Azərbaycan-Türkiyə münasibətlərinin çətin sınağı…

Ankara bir daha Azərbaycana tərəf boylanacaqmı?

Elxan Şahinoğlu,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Fransa parlamentinin aşağı palatası “erməni soyqırmının” inkarına görə hüquqi məsuliyyəti nəzərdə tutan qanun layihəsinə səs verməklə, rəsmi Parisin Türkiyə ilə münasibətlərin gərginləşməsinə yaşıl işıq yandırdı. Yanvarın 23-də qanun layihəsi Senatın müzakirəsinə çıxarılacaq. Halbuki, sənədin fevralın sonlarına doğru Senata göndəriləcəyi düşünülürdü. Ancaq görünür, Sarkozi prosesləri sürətləndirməyə qərar verib.  Sarkozi və onun tərəfdarlarının yolu bəllidir. Türkiyə hökumətinin atacağı addımlar da məlumdur. Senatın adı çəkilən qanun layihəsini təsdiqləyəcəyi halda baş nazir Rəcəb Tayyib Ərdoğanın Fransa ilə münasibətlərə yönəlik konkret planı var. Bircə, “hazırkı şəraitdə Azərbaycan iqtidarının hansı planı var” sualı açıq qalıb. Adı çəkilən qanun layihəsi təsdiqlənərsə, Fransanın ermənpərəst mövqeyi rəsmiləşəcək. Bu isə o deməkdir ki, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyi rəsmən pozulmuş olacaq.

Azərbaycan ictimaiyyəti Fransanın həmsədrliyinin əleyhinədir

Parisin bu vaxta qədər münaqişənin həlli istiqamətində bəzi təşəbbüsləri olub. 2001-ci ildə Fransanın o zamankı prezidenti Jak Şirak azərbaycanlı və erməni həmkarlarını Parisə dəvət edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdi. Ancaq Jak Şirakın masa üzərinə qoyduğu plan Azərbaycanın maraqlarına cavab vermədiyindən Heydər Əliyev ondan imtina etdi. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransanın növbəti həmləsi bir neçə il sonra Rambuye qəsrində həyata keçirildi. Ancaq bu görüş də nəticəsiz qaldı.
“Atlas” Araşdırmalar Mərkəzinin ötən ilin noyabr ayında Dağlıq Qarabağ münaqişəsinin həlli bağlı Tərtər, Bərdə və Göyçayda keçirdiyi sorğunun nəticələri də Azərbaycan ictimaiyyətinin Fransaya münasibətini ortaya qoydu. “Dağlıq Qarabağ münaqişəsinin həllində hansı ölkənin vasitəçi olmasını istəyirsiniz” sualının cavabında 5 ölkənin adı yazılmışdı: ABŞ, Rusiya, Fransa, Türkiyə və Iran. Sorğuda birinciliyi Türkiyə qazanmışdı. Bir qisim respondent ABŞ və Rusiyanın da adını çəkmişdi. Ancaq sorğuya qatılan 200 nəfərdən bir kimsə nə Fransa, nə də Iranın adını çəkdi. Bu, ictimaiyyətin Fransaya olan münasibətini göstərir.

Abdulla Gülün  Bakıya mesajı

Fransanın indiki prezidenti Nikola Sarkozinin son Cənubi Qafqaz səfəri də onun ermənipərəstliyini açıq-aşkar ortaya qoydu. Bütün gününü Yerevanda keçirən, sözdə “soyqırım” abidəsini ziyarət edərək, ora çələng qoyan Sarkozi Bakıda 3 saatdan da az qaldı. Nə mətbuat konfransı keçirdi, nə Dağlıq Qarabağ münaqişəsinin həllindən söz açdı, nə də ki, müqəddəs ziyarətgahımız sayılan Şəhidlər xiyabanına baş çəkdi. Bu səfər Azərbaycanı aşağılamaqdan başqa bir şey deyildi. Təəssüf ki, rəsmi Bakı səfərin bu şəkildə həyata keçirilməsinə narazılığını ifadə etmədi. “Ermənistan Fransanın bacısıdır” deyən Sarkoziyə dolayı yolla da olsa, irad bildirilmədi.
Türkiyənin Cümhurbaşqanı Abdulla Gül Fransanın Minsk qrupundakı həmsədrliyinin davamının mümkünsüz olduğunu vurğuladı. Əslində bu açıqlama Parisə deyil, Bakıya ünvanlanmışdı ki, Azərbaycan hakimiyyəti hərəkətə gəlsin. Milli Məclis çox çək-çevirdən sonra Fransa Parlamentinə müraciət qəbul etsə də, məktubda Senatın məlum qanunu təsdiqləyəcəyi halda, Azərbaycanın Fransanın həmsədrliyindən imtina edəcəyi ilə bağlı konkret fikir yer almadı.

