“Əliyevlərin “qardaş” kəlməsi saxtadır”

Turqut Ər Türkiyənin Azərbaycanda görmək istədiyi dəyişikliklərdən danışdı

«Heydər Əliyev zehniyyəti Azərbaycanı türk dünyasından kənar tutmağa çalışıb və bu zehniyyət hələ də hakimdir

«Hafiz Əsədlə Heydər Əliyevin əlaqələrini araşdırın, görün hansı nəticələr ortaya çıxacaq»

Müsahibimiz Azərbaycanda diplomat kimi fəaliyyət göstərmiş, böyük səs-küyə səbəb olan “Azadlıqdan Tiranlığa” adlı kitabın müəllifi Turqut Ərdir. Söhbətimizin mövzusu isə hazırda Fransa ilə Türkiyə arasında yaşananlara Azərbaycanın nümayiş etdirdiyi qeyri-adekvat mövqedir.

– Türkiyə ilə Fransa arasında yaşanan gərginliyin fonunda Azərbaycanın nümayiş etdirdiyi mövqe həm yerli, həm də Türkiyə mediasında müzakirə predmetidir. Azərbaycanın belə bir mövqe sərgiləcəyi nə qədər gözlənilən idi?
– Azərbaycanın indi ortaya qoyduğu mövqe  bir ay ərzində formalaşan məsələ deyildir. Bu siyasətin dərin, uzun illərə dayanan təməlləri var. Vaxtilə Rusiyanın nəzarətində olan bir Azərbaycan hakimiyyəti var idi ki, bu da Heydər Əliyev zehniyyətinin məhsulu idi. Heydər Əliyev zehniyyətinə əsaslanan siyasət hələ də davam edir. Bu zehniyyətin təməlində olanlar türk dünyasına, onun milli məsələlərinə ziddir. Bu, anti-demokratik, anti-milli zehniyyətdir.
Diqqət yetirin, Türkiyənin və türk dünyasının milli məsələlərinə Azərbaycan hakimiyyəti 15 ildir necə yanaşır. Israil məsələsində Azərbaycan kənarda dayandı. Verilən bəyanatlarla tanışsınız. Şimali Kipr problemi ilə bağlı yanaşma da Türk Dünyasının maraqlarına ziddir. Milli məsələmiz olan PKK problemində Türkiyənin əksinə addımlar atıldı və terror təşkilatının başçılarına Azərbaycanda sığınacaq verildi. Demokratikləşməyə, demokratik prinsiplərə yanaşma da Türkiyənin yanaşmasından fərqlidir. Son olay – Fransaya münasibət də ortadadır. Azərbaycanın Türkiyəyə bu cür yanaşması indi baş qaldıran problem deyil. Azərbaycanda anti-milli, anti-demokratik bir hakimiyyət olduğu müddətdə Türkiyə ilə Azərbaycanın münasibətləri dəyişməyəcək. Bu münasibətlər yalnız Azərbaycanda hazırda güclü olan demokratik qüvvələr başarılı olduğu zaman normallaşacaq.
Diqqət yetirin, Qırğızıstan bir demokratik seçim etdi. Azərbaycan başçılarının Qırğızıstana münasibətinə baxın. Qırğızıstandakı olaylar türk dünyasının fəxr edəcəyi olay olsa da, rəsmi Bakının mövqeyində bu, hiss olunmur.

Hakimiyyət Qarabağı qaytarmaq istəmir

– Fransanın “erməni soyqırımı” ilə bağlı atdığı addımlara Azərbaycanın münasibəti bir bəyanatdan artıq olmadı…
– Artıq ola da bilməzdi. Azərbaycan hakimiyyətində olanların Fransadakılarla hansı əlaqələrdə olduğunu heç kim bilmir. Bu məsələlərin açığa çıxması lazımdır. Azərbaycan parlamentində Fransa ilə dostluq qrupunun rəhbəri dövlət başçısının xanımı Mehriban Əliyevadır. Son fəaliyyət nədən ibarət oldu? Azərbaycan Fransanın bir bələdiyyə başqanı ilə saziş imzaladı, bundan başqa dövlət medallarının qarşılıqlı təqdimatı oldu.

– Türkiyə konkret olaraq Azərbaycandan ATƏT-in Minsk Qrupunda Fransanın həmsədrliyindən imtinanı tələb edir. Amma bunu populizm sayanlar, reallaşacağına inanmayanlar var. Siz necə düşünürsünüz, Azərbaycan Fransanın həmsədrliyindən imtina üçün hansı addımları ata bilər?
– Buna veriləcək cavab çox bəsitdir. Fransa və Rusiya ATƏT-in Minsk Qrupunda olduğu müddətdə Qarabağ və Heydər Əliyevin zamanında verilən 6 rayonun problemi çözülə bilməz. Çünki ermənilərin yürütdüyü ideologiya Rusiya və Fransaya hakimdir. Ona görə də Fransa bir an öncə Minsk Qrupundan uzaqlaşdırılmalıdır. Türkiyənin cümhurbaşqanı artıq bu fikri ifadə edib. Amma belə görünür ki, Azərbaycan yetkililəri Qarabağ probleminin çözülməsini istəmirlər.

