Vəfa Quluzadə: «Rusiyanın zəifləməsi, xüsusilə mahiyyətinin dəyişməsi Azərbaycana sərf edir»
Iran ətrafında baş verənlərlə bağlı politoloqlar müxtəlif yanaşmalarla çıxış edirlər. Bu baxımdan iki rusiyalı politoloqun açıqlaması da maraq doğurur. Rusiya Müdafiə Nazirliyi yanında Ictimai Şuranın üzvü, “Milli müdafiə” jurnalının baş direktoru Iqor Korotçenko hesab edir ki, ABŞ və Israilin Irana hücumu zamanı Azərbaycan öz milli maraqlarını müdafiə etməlidir. Başqa bir politloloq, Müasir Iran Tədqiqat Mərkəzinin baş direktoru Rəcəb Səfərov isə bildirib ki, Iranın işğalı Rusiya Federasiyasının süqutu ilə nəticələnəcək. Səslənən digər fikirlərlə bağlı politoloq Vəfa Quluzadənin mövqeyini öyrəndik. Ilk sualımız da elə Irana müdaxilənin Rusiyanı süquta apara biləcəyilə bağlı oldu:
– Rusiya Iranın həm ticarət, həm də iqtisadi partnyorudur. Bu baxımdan Rusiya ilə Iranın çox sıx əlaqələri var. Iran həm də Rusiyanın əsas silah satış bazarıdır. Ona görə Irandakı recimin dəyişməsi Rusiyaya təsir edəcək. Rusiyanın zəifləməsi, xüsusilə mahiyyətinin dəyişməsi Azərbaycana sərf edir. Çünki nəticədə Ermənistan dayaqlarını itirmiş olacaq.
– Daha bir yanaşmaya görə, Iranın Avropa Birliyinin əlinə keçəcəyi təqdirdə Orta Asiyada avtomatik olaraq ABŞ-ın dominantlığı hökm sürəcək və Xəzər regionunda da yeganə ABŞ hegemonluq etməyə başlayacaq?
– Mən deməzdim ki, məhz bu hadisələr ABŞ-ın Xəzər regionunda möhkəmlənməsinə xidmət edəcək. ABŞ Xəzər regionunda çoxdan möhkəmlənib və Iranla bağlı hadisələr bu hegemonluğu daha da artıra bilər. ABŞ-ın artıq Xəzəryanı ölkələrdə bazaları da var, bundan başqa, Amerika bu ölkələrdən tranzit kimi istifadə edir. Əlbəttə ki, ABŞ-ın böyük strateji məqsədi bütövlükdə regionu ələ götürməkdir. Iran isə buna müqavimət göstərir. Tehranın heç şübhəsiz bu cür davranışları ABŞ-ın siyasəti ilə ziddiyyət təşkil edir.
– Belə bir fikir də var ki, Iran ətrafında baş verən prosesləri ancaq Rusiya və Çinin birgə mövqeyi həll edə bilər?
– Hələlik Irana əsgəri təhlükə yoxdur. Iranla bağlı hərarət artsa da, ABŞ-da seçkilər keçirilənə qədər Irana zərbə endirmək məsələsini real görmürəm. Əgər Iranın özü yeni təxribatlara qalxaraq beynəlxalq aləmə əlavə meydan oxumasa, Tehrana qarşı hərbi əməliyyatların yaxın zamanda reallaşacağını gözləmirəm. Rusiya və Çinin bu məsələdə birgə mövqe sərgiləməsinə gəlincə isə, artıq Pekin Səudiyyə Ərəbistanı ilə neft alışına dair əlaqələr qurmağa başlayıb. Çinlilər çox praqmatikdirlər. Onlara NATO ilə əlavə problemlər lazım deyil. Rusiya isə çökmüş bir imperiyadır. Putin on iki il ərzində orduda heç bir islahat apara bilməyib və dövlət getdikcə laxlamaqdadır. Ona görə Rusiyadan hər hansı yardım gözləməyə dəyməz.
Rusiya Ermənistanı itirməkdən qorxur
– Rusiyanın zəifləməsinin hansı nəticələrə səbəb olacağına gəlincə, ekspertər düşünür ki, Ermənistan işğal altında olan Qarabağı Azərbaycana qaytara və hər iki dövlət NATO-ya üzv qəbul oluna bilər…
– Ermənistan birbaşa Rusiyadan idarə olunur. Moskva çökəndə Ermənistanda vəziyyət kökündən dəyişəcək. Ermənistana ölkə kimi qonşuları ilə sülh lazımdır. Ona görə də Ermənistanın Rusiyanın təsiri altından çıxması qonşular ilə normal münasibətlərin formalaşması ilə nəticələnəcək. Ermənistan bir neçə dəfə sülhə cəhd edib. Amma Rusiya hər dəfə çox kəskin formada buna mane olub. Yəni Ermənistan adlı ölkə yoxdur. Rusiyanın ən çox qorxduğu Azərbaycan və Ermənistanın nə vaxtsa Qarabağ problemini çözərək NATO-ya daxil olmasıdır. Hazırda bu yolu əngəlləyən Rusiyadır.
– Iranla müharibə başlayacağı təqdirdə Azərbaycanın əsas vəzifəsi Xəzərdə neft-qaz yataqlarını müdafiə etmək olacaq. Azərbaycanın “S-300” fovorit sistemlərini məhz buna görə aldığı vurğulanır...
– Azərbaycan sözsüz ki, öz neft yataqlarını qorumalıdır və buna görə, Bakının bir sıra silahlar alması normal haldır. Amma, o ki qaldı Iranın Azərbaycan ərazisində hər hansı neft yatağını vuracağına, inanmıram. Iran ABŞ-la hərbi əməliyyatlara başlayanda Azərbaycanı vurmağa ehtiyacı olmayacaq. Əgər Irana müdaxilə zamanı Azərbaycan öz ərazisini başqa dövlətlərə istifadə üçün verməsə, o zaman bizə də heç bir zərbə endirilməyəcək.
– Azərbaycanın mümkün hücuma qarşı dayanmaq üçün Türkiyənin mövqeyinə yaxın mövqe tutmalı olduğu vurğulanır. Politoloqlar hesab edir ki, Türkiyə, hətta hərbi konflikt yaranarsa, Azərbaycanı müdafiə də edə bilər.
– Türkiyə bizim strateji partnyorumuzdur. Əgər bu, boş təbliğat deyilsə, biz bütün addımlarımızı Türkiyə ilə koordinasiya etməliyik. Bura təkcə Iran ətrafında baş verənlər daxil deyil. Biz Türkiyə ilə əməkdaşlığımızı bu gündən yox, dünəndən dərinləşdirməliyik.
Xəyal