Bu qazanc həm həbsxanada dözüb dayanan iradəli, cəsur insanlara, həm də çöldə məhrumiyyətlərə dözüb çarpışanlara aiddir. Ancaq necə bir əfv fərmanı idi ki, bu? 100-dən artıq vicdan məhbusu siyahısından 10 faizini əhatə etməklə, yaralarımıza su səpildimi? Yenə duyğularımız bir-birinə qarışdı. Gülməklə ağlamaq arasında qaldıq. Demək ki, haqqımızı qoparıb almaq üçün daha önəmli işlər görmək lazım…

Hər kəs bilir ki, azadlığına qovuşan bu insanların heç biri cinayət törətməyib. Içəridə qalan 90-a yaxın məhbusumuz da həmçinin. Onların heç bir günahı yoxdur. Azad düşüncələrini ifadə etdikləri, hüquq və qanunun göstərdiyi yolla getdikləri üçün həbsə atıblar onları. Indi də məsələni  yaxşıca siyasi bazarlıq predmetinə çeviriblər. Bundan sonra hər bayramda 10 nəfər buraxıb, beynəlxalq aləmlə öz bazarlıqlarını etmək istəyəcəklər hər halda. Hələ azad olunanların yerini yeni şəxslərlə dolduracaqları da istisna deyil. Buna yol verməməliyik, bu ölkə insanı qalxıb haqqına sahib çıxmalıdır, axır ki!

Başqalarını bilmirəm, amma mən uzaq illərdəki baharların xiffətini çox çəkirəm. Burnumun ucu göynəyir o illər, o baharlar üçün. Çiçəklərinin ətrində itib-batdığımız, yağışında təpədən-dırnağa islandığımız, torpağın və otların qoxusunu doya-doya ciyərlərimizə çəkdiyimiz o zamanlar hara getdi? Tam bir ayını doya-doya bayram ovqatı yaşadığımız günlər necə uçdu əlimizdən? Içimizdəki o sevinc, işıq, rəng hara yox oldu? Bir qəfil rüzgar alıb apardı əlimizdən o xoşbəxt günləri sanki. Bir rəngarəng çərpələng kimi gözümüzdən itib çox uzaqlara getdi elə bil. Indi nə qədər gözləsək də, günlərin içinə rəng qatmaq istəsək də, alınmır ki, alınmır. O gözəl, içimizi güldürən baharlar və bayramlar gəlmir. Ona görə, dərdlərdən, ağrı-acılardan da xilas ola bilmirik. Ruhumuzdan, üstümüzdən sıxıntını ata bilmirik. Neçə ki, həbsxana kimi bir cəmiyyətdə yaşayırıq, nə özümüzü, nə dustaqxanadakıları azad edə bilmirik, gözəl baharlar gəlməyəcək. Amma mən o baharları görmək istəyirəm. Siz də istəyin ki, tez gəlsin!