Kənan Mədətov: «O adam peşman olar ki, nəsə eləsin, mən isə heç nə eləməmişəm…»
Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı məhkəmə prosesi yekunlaşır. Məhkəmə istintaqı başa çatıb, prokuror da çıxış edərək, təqsirləndirilən beş nəfərə 1 il 6 aydan 14 ilə qədər həbs cəzası istəyib. Vəkillər də müdafiə nitqilə çıxış ediblər. Bu prosesdə hazırda təqsirləndirilən şəxslərin son söz demək mərhələsidir.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən dünənki iclasda beş nəfərdən ikisi – Kənan Mədətov və Arif Əliyev son sözünü deyib.
Arif Əliyev yazılı şəkildə məhkəməyə təqdim etdiyi son sözündə ailə vəziyyətinin nəzərə alınmasını xahiş edib: “Mən yaşlı nənəmin himayəsindəyəm. Ona məndən başqa heç kim baxmır. Gəncliyimin, ilk dəfə məhkum olunmağımın nəzərə alınmasını, dəlil-sübutların incəliklərinə qədər araşdırılıb, ədalətli qərar qəbul etməyinizi xahiş edirəm”.
Kənan Mədətov isə son sözündə heç bir cinayət törətmədiyini vurğulayıb: “Mən heç bir şeyə görə peşman deyiləm. O adam peşman olar ki, nəsə eləsin. Mən isə heç nə eləməmişəm. Eləmədiyim şeyə görə necə peşman ola bilərəm?!”
Təqsirləndirilən digər üç nəfər – Elşən Ismayılov, Camal Məmmədov və Samir Mustafayev isə son sözə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Onlar bildiriblər ki, çıxışa hazır deyillər.
Samir Mustafayev bildirib ki, prokuror heç bir günahı olmadığı halda, ona 11 il 6 ay həbs cəzası istəyib: “Buna görə də deyəcəklərim çoxdur, amma indi çıxışa hazır deyiləm”.
Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Ismayılov təqsirləndirilən şəxslərə hazırlaşmaq üçün martın 31-nə qədər vaxt verib.
Xatırladaq ki, Rasim Əliyev “facebook”da “Qəbələ” futbol klubunun keçmiş kapitanı Cavid Hüseynov barədə status yazandan sonra avqustun 8-də futbolçunun bibisi oğlu Elşən Ismayılov da daxil olmaqla, bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist avqustun 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsilə ittiham olunur. Prokuror təqsirləndirilən şəxslərdən Elşən Ismayılov və Arif Əliyevə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevə isə 11 il 6 ay həbs cəzası istəyib.
Cavid Hüseynov isə CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsilə ittiham olunur. Onun işi üzrə də məhkəmə davam edir.
Aytən