Ölkə məhkəmələrini oyuncaq quruma çevirənlər Avropa Məhkəməsinin qərarlarından xofa düşüb
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Bu qanun layihəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin III hissəsi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid edilmiş məsələlərə əlavə olaraq Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə əsasında insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın Azərbaycan barəsində qəbul etdiyi qərarların Azərbaycan Konstitusiyasına uyğunluğu baxımından Azərbaycan tərəfindən icrasının mümükünlüyü məsələsini həll edir.
Sadə dildə desək, bu qanun layihəsi Konstitusiya Məhkəməsinə əlavə səlahiyyətlər verir. Məqsəd isə Avropa Məhkəməsinin qərarlarını icra etməkdən yayınmaqdır. Hökumət isə belə əsaslandırır ki, qanun layihəsinin məqsədi ikili standartların hüquqi müstəviyə keçməsinin qarısını almaqdır.
Qeyd edək ki, belə bir qanun layihəsi ilk olaraq Rusiyada qəbul olunub və Azərbyacan hakimiyyəti də bu nümunəni Rusiyadan götürüb.
Əslində, hökumətimiz növbəti dəfə absurd və qeyri-ciddi addım atır. Sual meydana çıxır ki, Avropa Məhkəməsinin qərarlarını icra etmək istəmirsinizsə, niyə Avropa Şurasının Insan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyasına qoşulmusunuz?
Digər tərəfdən, niyə günahsız insanları şərləyib həbsə atırsınız ki, Avropa Məhkəməsinin qərarlarını icra etmək məcburiyyətində qalırsınız?
Ölkədə ədaləti təmin edəcək məhkəmə instansiyası yoxdursa, vətəndaşlar Avropa Məhkəməsinə üz tutmağa məcburdu.
Hökumətin riyakarlığı, ədalətsizliyi sərhəd tanımır. Guya, Avropa Məhkməsi tanınmış ictimai-siyasi xadimlərin şərlənərək həbs edilməsinə haqq qazandırmalıdır. Hökumət bu qədər günahsız insanın taleyi ilə alver edəndə, nəticənin də ağır təzminatlar olacağını bilməlidir.
Ölkədə normal məhkəmə ssitemi yaratmaq, repressiyalara son qoymaq əvəzinə, Avropa Məhkəməsinin haqlı qərarlarından boyun qaçırmaq istəyirlər.
Dövlətin imicini zərrə qədər düşünən hökumət problemin Avropa Məhkəməsinə qədər uzanmasına imkan yaratmaz. Artıq ölkə məhkəmələri haqqında lətifələr yaranıb, məhkəmə prosesləri ironiya obyektinə çevrilib. Günahsızlığı 100 faiz sübuta yetirilmiş adamlar ağır həbs cəzasına məhkum edilib. Üstəlik, bütün dünya Azərbaycandakı eybəcər vəziyyətdən danışır.
Belə bir reallıqda növbəti dəfə dövləti çətin vəziyyətə salmaq istəyirlər. Avropa Məhkəməsinin qərarlarının icrasından imtina etmək, demokratik dünya ilə uçurumun dərinləşməsi deməkdir.
Bir daha aydın olur ki, hökumət öz xəstə mahiyyətindən xilas ola bilmir. Rafael Cəbrayılovun hazırladığı qanun layihəsi də bundan artıq ola bilməzdi. Adamları rahat şəkildə şərləyə bilmək, məhkəmələri sona qədər oyuncaq quruma çevirə bilmək üçün Avropa Məhkəməsinin qərarlarına xor baxırlar.
Bəli, dünya yeni nailiyyətlər əldə edir, biz isə ölkədə müstəqil məhkəmə tapa bilmirik. Hamının ümidi Avropa Məhkəməsinə qalıb. Avropa Məhkəməsinin hər qərarı isə hökumətin saxtakarlığının, ədalətislziyinin ifşası ilə nəticələnir.
Akif



