İlham Əliyevin ad gününə 1 milyonluq hədiyyə

Bakıda ucaldılan «Alov fəvvarə» haqqında ilginc məlumatlar ortaya çıxdı

Dünən Böyük Britaniyanın BBC teleradio kompaniyasının veb-səhifəsində Azərbaycan hakimiyyəti ilə bağlı maraqlı xəbər dərc olunub. Xəbərdə bildirilir ki, Şimali Lankşir şəhərindən olan bir inşaat şirkəti Azərbaycan Respublikasının prezidenti Ilham Əliyev üçün 1 milyon funt-sterlinq dəyərində metal konstruksiyadan ibarət “Alov fəvvarə” hazırlayıb.
Məqalədə deyilir: “TP Aspinol və Heyşem Oğulları “Alov fəvvarə” qülləsini Ilham Əliyevin ötən aya təsadüf edən doğum günü ərəfəsində bitiriblər. Hündürlüyü 30 metr olan və 1 milyon funt-sterlinqə (1 547 300 ABŞ dolları) başa gələn fəvvarənin metal konstruksiyaları təxminən 4800 km-lik məsafədən Bakı şəhərinə 10 yük maşınında daşınıb. Şirkətin direktoru Simon Aspinol deyir ki, bu 10 günlük səfər “nəhəng səfər” olub. “Vaxt çox az idi, konstruksiyaların son parçaları isə yük maşınlarına yerləşmədi, o zaman biz bu hissələri 21 əlavə çemodanda təyyarə ilə daşımaq məcburiyyətində qaldıq”, – deyə o bildirib.
Paslanmayan metaldan hazırlanan fəvvarə qülləsi üç spirallı hissədən ibarətdir. Qüllə tamamilə şüşə ilə örtülüb, işığı və suyu əks etdirir. Bu nəhəng alov qüllə indi geniş bir fəvvarə hovuzunun içində dayanır. Cənab Aspinol deyib ki, Azərbaycan hökuməti ilə bağlanan bu müqavilə onlar üçün həyati əhəmiyyət kəsb edib, çünki son illərin iqtisadi böhranları onların əməkdaşlarının sayını 120-dən 40-a endirmişdi. “Biz bu layihə üzərində iyun ayından bəri çox əziyyət çəkmişik, məhz bu, bizi məcbur edirdi ki, gərgin işləyək”, – deyə Aspinol vurğulayıb. O, sonda əlavə edərək ümid etdiyini bildirib ki, bu müqavilə daha geniş işgüzar münasibətlər üçün körpü olacaq. Çünki Bakı bu il “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək”.

Rəşad Alp