Baş nazirin hesabatsız hesabatı

artur resizadeYenə də bədbəxtlik xoşbəxtlik kimi təqdim edildi

Martın 15-də baş nazir Artur Rasizadə və hökumət üzvlərinin iştirak etdiyi iclasda Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatı müzakirəyə çıxarılıb. Hələ bir müddət əvvəl yazmışdıq ki, 2015-ci il müstəqillik tariximizin ən uğursuz, ən böhranlı, ən fəlakətli ili kimi tarixə düşüb. Bəli, 2105-ci ildə milli valyuta 2 dəfə devalvasiyaya uğrayıb, xarici borcumuzun həcmi artıb, büdcəmiz azalıb, əhalinin borclanması sürətlənib, işsizlik və yoxsulluq artıb, rezervlər tükənmək həddinə çatıb, hökumətin məsuliyyətsizliyi səbəbindən faciələr baş verib və xeyli sayda insan həlak olub, intihar halları sürətlə çoxalıb, qiymətlər 30-40 faiz artıb, xarici siyasət iflasa uğrayıb, hökumətin əsas kadrlarının cinayətkar olduğu üzə çıxıb və s.

Yəni 2015-ci ildə həm iqtisadi, həm də siyasi baxımdan uğursuzluğun zirvəsinə qalxmışıq. Ona görə də yazmışdıq ki, Artur Rəsizadə 2015-ci ilin hesabatını verəndə, ölkəni hansı vəziyyətə saldıqlarından danışmalıdır və hökumətin anti-xalq siyasətinin hesabatını verməlidir.

Amma ildə bir dəfə tribunaya çıxarılan baş nazirimiz bu dəfə də inkişafdan, müdrük siyasətdən, aparılan işlərdən danışıb.  Bəli, baş nazir deyib ki, ötən il ÜDM-in həcmi artıb, qeyri-neft sektoru 10 faiz yüksəliş əldə edib və s.

Həqiqətən də analoqu olmayan hökumətimiz var. Hətta qonşu Gürcüstanın ötən il ixracı Azərbaycanın neftisiz ixracından iki dəfə çox olub. Ermənistanın valyutası 1.9 faiz devalvasiyaya məruz qalıb və bu kasıb ölkədə orta aylıq əmək haqqı 385 dollardı. Yəni yarıtmaz və acgöz siyasət ölkənin potensialını kasıb qonşulardan da geri salıb. Yürüdülən siyasət nəticəsində nəinki yeni sitehsal sahələri yaratmamışıq, hətta kartof-soğana olan ehtiyacımızı da ödəməkdən məhrum olmuşuq.

Faltiki olaraq, 2.5 milyon əhali banklara borcludur və ödəmə qabiliyyəti hər ötən gün aşağı düşür. Bir ölkədən son 10 ildə 95 milyard vəsait çıxarılıbsa, təhlküəsizliyə təminat verməli olan nazir təhlükə mənbəyin çevrilibsə, Mərkəzi Bankın sədri korrupsiyada ittiham olunursa, SOCAR-ın vəzifəli şəsi 247 mənzilə sahibdirsə, Maliyyə naziri üçqat agent olmaqda ittiham edilirsə, ölkənin bu vəziyyətə düşməsi təbiidir.

Amma bu qədər çılpaq həqiqətlərin əhatəsində olmağımıza baxmayaraq, hökumət inkişafdan danışa bilir. Əslində, belə bir reallıqda vətəndaşa “inkişaf edirik” hesabatı vermək, sadəcə olaraq vətəndaşı ələ salmaqdır.

Baş nazir sahibkarlıq subyektlərinin sayının artmasından, sahibkarlıq mühitinin yaxşılaşmasından da danışıb. Ancaq son 2 ildə azərbaycanlı iş adamları Türkiyədə 507 şirkət açıblar. Yəni iş adamları sürətlə ölkəni tərk edib. Bütün sahələr məmurların monopoliyasında olduğu üçün, xırda və orta sahibkarlar sıradan çıxarılıb. Elə bir vəziyyət yaranıb ki, pulu olanlar da hər hansı sahəyə sərmaya yatırmaqdan imtina edib. Vergi sistemi, gömrük sistemi gəmirici həşarat rolunu oynayıb. Ölkənin maliyyə sistmində əsas rol oyanayan bank sektoru sıradan çıxıb. Artıq ölkə vətəndaşları banklara etimad etmir və əmanətlər sürətlə geri götürülür. Eyni zamanda Azərbaycan qeyri-azad ölkələrin sırasında yer alıb, ölkədəki hüquqsuzluq, korrupsiya, repressiya dünya mətbuatında, beynəlxalq hesabatlarda yer alıb. Belə olan halda xarici investorların ölkəyə sərmayə yatırması, iş qurmaq üçün Azərbaycanı seçməsi mümkünsüzləşir. Yəni real vəziyyət Artur Rəsizadənin hesabatının tam əksini göstərir.

Bir sözlə, ən uğursuz ili uğurlu il kimi təqdim ediblər və müəyyən çatışmazlığı da neftin qiymətinin, qlobal böhranın üstünə atıblar.

Xalqın seçmədiyi və xalqı seçməyən hökumət belə də hesabat verməlidir. Çünki, hökumət arxayındır ki, xalq taleyi ilə barışıb və yalançı inkişaf “nəğmə”lərinə səssiz qulaq asacaq. Amma bir həqiqət də var ki, hökumət komandası böhrandan salamat çıxa bilib. Yəni vəziyyətin çox ağır olmasına baxmayaraq, milyarderə çevrilmiş vəzifəlilər oğurladıqlarından ortaya qoymadılar. Nə devalvasiyanın vətəndaşa vurduğu zərər, nə kütləvi intiharlar, nə işsizliyin artması, qətiyyən hökuməti narahat etmədi.

Ona görə də rahatlıqla “böhrandan üzüağ çıxa bildik” deyirlər. Baş nazirimiz üçün isə həmişə hava xoşdur. Göydən daş yağsa da, tələb olunan hesabatı verəcək. Bu qədər bədbəxtliyin əhatəsində xoşbəxtlikdən danışmaq üçün “istedad” lazımdır. Olmayan uğurun hesabatını vermək də başqa bir “qabiliyyət”dir.

Samir