Əyar Palatasının müdhiş maxinasiyası

Qızıl məmulatlarına milli əyar 10 manata vurulur, 2 manata rəsmiləşdirilir

Dövlət Əyar Palatası qızıl məmulatları satılan obyektlərə reydlərə başlayıb. “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, bu reydlər qızıl məmulatlarına milli əyar vurulması məqsədilə keçirilir. Əyar Palatası hesab edir ki, Azərbaycanda satışda olan bütün qızıl məmulatlarına milli əyar vurulmalıdır. Bildirilir ki, milli əyarın vurulması üçün hər məmulata görə 10 manat alırlar. Lakin 2 manata rəsmiləşdirirlər.
Azərbaycanda satılan qızıl məmulatlarının əksəriyyəti xaricdən idxal olunur. Həmin məmulatların hamısına gətirildiyi ölkənin əyarı vurulub. Lakin Əyar Palatası milli əyardan başqa heç bir əyarı qəbul etmir. Bu yerdə sual yaranır: Bəs onda niyə həmin qızıl məmulatları ölkəyə idxal olunub pərakəndə satışa verildikdən sonra onlara milli əyar vurulması zərurəti yaranır? Bu məsələni həmin qızıl məmulatları pərakəndə satışa çıxarılmamışdan əvvəl etmək olmazmı? Qızıl satışı ilə məşğul olanlar hesab edir ki, bu, qızıl məmulatlarının ölkəyə idxalı ilə məşğul olanların yüksək səviyyədə himayə olunması ilə bağlıdır. “Onlar qızılı heç bir maneə olmadan ölkəyə keçirib topdansatış qiymətinə bizim kimi xırda qızıl tacirlərinə satırlar. Biz də onları pərakəndə satışa çıxaranda Əyar Palatası gəlib deyir ki, bunlara milli əyar vurulmalıdır. Günlərlə qızıllarımız Əyar Palatasında qalır”, – deyə qızıl satışı ilə məşğul olanlar deyir.

Informasiya şöbəsi