– Fransanın Minsk Qrupundan uzaqlaşdırılmasından savayı Türkiyənin Azərbaycandan daha hansı gözləntiləri var?
– Iqtidarlar önəmli deyildir. Önəmli olan xalqlardır. Türkiyədə 100 milyona çatmaq üzrə olan bir türk xalqı vardır. Bu xalq Azərbaycanın çağdaş, demokratik, hüquqi bir dövlət olmasını həmişə istəmişdir və bu mövqe bundan sonra da davam edəcəkdir. Türkiyə üçün təməl məsələ məhz budur. Bu olacağı təqdirdə hər şey qaydasında inkişaf edə və milli məsələlər də birlikdə həll olunar. Əgər demokratiyaya nail olunmasa, ümdə problemlər çözülə bilməyəcək. Türkiyədəki iqtidar da bu mövqedədir. Siz baxmayın ki, bəzən Türkiyədən kimlərsə Azərbaycanda seçkilərin normal keçirildiyini elan edir. Ankara daim Türkiyədəki demokratik rejimin Azərbaycanda da olmasını arzulayıb.

Türkiyəli deputatlarla Mehriban Əliyeva görüşməyibsə…

– Amma nədənsə, Türkiyə hakimiyyəti Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı rəsmi Bakını heç tənqid etmir, çəkingənlik nümayiş etdirir.
– Azərbaycanın türk dünyasının maraqlarına zidd xeyli addımlar atmasına rəğmən, Türkiyə Azərbaycana qarşı sərt addımlar atmayıb. Bunun da səbəbi budur ki, iqtidarlar gəldi-gedərdi. Önəmli olan Azərbaycan xalqının demokratiyaya sadiqliyi və onun uğrunda mübarizə aparmasıdır. Azərbaycan türkü bu iqtidardan sonra da bu məmləkətdə yaşayacaqdır. Dolayısı ilə Azərbaycan iqtidarının Türkiyəyə qarşı nümayiş etdirdiklərinə pis cavab verilməyib, verilməyəcək də. Türkiyə hər zaman Azərbaycanın milli heysiyyatını, şərəfini özününkü kimi qoruyub, qorumaqda da davam edəcək. Türkiyə böyük dövlətdir, Azərbaycanın da yerləşdiyi coğrafiyada sorumluluğu olan bir ölkədir. Türkiyə maraqlarını yalnız bir ailənin hərəkətləri ilə tənzimləmir. Bu qədər böyük maraqlar uğrunda mübarizə aparan Türkiyə nəyə görə Azərbaycan türkünə qarşı sərt addımlar atsın? Bu-gün sabah gedəcək iqtidara görə Türkiyə belə addım atmaz. Bu iqtidar bu gün varsa, yarın yoxdur. Amma yarın gələcək demokratik güclərə iyi bir Azərbaycan təslim etmək lazımdır.

– Hazırda Türkiyə parlamentinin üzvləri Bakıdadır və Azərbaycandan konkret mövqe sərgiləməyi istəyirlər. Sizcə, Azərbaycan iqtidarı ondan istənilən mövqeni sərgiləməsə, hansı proseslər baş verə bilər?
– Türkiyə parlamentinin üzvləri ilə əgər Milli Məclisdəki Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Mehriban Əliyeva görüşməyibsə, deməli Bakının mövqeyi yenə «yox» olacaq. Bu, artıq bəllidir. Türkiyənin reaksiyasına gəlincə, Türkiyə Azərbaycan türkünü incidəcək addım atmayacaq. Azərbaycanda Türkiyəyə qarşı fərqli mövqenin sərgilənməsini istəyən demokratik qüvvələr var. Bu qüvvələr 20 ildir ki, böyük mübarizə yolu keçiblər. Türkiyə bu qüvvələrin Azərbaycanda yarın iqtidar olmasını istəyir, bu istiqamətdə dəstək də göstərə bilər. Önəmli olan Azərbaycanda demokratik mübarizənin davam etməsidir.

