DİN-in müstəntiqi olmuş vəkildən sensasiyalı müraciət: “Adam oğurluqlarının izinə düşmüşdüm”

daxili ishler nazirliyiİlham Əsədov: «18 ildir ki, DİN rəhbərliyilə vuruşuram, buna görə oğlumu həbs etməklə məndən qisas almağa çalışırlar»

«Bakı şəhər Baş Polis İdarəsində şübhələndiyim adamlar kimi DIN-in rəhbər vəzifəli şəxslərinin adını çəkdim»

Bu ilin fevralında bağı yanan vəkil Ilham Əsədov dövlət başçısı Ilham Əliyevə açıq məktub yazaraq, bir xeyli ilginc məqamlara toxunub. Ailəsinin məhv edilməsinin qarşısını almaq üçün dövlət başçısından kömək istəyən Ilham Əsədov Azərbaycanda adam oğurlayan dəstənin olduğunu və həmin şəxslərin izinə hələ illər öncə – Daxili Işlər Nazirliyinin Istintaq Idarəsində müstəntiq işləyərkən düşdüyünü bildirir. Onun sözlərinə görə, bu gün başına gələnlər də həmin günlərdə geri çəkilməməsinin, adam oğurluğuna qarşı mübarizədə prinsipiallığının nəticəsidir.

“Adam oğurluqlarının başında dayananların kim olduğunu bilirəm…”

Keçmiş müstəntiq məktubunda yazır:

“Məni müdafiə edin ki, DIN rəhbərliyi mənim ailəmi məhv etməsin. Dövlət başçısı təcili bu məsələyə müdaxilə etməsə, mənim ailəmin axırına çıxacaqlar. Cinayət işi 3 dəfə geri qaytarılır, DIN isə israr edir ki, Ilham Əsədovun oğlu həbsə getməlidir. Bütün bu işlərin başıma gəlməsinin kökü vaxtilə adam oğurluqları ilə bağlı geri çəkilmədən həqiqəti axtarmağımdır. Adam oğurluqlarının başında dayananların kimliklərini bilirəm, onların hamısı cəzalandırılmayıb. Yarısı çöldədir…”

DIN zabitini oğlum Fərhad Əsədovun üzünə qoyub

Keçmiş müstəntiq Ilham Əsədov bildirir ki, 1993-cü ildə Rusiya Daxili Işlər Nazirliyindən Azərbaycan Daxili Işlər Nazirliyinə köçürülmə yolu ilə gəlib və bu qurumun istintaq idarəsində işləyib: “Heydər Əliyevin vaxtında belə bir yazılmamış qayda vardı ki, hansısa rəhbər öz işçisilə qarşı-qarşıya gəlsə də, onun ailəsinə, övladlarına toxunmurdu. Amma indi mənim vuruşduğum yoldaşlar, DIN rəhbərliyi 18 il ərzində mənimlə bacara bilmədiyindən, indi DIN-in zabitini oğlum Fərhad Əsədovun üzünə qoyub. Həmin zabitin ailəsində problemi var, bundan istifadə edirlər. Yol nəqliyyat hadisəsini xuliqanlığa çevirərək oğluma qarşı iş qaldırıblar. Cinayət işinin istintaqı 7 aydır ki, davam edir, amma ortada bir sübut yoxdur. Buna baxmayaraq, məni cəzalandırmaq üçün həbs etmək istəyirlər”.

Qəzadan cəzaya…

Ilham Əsədovun yazdığına görə, 2015-ci il avqustun 1-də oğlunun keçmiş komandiri onun sürdüyü maşını vurub: “Həmin komandir 2008-ci ildə ondan boşanan həyat yoldaşına qarşı elədiklərinə görə, Cinayət Məcəlləsinin 127-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilib. Qadın ondan boşanıb və oğlum da həmin xanımı maşını təmirdə olduğu üçün öz maşını ilə aparırmış. Komandir də, öz maşını ilə gəlib oğlumun maşınını vurub. Hadisə Xətai rayonu ərazisində olub. Əvvəlcə yol-nəqliyyat hadisəsi kimi Inzibati Xətalar Məcəlləsinin 151-ci maddəsilə iş başladılar. Xətai rayonunun prokuroru Yusif Ildırımzadə biləndə ki, işdə mənim oğlumdur, işi fırlatdılar. Yazdılar ki, guya oğlum komandirin maşınını qəsdən vurub. 7 ay əvvəl CM-nin 221-ci (xuliqanlıq) maddəsilə saxta bir cinayət işi başladılar. Işi DIN-in Istintaq Idarəsində Xələfov soyadlı müstəntiqin icraatına verdilər. Xətaidə Yusif Ildırımzadənin bacısının kürəkəni Vüsal Şahbazov 2 nəfəri zorla şahidə çevirib. Həmin 2 nəfər sonradan Respublika Prokurorluğuna ərizə verib ki, ”biz yalan ifadə vermişik, bizi dindirin”. Respublika Prokurorluğu həmin şəxslərin ərizəsini DIN-ə göndərib ki, araşdırın. O şahidləri də DIN-ə çağırıb təzyiq göstərirlər ki, ifadənizi dəyişsəniz, başınıza oyun gələcək”.

