Ankaranın dözümü sonsuz deyil!

Elxan Şahinoğlu: «Yeni Şəfəq»dəki məqalə İlham Əliyev hakimiyyətinə bunun xəbərdarlığı idi»

“Türkiyənin ”Yeni Şəfəq” qəzetində rəsmi Bakının Fransanın ermənipərəst siyasətinə səssiz qaldığını əks etdirən məqaləsi Azərbaycan üçün ciddi mesajdır”. Bunu, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyir. Qeyd edək ki, Türkiyənin hakim Ədalət və Inkişaf Partiyasına (AKP) yaxınlığı ilə tanınan qəzetdə Azərbaycan iqtidarının siyasətindən narazılıq ortaya qoyulub.
E.Şahinoğlu bildirir ki, AKP və baş nazir Ərdoğanın Ilham Əliyevin yürütdüyü xarici siyasətdən narazılığı son zamanlar açıq-aşkar hiss olunur: “Ankara əvvəlcə Ilham Əliyevdən Israillə münasibətlərə göz gəzdirməsini istədi. Rəsmi Bakı bu istəyi qulaqardına vurdu. Ardınca, Ankara Qəbələ RLS-lə bağlı növbəti Rusiya-Azərbaycan anlaşmasının gündəmə gəlməsindən narahat oldu. Azərbaycan iqtidarı Ankaranın bu narahatlığını da diqqətə almadı. Gələn xəbərlərə görə, Azərbaycan iqtidarı Qəbələ RLS-lə bağlı Rusiya ilə anlaşma imzalamağa yaxındır. Indi də rəsmi Bakı Ankaranın Fransa siyasətindən kənar qalmaq istəyir. Sanki Fransanın ermənipərəst siyasətinin Azərbaycana təsiri yoxdur. ”Yeni Şəfəq”dəki baş məqalə də məhz Ilham Əliyev hakimiyyətinə xəbərdarlıqdır ki, Ankaranın dözümü sonsuz deyil.
“Yeni Şəfəq” türkiyəli millət vəkillərinin Azərbaycana səfərinə də yer ayırıb, onların rəyini öyrənib. Həmin millət vəkilləri hələ Bakıya gəlməmişdən öncə Azərbaycan hakimiyyətindən Fransa ilə bağlı konkret mövqe ortaya qoymasını istəyiblər. Necə vaxtilə Bakı Ankaranı divara dirəmişdi ki, Sürix protokolları ratifikasiya edilməsin, Ermənistan siyasəti dəyişdirilməsin, indi də Türkiyə hökuməti Azərbaycan iqtidarından Fransa siyasətindən addım atmağı gözləyir. O zaman Azərbaycan parlamentinin 4 qadın millət vəkili Ankaraya gedərək, Sürix protokollarının ratifikasiya edilməməsi üçün görüşlər keçirirdilər. Indi də eyni sayda millət vəkili Bakıya gəlib ki, Azərbaycan iqtidarının Fransanın həmsədrliyi ilə bağlı rəyini öyrənsinlər. Başqa cür ola da bilməz”.
E.Şahinoğlu hesab edir ki, hər şeyi müttəfiqdən tələb etmək olmaz. Müttəfiqin maraqları da nəzərə alınmalıdır: “Yeni Şəfəq”dəki məqalənin əsas qayəsini də məhz bu amil təşkil edir. Məqalədən də görünür ki, Ankara Azərbaycan ictimaiyyətinin, mediasının Fransanın həmsədrliyinə etirazından razıdır. Əsas narazılıq Ilham Əliyevin baş verənlərə səssiz qalmasınadır. Həqiqətən, bu günlərdə Azərbaycan prezidentinin bir neçə çıxışı olub, dövlət başçısı hökumətin toplantısında geniş məruzə edib. Ancaq bu çıxışların heç birində Fransanın ermənipərəst siyasətinə toxunulmayıb, Parisin son addımlarından narahatlıq bildirilməyib. Başqa bir misal. Milli Məclisdə Fransa-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Əslində son hadisələrin fövqündə bu qrup fəaliyyətini yoğunlaşdıra bilərdi. Qrup üzvləri Parisə yollanıb, fransalı həmkarları ilə mövzu ilə bağlı fikir mübadiləsi apara bilərdilər. Onlara izah etməliydilər ki, Senat məlum qanun layihəsini təsdiq etsə, bu, Fransa-Azərbaycan münasibətlərinə də mənfi təsir edəcək. Təəssüf ki, bu kimi addımlara da ehtiyac duyulmadı. Odur ki, məsələyə bu cür yanaşma Bakı-Ankara münasibətlərinə yaxşı heç nə vəd etmir”.

Gültəkin