Hakimiyyət AXCP-yə qarşı xüsusi qərəz nümayiş etdirdi
Əli Kərimli: «Hakimiyyət başı üzərindən Domokl qılıncı kimi asılmış sanksiyalardan çəkinir, amma siyasi iradəsi çatmır»
Ölkə başçısı İlham Əliyev növbəti əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 148 nəfərə şamil edilib. Bu əfv sərəncamı ilə 14 nəfər siyasi məhbus da azad edilib. Azad edilən siyasi məhbuslar bunlardır:
Tofiq Yaqublu – Müsavat başqanının müavini
Anar Məmmədli – Hüquq müdafiəçisi
Rəsul Cəfərov – Hüquq müdafiəçisi
Yadigar Sadıqov – Müsavat başqanının müavini
Pərviz Həşimli – Jurnalist
Hilal Məmmədov -Hüquq müdafiəçisi
Taleh Xasməmmədov – Hüquq müdafiəçisi
Nemət Pənahlı – MDP sədri
Sirac Kərimov – Müsavat fəalı
Rəşadət Axundov – NİDA-çı
Rəşad Həsənov -NİDA-çı
Məmməd Əzizov -NİDA-çı
Ömər Məmmədov -NİDA-çı
Akif Muradverdiyev – Prezident Aparatının keçmiş işlər müdiri
Beləliklə, bu sərəncam da siyasi məhbus problemini həll etməyib. Həbsxanada hələ də siyasi motivlərlə həbs edilən xeyli məhbus var. “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramının əməkdaşı, AXCP sədrinin müavini Seymur Həzi, araşdırmaçı jurnalist Xədicə Ismayıl, tanınmış vəkil Intiqam Əliyevin, NIDA-çı Ilkin Rüstəmzadənin və digərlərinin həbsdə saxlanılması sərəncamın konyukturaya xidmət etdiyini göstərir.
Bu sərəncam həm də hakimiyyətin AXCP-yə qarşı xüsusi qərəzinin olduğunu ortaya qoydu. Ən azı AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli və partiyanın fəalı Qadir Xudabaxşiyev azad edilə bilərdi. Bu şəxslərin hər iki Qarabağ qazisidir. Digər tərəfdən Asif Yusifliyə qarşı irəli sürülən ittiham faktiki olaraq qüvvəsini itirib. O, “borclu” olduğu şəxslə ödəşib. Həmin şəxs də ondan şikayətçi olmadığını bildirib. Qadir Xudabaxşiyevə gəlincə, onun həbs müddəti o qədər də çox deyil, əfvə salına bilərdi.
Qeyd edək ki, hazırda AXCP-dən Seymur Həzi, Fuad Qəhrəmanlı, Məmməd Ibrahim, Murad Ədilov, Asif Yusifli, Qadir Xudabaxşiyev, Elvin Abdullayev, Zeynal Bağırzadə və Ceyhun Isgəndərli həbsdədir.
Ümumiyyətlə isə həbsxanalarda 100-ə yaxın siyasi məhbus var.
Siyasi məhbus problemi Azərbaycan hakimiyyəti ilə Qərb arasında münasibətlərə ciddi təsir göstərib. Qərbin siyasi məhbusları qeyd-şərtsiz azadlığa buraxılması tələbi hakimiyyətin demokratik dünyaya savaş açmasına səbəb olub. Münasibətlər o qədər gərginləşib ki, Azərbaycan hakimiyyətinə sanksiya tətbiq edilməsi gündəmə gəlib. Əslində iqtidarın 14 siyasi məhbusu buraxıması münasibətləri bir qədər yumşaltmaq məqsədi, sanksiya qərarını bir qədər də təxirə salmaq məqsədi daşıyır. Lakin qeyd etdiyimiz kimi Qərb siyasi məhbuslarının hamısının azad edilməsini tələb edir. Deməli, sanksiya təhlükəsi hələ də qalır.
Əli Kərimlidən əfv sərəncamına reaksiya
Bu arada AXCP sədri Əli Kərimli əfv sərəncamı ilə siyasi məhbuslardan 14 nəfərin azad olunmasına münasibət bildirib. AXCP sədri “Feysbuk” səhifəsində yazıb:
“Bu gün (dünən-red) imzalanan əfv sərəncamı ilə həbsdən buraxılan siyasi məhbus dostlarımızın hamısını azadlıqda salamlayır, onlar və onların ailələrinə gözaydınlığı verirəm.
Təəssüf ki, bu əfv sərəncamı da ölkədə kəskin hal alan siyasi məhbus problemini həll etmədi. Xədicə Ismayıl başda olmaqla, siyasi məhbusların əksəriyyəti hələ də haqsız yerə həbsdə saxlanılır. Bu gün verilən sərəncama hüquq müdafiəçilərinin vahid siyasi məhbus siyahısında olan 97 nəfərdən yalnız 14-nün adı daxil edilib. Bu o deməkdir ki, hakimiyyət başı üzərindən Domokl qılıncı kimi asılmış sanksiyalardan çəkinib, yayınmaq istəyir, lakin bunun üçün siyasi məhbuslar problemini birdəfəlik həll etməyə siyasi iradəsi çatmır.
Təəssüf edirəm ki, hələ də onlarla siyasi məhbusumuz həbsdədir və bu bayramı da ailələrilə birgə keçirmək imkanından məhrumdur. Bununla belə, bu gün azadlığa qovuşmuş dostlarımızı bir daha təbrik edir, onların və ailələrinin sevincini bölüşdüyümü bildirirəm”.
Hakimiyyət Vaşinqtonu sakitləşdirir
Beynəlxalq Sülh naminə Carnegie Fondunun (Carnegie Endowment for International Peace) böyük elmi işçisi Tomas de Vaal da əfv sərəncamına münasibət bildirib. “Iki il əvvəl Azərbaycan hökuməti insan hüquqları müdafiəçilərinə qarşı təqiblərə başlayaraq çox sayda tanınmış hökumət tənqidçilərini məhbəsə atıb. Həbs olunanlardan bir neçəsi hazırda əfv olunub. Insan haqları müdafiəçisi Rəsul Cəfərov əfv olunub və həbsdən azad olunan tanınmış jurnalist Rauf Mirqədirova şərti cəza verilib. Bunlar həqiqətən də müsbət addımlardır”, – deyə o BBC Azərbaycancaya müsahibəsində deyib.
Tomas de Vaal ehtimal edir ki, prezident Ilham Əliyevin Vaşinqtondakı Nüvə Sammitinə səfərindən əvvəl və ABŞ konqresinin Azərbaycan rəsmilərinə qarşı viza məhdidiyyətlərilə bağlı qanunvericiliyin müzakirəsi ərəfəsində atılmış addım Vaşinqtonu sakitləşdirmək məqsədini güdə bilər. Eyni zamanda ekspert “yalnız hakimyyəti tənqid etməklərinə görə hələ də barmaqlıqlar arxasında qalan” adamları yaddan çıxarmamağa səsləyib.