“DIN-dən göstəriş var ki…”

Ilham Əsədov müraciətində yazır ki, baş verənlərlə bağlı Daxili Qoşunların rəhbərliyinin yanına gedib. Və gözləmədiyi halda, onunla şərtlər irəli sürməklə danışmağa başlayıblar: “Dedilər ki, ”bizim şərtimiz var, bağ evini oğlundan şikayət edən komandir Mirzəyə verməlisən, bu halda ona deyərik, ərizəni geri götürər”. Dedilər ki, “komandirin keçmiş həyat yoldaşı Pərvanə Ələsgərova boşanandan sonra – 5 il əvvəl Mərdəkandakı bağ evini ondan alıb. Sənin oğlun da Pərvanə Ələsgərovaya kömək edir, ona görə də sən oğlunla birgə cəzalanmalısan. DIN-dən göstəriş var ki, sənin oğlun həbs olunmalı, ləkələnməlidir”. Gördüm başqa yol qalmır, dedim ki, DIN rəhbərliyinə xəbər verin, mən Ilham Əsədov ora gəlirəm, bir silah versinlər, götürürəm boynuma. Dedilər ki, “oğlun ləkələnməlidir, onun gələcəyi olmamalıdır, ona məhkumluq damğası vurulmalıdır ki, heç yerdə işləyə bilməsin”. Mən oradan birbaşa Baş prokurorun qəbuluna getdim. Zakir Qaralova baş verənləri danışıb, dedim ki, burada heç bir cinayət tərkibi yoxdur, bütün bunlar mənə qarşı təxribatdır. Xahiş etdim ki, bunun qarşısı alınsın. Soruşdum ki, necə ola bilər, zərərçəkən DIN-in işçisidir, işi də DIN aparır? Baş prokuror fevralın 16-da göstəriş verdi ki, iş istintaqa geri qaytarılsın. Bundan sonra Kərim Xələfov komandirə xəbər verib ki, Respublika Prokurorluğu işi təsdiqləmədi, vəziyyət gərgindir. Keçmiş komandir Nardaranda mənim bağ evimə yaxın bir yerdə yerləşən qərargahda oturur. Fevralın 16-da gecə qonşuda olan gözətçi bağ evinə baxıb, yoxlama aparıb. 17-də səhər saat 6-da bağ evim yandırılıb. Bağ evimdə qaz yoxdur, elektrik də 2015-ci ilin sentyabrından bu yana olmayıb. Göstəriş əsasında qəsdən rəy verilə bilər ki, elektrik naqilində qısaqapanma olub. Halbuki, iyun ayına qədər bağa kimsə də daxil olmur”.

“DIN-in vəzifəli şəxslərinin adlarını çəkdim”

Vəkil qeyd edir ki, bağda yanğın fevralın 17-də baş verib, fevralın 20-də isə bunu ictimailəşdirib. Bundan dərhal sonra Bakı Şəhər Baş Polis Idarəsində cinayət işi başlanıb: “Məni də ora dəvət etdilər, dedilər ki, ”işlə çox ciddi məşğul olacağıq”. Məni dindirdilər. Mən də şübhələndiyim adamların, DIN-in rəhbər vəzifəli şəxslərinin adını çəkdim. Adam oğurluğu ilə bağlı apardığım işlər üzrə mənə o dövrdə mane olan vəzifəlilərin də adını çəkdim. Bu günə qədər həmin adlarını çəkdiyim şəxslərdən birini də çağırıb dindirməyiblər. Deməyiblər ki, bu adam sizdən şübhələnir, fevralın 17-də harada olmusunuz? Bu işlə məşğul olmaq istəmirlər. Digər tərəfdən, bu, müstəntiqin səlahiyyətində olan iş deyil. Kim DIN-in polkovnikini çağırıb dindirə bilər? Ona görə də mən müstəntiqi başa düşürəm. Bu işi Respublika Prokurorluğu icraata götürməlidir. Işdən bir xəbər yoxdur. Deməli göstəriş elə yerdən verilib ki, buna gücləri çatmır.

Bu adamlara Baş Prokurorluğun gücü çatmır. Mənim axırıma çıxmaq istəyirlər”.

Ilham Əsədov onu da qeyd edir ki, martın 9-da Ali Məhkəmədə Hacı Məmmədovun işinə yenidən baxılması üçün müraciətinə rədd cavabı veriləndən sonra yenidən DIN-ə çağırılıblar: “Dedilər ki, oğlunun işi CM-nin 221-ci maddəsilə məhkəməyə getməlidir. Oğlum nə edib? Keçmiş komandirinin əlindən keçmiş arvadını alıb ki, onu öldürməsin. Dedilər ki, iş ayın 17-nə qədər məhkəməyə getməlidir”.

“Sığorta Mamed”in özünə də oğlunu kimin oğurladığını dedim”

Ilham Əsədov 18 ildir ki, DIN rəhbərliyilə vuruşduğunu deyir və səbəbini də belə izah edir: “90-cı illərdə Azərbaycanda baş verən adam oğurluqlarını DIN-in müstəntiqi olaraq, mən araşdırırdım. ”Sığorta Mamed” adlanan (Dövlət Sığorta Şirkətinin rəhbəri Məmməd Məmmədov) varlı bir şəxsin oğlunun oğurlamışdılar. O işi apararkən əməliyyat istintaq yolu ilə adam oğurluğunun DIN-də çalışan şəxslərin əli ilə həyata keçirilməsi ehtimalı yaradan məlumatlar almışdım. Cinayət işini raportla rəhbərliyə məruzə edərkən daxili işlər nazirinin keçmiş müavini Zahid Dünyamalıyev və digər rəhbər şəxslər dedilər ki, bizim əməliyyatçılar belə bir iş görməzlər. Mən “Sığorta Mamed”in özünə də oğlunun oğurlanmasının kim tərəfindən törədilə biləcəyini bildirdim. Dedim ki, sənin oğlunu DIN-in işçiləri aparıblar, get, işini onlarla həll elə. Mənim ehtimal etdiyim adamlar o işlərə görə hazırda həbsdə olanlar və çeçenlər idilər…”

(Ardı var)