Ankara Bakıdan sadə suala sadə cavab istəyir

Deyəsən, rəsmi Bakı Senatın həmin qanun layihəsini təsdiq etməyəcəyinə ümidlidir. Elə xarici işlər naziri Elmar Məmmədyarov da bir müddət öncə jurnalistlərdən birinin sualına cavab olaraq söyləmişdi ki, Fransa ilə bağlı nəsə addım atmağı düşünmürlər, çünki Senatın mövqeyi hələ bəlli deyil. Əlbəttə, Senat qanun layihəsini təsdiq etməyə də bilər. Belə bir ehtimal, az da olsa var. Bəs əksi olarsa, rəsmi Bakı nə edəcək, hansı addımları atacaq? Məncə, bu günün ən aktual sualıdır.
Türkiyəli diplomatlar bir neçə il öncə erməni diplomatlarla təmaslara baş vurduqda, rəsmi Bakı xeyli narahat görünürdü. Brüsselə səfəri zamanı jurnalistlər qarşısında çıxış edən Azərbaycan prezidenti Ilham Əliyev Türkiyə ilə Ermənistan arasındakı dialoqu nəzərdə tutaraq belə bir fikir söyləmişdi: “Biz sadə suala sadə cavab eşitmək istəyirik”. Indi eyni sualı Azərbaycan hakimiyyətinə Türkiyə iqtidarı, siyasi çevrələri və icitmaiyyəti verir: “Senatın qanun layihəsini təsdiq edəcəyi halda Azərbaycan hakimiyyəti Fransanın həmsədrlikdən geri çağırılması proseduruna baş vuracaqmı?”. Bu da sadə cavab tələb edən sadə sualdır.
Hələ ki, rəsmi Bakı bu sadə suala cavab vermək istəmir. Əksinə xarici işlər nazirinin müavini Araz Əzimov dekabrın sonunda Vaşinqtonda çıxışı zaman qeyd edib ki, Minsk qrupunun formatının dəyişməsinə lüzum görmürlər.

“Papadan böyük katolik olmaz”

Hakimiyyətə yaxın ekspertlərdən “papadan böyük katolik olmaz” ifadəsini də eşitmişəm. Yəni, demək istəyirlər ki, Fransa Parlamentinin qərarı Fransa-Türkiyə münasibətlərinə aid olan məsələdir, Azərbaycan bu məsələdə tərəf ola bilməz. Yenə də kökündən yanlış yanaşmadır.
Bir neçə il öncə, Isveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında protokollar imzalandıqda rəsmi Bakı Ankaranı küncə sıxdı. Bakı Ankaradan protokolları parlamentdə ratifikasiya etməməyə çağırdı. Azərbaycan iqtidarı Türkiyə-Ermənistan sərhədinin açılacağı və iki ölkə arasında diplomatik münasibətlərin qurulacağı halda, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edəcəyini irəli sürdü.
Ankara protokolları ratifikasiya etmədi. Halbuki, bu protokollar ratifikasiya edilsəydi, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə yanaşı ortaq tarix komissiyası da qurulacaqdı. Belə olan halda, böyük ehtimalla Fransa parlamenti “erməni soyqırımının” inkarı qanun layihəsini gündəmə gətirməzdi. Yəni faktiki, Fransa ətrafında hadisələrin hazırkı şəkildə inkişafında rəsmi Bakının siyasətinin də rolu olub. Və indi növbə rəsmi Bakının addım atmasına çatdıqda Azərbaycan hakimiyyəti Ankaraya mesaj yollayır: “Bizi bu işlərə qatmayın”. Belə strateji müttəfiqlik olarmı?
Müttəfiqlik qarşılıqlıdır. Sən mənə, mən də Sənə prinsipi işləyir. Bəzən iqtisadi və enerji mövzuları ilə siyasi məsələləri də qarışdırırlar. Məsələn, bir qisim hakimiyyət nümayəndəsi Türkiyə ilə Azərbaycan arasındakı genişlənən enerji əməkdaşlığını, inşası planlanan Trans Anadolu kimi layihələri əsas tutaraq iki ölkə arasındakı münasibətlərdə hər şeyin hamar olduğunu söyləyirlər.
Enerji əməkdaşlığı ayrı, geosiyasi məsələlər ayrı. Ona qalsa, ABŞ-la Çin arasında yüz milyardlarla dollar həcmində iqtisadi-ticarət əlaqəsi var. Ancaq bu iki ölkəni müttəfiq adlandırmaq olmaz, çünki Vaşinqtonla Pekinin dünyadakı proseslərə baxışları fərqlidir.
Hakimiyyət dəhlizlərindən gələn başqa bir arqument də eşitmişəm. Deyirlər ki, Azərbaycanın Fransa ilə bağlı atacağı addımın qarşılığında Türkiyə parlamenti də Xocalı soyqırımını tanısın. Yəni, bu olmadan o da olmayacaq. Türkiyəyə belə bir şərtin ünvanlanmasının özü də strateji müttəfiqliyin ruhuna uyğun deyil.

Azərbaycan-Türkiyə münasibətlərinin ən çətin sınağı ərəfəsindəyik…

Ərdoğan Türkiyədə çalışan Fransa şirkətlərinin rəhbərlərini toplayaraq deyib ki, Fransa Parlamentinin qərarı onların maraqlarına ziddir və bu məsələdə Parisə təsir etməlidirlər. Fransanın ən böyük şirkətlərindən və ən böyük vergi ödəyicilərindən biri TOTAL şirkətidir. Bu şirkətin Azərbaycanın enerji resurslarında böyük payı var. Azərbaycan hakimiyyəti TOTAL şirkətinin rəhbərliyi ilə müvafiq söhbət aparıbmı ki, onlar da hökumətlərinə təsir etsinlər? Və ya Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası var. Şurada Azərbaycan və Türkiyə Fransanın ermənipərəst siyasətinə qarşı ortaq platformanı müzakirə etməyəcəklərsə, onda başqa nəyi müzakirə edəcəklər?  
Senat məlum qanun layihəsini təsdiq edəcəyi halda, Azərbaycan hakimiyyəti Fransanın həmsədrlikdən geri çağırılması üçün heç bir addım atmazsa, Türkiyə ilə münasibətləri zərbə altında qoyacaq. Bu münasibətlər “bayraq böhranından” sonra növbəti dəfə dərin yara alacaq. Və inanmıram ki, bundan sonra Cənubi Qafqaz siyasətində Ankara Azərbaycana boylansın.