Bakıda parkinqi əvvəlcədən bron etmək olacaq

parkingBakıda küçə parkinqi elektron qaydada həyata keçiriləcək. Fins.az-ın məlumatına görə, yeni layihə İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə həyata keçirilir. Bu məqsədlə Azərbaycanın “Komtec” şirkəti ilə Macarıstanın “European Parking System” şirkəti arasında memorandum imzalanıb.

Elektron küçə parkinqi tıxacları aradan qaldıracaq

“Komtec” şirkətinin icraçı direktoru Samir Şirinov fins.az-a bildirib ki, mobil və internet üzərindən tətbiq edilən aplekasiya vasitəsilə Bakı ərazisinin küçə parkinqinin hansı şəkildə yükləndiyini müəyyən etmək mümkün olacaq. Yəni, sürücü əvvəlcədən avtomobili harada saxlağın mümkün olduğunu biləcək.
Onun sözlərinə görə, ilk növbədə elektron parkinq şəhərdəki tıxacların qarşısını almış olacaq. Məsələn, hazırda sürücü avtomobili park etmək üçün eyni ərazini bir neçə dəfə dövr etməli olur. Bundan əlavə, avtomobillərin düzgün parkinq edilməməsi, yanaşı saxlanılması yolu xeyli daraldır. Nəticədə tıxaclar yaranmağa başlayır. Amma bu proqram vasitəsilə sürücü əvvəlcədən hansı ərazinin boş olduğunu müəyyən edib avtomobilini həmin yerdə park edə biləcək.

Avtomobili ancaq ona ayrılan yerdə saxlamaq olacaq

S.Şirinov deyir ki, küçələrdə düzgün parkinqin olmaması parkinq yeri axtaran sürücülər üçün də problem yaradır: “Məsələn, bəzi hallarda 2 avtomobil parkinq zamanı 5 avtomobilin yerini tutur. Parkinq yeri axtaran digər sürücü isə əlavə yer axtarmalı olur. Elektron parkinq sistemi isə hər bir avtomobil üçün yer müəyyən edir. Avtomobil yalnız ona ayrılan yerdə saxlanıla bilər”.
Belə olan halda digər sürücülər küçədə avtomobilini saxlamaq istəyərkən problem yaşamayacaq.

Əvvəlcədən parkinqi bron etmək olacaq

Şirkət rəhbərinin sözlərinə görə, yenilik sayəsində avtomobillər üçün əvvəlcədən parkinqi bron etmək də mümkün olacaq. Belə ki, mobil tətbiqdə avtomobilin nömrəsi ilə yanaşı, sürücünün də əlaqə vasitələri qeyd edilir. Avtomobilini parkinqdə saxlayan sürücü yeri nə vaxt tərk edəcəyini bildirir. Parkinq üçün əvvəlcədən bron etmək istəyən sürücü isə həmin yeri alır.
S,Şirinov deyir ki, parkinq yerinin avtomobil sahibləri arasında satılması təcrübəsi Avropa və Amerikada da var və bu normal qarşılanır. Yəni, bir sürücü bronu qəbul etməklə parkinqə ödədiyi məbləği qazana bilər.
Avtomobilin yalnız parkinqdə saxlanıldığı müddət üçün pulu ödəniləcək

S.Şirinov elektron yeniliyin digər müsbət tərəfinin ödəmə ilə bağlı olduğunu bildirib. Belə ki, elektron küçə parkinqi işə düşəndən sonra artıq avtomobil sahibləri əlavə pul ödəməli olmayacaqlar: “Sürücü avtomobilini 15-20 dəqiqə saxlamaq üçün 1 saatın pulunu ödəməli olur. Və yaxud bəziləri 1 saatın pulu ödəyib avtomobili 3 saat parkinqdə saxlayırlar. Bütün avtomobillərin parkinqdə hansı müddətdə qaldığını isə işçilər müəyyən etməkdə çətinlik çəkirlər”.
4 cür ödəmə imkanı

Yeni tətbiqdə isə sürücü avtomobili parkinqdə saxlağını anda təyin ediləcək qısa nömrəyə sms-lə “START” yazacaq. Avtomobili parkinqdən götürdüyü zaman isə həmin nömrəyə “STOP” yazacaq və birbaşa ödəməli olduğu məbləğ hesablanacaq. Bu zaman sürücü ödəməni həm sms-lə, həm mobil tətbiqlə, həm bank kartı ilə, həm də nəğd şəkildə həyata keçirə biləcək.