Türk xalqı Azərbaycandakı demokratlarla bərabərdir

– Yeri gəlmişkən, Fransanın Türkiyə ilə yaratdığı son gərginliyə Azərbaycan müxalifəti kəskin mövqe sərgiləyib. Türkiyədə bundan nə dərəcədə xəbərdardırlar?
– Azərbaycanda Elçibəydən başlayan və Əli Kərimli, Isa Qəmbərlə davam edən demokratiya uğrunda mübarizəni Türkiyə həmişə dəstəkləyib. Türk xalqı onlarla bərabərdir. Türk xalqı özü necə yaşayırsa, Azərbaycan xalqının da elə yaşamasını istəyir. Ancaq bu yolla Azərbaycan və Türkiyə güclü ola bilər. Türkiyə mediası Azərbaycan müxalifətinin sərgilədiyi dəstəyi yüksək qiymətləndirir. Amma müxalifətdə olan dostlarımızın türk mediası ilə sıx əlaqələr qurmasına ehtiyac var. Hazırda Əli Kərimlinin ölkədən çıxışına əngəl törədilib. Amma Əli Kərimli milli və beynəlxalq məsələlərdə Türkiyə mediası ilə daha sıx əlaqələr saxlayarsa, bu, hər iki dövlətin mənafeyinə uyğun olar.

– Azərbaycan hakimiyyətinin Fransa ilə əlaqələrə bu qədər həssas yanaşmasının səbəbini nə ilə izah edərdiniz?
– Biz Fransa hakimiyyəti ilə Azərbaycan iqtidarı arasında hansı gizli əlaqələrin olduğunu bilmirik. Eyni zamanda Ermənistanla Azərbaycan hakimiyyəti arasındakı gizli əlaqələr də bizə məlum deyil. Ona görə bu məqamlar açıqlanmadığı müddətdə bu suala cavab vermək çətindir.

– Bir neçə gün öncə Şimali Kiprin sabiq prezidenti Rauf Denktaş dünyasını dəyişdi və dəfn mərasiminə Azərbaycan hakimiyyətindən heç kim qatılmadı. Bu məqam Türkiyə mətbuatının da diqqətini çəkdi və telekanallarda Azərbaycan hakimiyyətinin Şimali Kipr probleminə münasibəti qabardıldı…
– Rauf Denktaşı Azərbaycana heç dəvət etmədilər də. Bunu nə Heydər Əliyev etdi, nə də oğlu. Rauf Denktaş Azərbaycan üçün ürəyi yanan bir qəhrəman idi. Dolayısı ilə bu bir daha təsdiq edir ki, Heydər Əliyev zehniyyəti Azərbaycanı türk dünyasından kənar tutmağa çalışıb və bunu müəyyən mənada bacarıb. Heydər Əliyev Türkiyə və türk dünyasının maraqlarına uyğun heç nə etməyib. Denktaş ideologiyasına qarşı da Azərbaycan hakimiyyətinin  mövqeyi yalnız bir quru mesaj olub. Azərbaycan hakimiyyətinin «qardaş» kəlməsi saxtadır və ona nə türk dünyasında, nə də Türkiyədə heç kim inanmır.

Iqtidarın yürütdüyü siyasət onu dünyada təkləyib

– Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçiləndə bəyan olunmuşdu ki, bu yer eyni zamanda Türkiyənindir. Amma bu bəyanata baxmayaraq, artıq Suriya məsələsində Azərbaycanla Türkiyənin ciddi fikir ayrılığı var.
– Bir daha təkrarlamaq istərdim. Heydər Əliyev zehniyyəti Azərbaycana hələ də hakimdir. Suriyadakı hazırkı diktatorun atası Hafiz Əsəd idi. Heydər Əliyevlə onun əlaqələrini araşdırın, görün hansı nəticələr ortaya çıxacaq. Ona görə Suriya məsələsində Azərbaycanın fərqli mövqe tutması mümkün deyildir. BMT Təhlükəsizlik Şurasındakı vəziyyətə gəlincə, bizdə bir atalar sözü var – araba kölgəsində yatıb, bu kölgə mənimdir demək asandır. Asan olmayan bu mövqeni qoruyub saxlamaq və səndən gözləniləni etməkdir. Azərbaycan iqtidarı dünyada elə siyasət yürüdür ki, nəticədə özü meydanda tək qalır. Bu gün iqtidarın yürütdüyü siyasət onu dünyada təkləyib. Heç bir ölkədə Azərbaycan hakimiyyətinin əsl dostu yoxdur. Türkiyə Azərbaycan iqtidarının deyil, xalqının dostudur. BMT-dəki bəyanatı onsuz da Türkiyə iqtidarı ciddiyə almayıb.

– Sizin “Azadlıqdan tiranlığa” kitabınız Azərbaycanda böyük marağa səbəb oldu. Yeni bir kitab yazmaq barədə düşünmürsüz?
– Yeni bir kitab yazmaq barədə düşünmürəm. Hesab edirəm ki, ikinci kitabı Azərbaycanda demokratik qüvvələr hakimiyyətə gələn zaman sənədlərə istinadən yazmaq olar. Həmin kitab Azərbaycan və türk dünyasının əleyhinə atılan addımlara həsr oluna bilər. Amma mənim hazırda başqa sənədlər üzərində araşdırmam davam edir. Bu araşdırma 1918-1924-cü illər arasında Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunub.

Hikmət