Azərbaycanın neft ixracı azalıb

azerb-neft-bayraqAzərbaycan 2016-cı ilin yanvar-fevral aylarında 5 mln. 275 min 622,78 ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,2% azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Sayğacların göstəricilərinə əsasən, yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 4 mln. 490,49 min ton (həmçinin “Şahdəniz” yatağından 411,385 min ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 725,287 min ton neft ixrac olunub, Bakı-Novorossiysk kəməri ilə neft nəql edilməyib. Dəmir yolları ilə Gürcüstan limanlarına 59 min 848,08 ton neft daşınıb.

Komitənin məlumatına görə, hesabat dövründə ixrac edilmiş $940 mln. 495,11 min məbləğində neftin bəyan edilmiş həcmi 3 mln. 735 min 594,62 ton təşkil edib.

2016-cı ilin yanvar-fevral aylarında Azərbaycandan $62 mln. 999,69 min məbləğində 333 min 557,18 ton neft məhsulu ixrac olunub.

QAZ İXRACI ARTIB

2016-cı ilin yanvar-fevral aylarında Azərbaycan 1 mlrd. 699 mln. 230,45 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,5% çoxdur.

Bununla yanaşı, hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $44 mln. 777,66 min məbləğində qaz ixracı 301 mln. 23,43 min kubmetr təşkil edib.

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.