DİN-in müstəntiqi olmuş vəkildən sensasiyalı müraciət – «Usubov məni yanına çağırıb dedi ki…»

daxili ishler nazirliyiİlham Əsədov: «Adam oğurluğu cinayətlərində DIN əməkdaşlarının izinə düşəndən sonra zirzəmidə suyun içində saxlanıldım…»

Bu ilin fevralında bağı yanan vəkil Ilham Əsədov dövlət başçısı Ilham Əliyevə açıq məktub yazaraq, bir xeyli ilginc məqamlara toxunub. Ailəsinin məhv edilməsinin qarşısını almaq üçün dövlət başçısından kömək istəyən Ilham Əsədov Azərbaycanda adam oğurlayan dəstənin olduğunu və həmin şəxslərin izinə hələ illər öncə – Daxili Işlər Nazirliyinin Istintaq Idarəsində müstəntiq işləyərkən düşdüyünü bildirir. Onun sözlərinə görə, bu gün başına gələnlər də həmin günlərdə geri çəkilməməsinin, adam oğurluğuna qarşı mübarizədə prinsipiallığının nəticəsidir.

(Əvvəli ötən sayımızda)

Keçmiş müstəntiq yazır ki, 2005-ci ildə Hacı Məmmədovun dəstəsinin ifşası ilə nəticələnən “Qara kəmər” əməliyyatından sonra 14 gün ərzində MTN-də ondan ifadə alınıb. Həmin ifadələr əsasında araşdırmalar aparılıb.

Ilham Əsədovun sözlərinə görə, “Qara kəmər”dən illər öncə Azər Vahabzadə onu Nizami Qocayevin işi üzrə dindirib:

“Çeçenlər tutuldu, amma heç bir saat saxlaya bilmədik”

“Həmin vaxt bu gün adam oğurluqlarına görə həbsdə olan şəxslərin adlarını hallandırmışdım. O dövrdə Nəsimi rayonu, 21-ci polis bölməsinin rəisi Əli Quliyevi həbs etdilər. Adlarını çəkdiyim digər şəxslər isə Daxili Işlər Nazirliyində oturduğuna görə onlar haqda heç bir tədbir görülmədi. Əli Quliyev Hacı Məmmədovun işində olmayan, başqa bir adam oğurluğuna – ”Qusar işi”nə görə 10 il iş aldı. Amma Nəsimi Rayon Polis Idarəsinin keçmiş rəisinin də bu işlərdə əli var.

“Sığorta Mamed”ə də oğlunun oğurlanmasından DIN rəhbərliyinin xəbəri olduğunu demişdim. Mən əməliyyat-istintaq yolu ilə adam oğurluqları ilə məşğul olan, hazırda bir neçəsi həbsdə olan çeçenlərə çıxa bilmişdim. Onlar məni öldürmək istəyirdilər. Onlar demişdilər ki, bu işdə DIN əməliyyatçılarının əli var. Biz həmin şəxsləri tutduq, lakin heç 1 saat saxlaya bilmədik. DIN əməkdaşlarının göstərişi əsasında çeçenləri azad etdilər. Aslanbek vardı, bu gün həbsdədir, 2 çeçen də artıq rəhmətə gedib…”

Ilham Əsədov deyir ki, “Sığorta Mamed”ə dediklərini o gedib DIN-in rəhbərliyinə çatdırıb. Bundan sonra işi ondan alıblar: “DIN rəhbərliyi məni yanına çağırdı. Dedilər ki, məgər Daxili Işlər Nazirliyi adam oğurluğu ilə məşğuldur?

Cavab verdim ki, heç yerdə sizin adam oğurladığınızı deməmişəm, sadəcə, DIN əməkdaşlarının bu işlərin arxasında dayandığını demişəm. Həmin vaxt Nizami Qocayev DIN-in Istintaq Idarəsinin rəisi idi. Işi məndən aldılar, dedilər ki, “təhvil ver, sən bu işi apara bilməzsən”. Işi təhvil verdim və mənə təzyiqlər başladı”.

“DIN rəhbərliyi məni 11 gün zirzəmidə suyun içində saxlatdırdı”

Ilham Əsədov qeyd edir ki, DIN rəhbərliyilə görüşdən sonra 11 sutka heç bir qanuni əsas olmadan onu Nəsimi Rayon Polis Idarəsinin zirzəmisində, suyun içində saxlayıblar: “Bu gün də boynumu çevirə bilmirəm. Azərbaycan hüquq-mühafizə orqanları tarixində ilk dəfə idi ki, məhkəmə qərarı olmadan DIN-in müstəntiqi qanunsuz olaraq 11 sutka təcridxanada saxlanılırdı. Özü də DIN rəhbərliyinin göstərişi ilə. Yazmışdılar ki, guya, müşavirədə daxili işlər nazirinin üzünə qayıtmışam. Halbuki, mən müşavirədə olmamışdım. Respublika Prokurorluğuna da göstəriş verilmişdi ki, müstəntiq Ilham Əsədov nəyin bahasına olursa olsun, həbs edilməlidir. Amma Bakı şəhər Baş Polis Idarəsinin rəisi Məhərrəm Əliyev, şəhər prokuroru Hüseyn Əlixanov, baş prokuror Eldar Həsənov məni şəxsən tanıyırdılar və iş təcrübəmi bildiklərinə görə buna getmədilər.

