İqtisadiyyatı batıranların “yol xəritəsi”

ilham-mushavireYaxud bu siyasətlə inkişafa nail olmaq olarmı?

Martın 16-da ölkə başçısı Ilham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə Işçi qrupu yaradılır.

Işçi qrupunun tərkibi belədir: Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin Iqtisadi islahatlar üzrə köməkçisi, Ilqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini, Alim Quliyev – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini, Vilayət Vəliyev – Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin Iqtisadi islahatlar Elmi-Tədqiqat Institutunun direktoru, Ədalət Muradov – Azərbaycan Dövlət Iqtisad Universitetinin rektoru, Emin Hüseynov – ADA Universitetinin prorektoru.

Işçi qrupuna tapşırılıb ki, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini, 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini, 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini altı ay müddətində hazırlayıb dövlət başçısına təqdim etsin.

Bu məsələ ilk dəfə müzakirəyə çıxarılanda mövqe bildirmişdik. Yazmışdıq ki, ölkənin bütün potensialını məhv edib, milli iqtisadiyyatı çökdürdükdən sonra hər hansı “yol xəritəsi” hazırlamaq imitasiyadır. Ölkəyə 100 milyardlarla vəsait gələn zaman heç bir sahəni inkişaf etdirməyiblər, iqtisadiyyatı monopoliyaya, korrupsiyaya qurban veriblər,  azad sahibkarlığı sıradan çıxarıblar və indi ayılıblar ki, milli iqtisadiyyatı inkişaf etdirmək lazımdır. Deməli, etiraf edirlər ki, 23 il ərzində hökumət sadəcə talançılıqla məşğul olub və məqsədli şəkildə ölkəni uçuruma sürükləyib.

Başqa bir məqam bundan ibarətdir ki, hətta “yol xəritəsi”nin  hazırlanması haqqında sərəncam verildikdən sonra da hökumət əvvəlki “xəritə” ilə hərəkət edir. Yəni yenə də monopoliya qüvvəsindədir, yenə də gömrük sistemindəki neqativ hallar davam edir, yenə də xırda və orta sahıbkarlığa şərait yaradılmır.

Sadəcə olaraq hökumət görüntü yaradır, vaxt udmaqla məşğuldular. Camaata boş təsəlli verirlər ki, 6 ay da gözləyin, yeni strategiya qururuq. Hətta bu strategiya real olsa belə, icrası bir neçə ildən sonra mümkün olacaq.

Ancaq indiki ağır şəraitdə real islahatlar aparılmalı və  vəziyyətə adekvat addımlar atılmalıdır. Əgər bu illər ərzində iqtisadiyyata zərər verən amillər yenə də qüvvədədirsə, gündə 10 dənə xəritə hazırlamaq da nəticəni dəyişə bilməz.

Yəqin ki, işçi qrupun tərkibinə də nəzər saldınız. Hamısı işlədikləri naziriklərdə mühüm postlar tutmuş adamlardı. Əgər bu adamlar milli iqtisadiyyatı dirçəltməyə qadirdilərsə, işlədikləri strukturlarda niyə töhfələr verməyiblər? Niyə bugünə qədər bu adamların inqilabi təklifləriylə rastlaşmamışıq? Bu tərkiblə iqtisadiyyatda canlanma yaranacağı nə qədər real görünür?

Görünən budur ki, hökumətin islahat planlarına heç bir perspektiv vəd etməyən strukturlar yaratmaq daxildir. Yeni qurum da Apelyasiya Şurası, Maliyyə Nəzarəti Komitəsi kimi   imitasiya xarakteri daşıyacaq. Yəqin ki, bundan sonra da sərəncamlar olacaq və hansısa yeni strukturların yaradılması xəbərini eşidəcəyik. Belə “antiböhran” tədbirləri ilə nə vətəndaşın qarnını, nə də büdcəni doldurmaq olar.

Samir