1998-ci il dekabrın 31-də gecə məni zirzəmidən çıxartdılar, dedilər ki, “dilini saxlamasan, səni bundan sonra da fəsadlar gözləyir. 1999-cu ilin yanvarında daxili işlər nazirinin keçmiş müavini, mərhum Zahid Dünyamalıyev məni yanına çağırdı. Dedi ki, adam oğrularının izinə düz düşmüsən, səni Çeçenistana ezamiyyətə göndəririk. Məni 11 gün qanunsuz həbsdə saxlasalar da, müstəntiq vəzifəsindən uzaqlaşdırmamışdılar. Bakıdan çıxıb Mahaçqalaya getdim. Həmin vaxt Çeçenistanda müharibə gedirdi. Mahaçqaladan Qudermesə gedən kimi sanki çeçenlər məni gözləyirdilər. Tutub qollarıma qandal vurdular, başıma torba keçirdilər. Onlardan biri bu gün Hacı Məmmədovun işi ilə bağlı həbsdədir”.

“Məni Çeçenistanda bir tövləyə saldılar…”

Keçmiş müstəntiq yazır ki, orada bir aya yaxın girovluqda qalıb: “Çeçenlər qollarıma qandal vurub, bir tövləyə saldılar. Orada rus əsgərlərini saxlayırdılar. Mənə dedilər ki, buradan meyitin çıxacaq. Rus əsgərlərinə gözümün qarşısında işgəncə verirdlər, 2 əsgərin başını kəsmişdilər. Mənə orada da dedilər ki, ”dilin başına bəla olub”. Məni Çeçenistana ezamiyyətə göndərəndə artıq adam oğurluğu işini məndən almışdılar. Amma adam oğurluğuna görə də məni Çeçenistana göndərmişdilər. Zahid Dünyamalıyev demişdi ki, “qayıdandan sonra işi sənə qaytaracağıq”. Çeçenlər mənə açıq “Sığorta Mamed”lə danışmağa şərait yaradırdılar. Ona dedim ki, “məni Zahid Dünyamalıyev bura kimlərinsə göstərişilə göndərməklə oyuna salıb”.

Qardaşlarım o dövrdə Çeçenistan rəhbərliyinə çıxdılar, danışıqlar apardılar, külli miqdarda pul ödəyəndən sonra məni azad etdilər. Mən Bakıya qayıdanda hamı təəccüb içində idi. Məni ezamiyyətə göndərənlər girovluqda olduğum günlərdə harada olmağım, ölüb-qalmağımla maraqlanmamışdılar. 1 aya yaxın orada çox ağır durumda saxladılar”.

“Məhərrəm Əliyevin sayəsində öyrəndim ki…”

Vəkilin sözlərinə görə, onun Bakıya qayıdışından təxminən 2 ay sonra Nizami Qocayev həbs olunub: “O dövrdə çox belə ağlasığmaz işlər baş verdi, Nizami Qocayev həbs olunub qondarma ittihamlarla üz-üzə qaldı. Onun həbsindən sonra Azər Vahabzadənin rəhbərlik etdiyi istintaq qrupu il yarım məni get-gələ saldı. Həmin vaxt DIN rəhbərliyi demişdi ki, bu adam həbs olunmalıdır, Nizami Qocayevlə əlbirdi. Son məqamda Məhərrəm Əliyevin sayəsində mənə məlumat çatdı ki, evimin eyvanına əməliyyatçılar tərəfindən avtomat qoyulacaq. Gecə ilə ailəmi o evdən çıxardım. Silahı qoymuşdular, sonra bilmişdilər ki, o evdə yaşamıram, qoyduqları kimi də götürmüşdülər”.

“Ramil Usubov məni çağırıb dedi ki…”

Ilham Əsədov qeyd edir ki, bir müddət hamıdan gizlənib: “Mən Azərbaycandan getdim. Həmin vaxt artıq təqaüdə çıxmışdım. Sonradan bildim ki, o dövrlərdə Hacı Məmmədovgil məni axtarıblar, izimə düşüb öldürmək istəyiblər. ”Qara kəmər” əməliyyatından sonra mən MTN-də ifadə vermişəm, 2005-ci il mayın əvvəllərində daxili işlər nazirinin kadrlar üzrə müavini Əsgər Ələkbərov çağırdı, dedi ki, nazirin qəbuluna gəlməlisən. Ramil Usubov dedi ki, “bilirəm, sənə qarşı haqsızlıq olub, vaxtında haqqında düzgün məlumat verilməyib. Biz səni işinə bərpa edirik”. Həmin vaxt mən artıq vəkillik fəaliyyəti ilə məşğul idim. Dedim ki, cənab nazir, mən geri qayıtmaq istəmirəm. Dedi ki, “gəl qayıt, ətəyindən bu daşı tök yerə”. Əsgər Ələkbərova da dedi ki, “bu yoldaşı sərəncama götürün”. Amma orada cənab nazirə bir daha bildirdim ki, geri qayıtmaq istəmirəm”.

“Bütün bunların sonu bağımın yandırılması, oğluma…”

Ilham Əsədov deyir ki, onu Hacı Məmmədovun işi üzrə zərərçəkən kimi tanıyıblar, amma sonradan onun epizodu üzrə işi ayrıca icraata götürüblər: “Hacı Məmmədovun işini məhkəməyə göndərdilər, onda bildim ki, Novruz Kərimov, Sahib Ələkbərov və digər müstəntiqlər ifadəmi işdən çıxarıb, hüquqi qiymət verməyiblər. 2005-ci ildən sonra da hər bir işimdə çox ehtiyatlı davranmışam. Çünki gec-tez zərbə gələcəyini gözləyirdim.

Vəkillik fəaliyyətim dövründə də mən istəmədən DIN rəhbərliyi ilə konfliktli situasiyalar yaranıb. Bütün bunların sonu bağımın yandırılması, oğluma heç bir əsas olmadan cinayət işinin başlanmasına gəlib çıxdı…”

İnformasiya şöbəsi