Azərbaycan Fransaya qarşı Türkiyənin yanında yer alacaqmı?
Könül Şamilqızı
Yanvarın 23-də Fransa parlamentinin üst qanadı – Fransa Senatı 1915-ci ildə Osmanlı Imperatorluğu ərazisində yaşanan hadisələrə dair erməni iddialarının, yəni saxta “erməni soyqırımı”nın inkarının cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxaracaq. Türkiyənin bütün etirazlarına, bu layihənin Qərbin “sahib olduğu” və Şərqin can atdığı söz azadlığı, insan haqları kimi bəşəri dəyərlərə zidd olduğuna dair xəbərdarlıqlara, tarixin tarixçilərin işi olduğuna və daxili siyasətə alət edilməməsinə dair söylənən sözlərə baxmayaraq, Nikola Sarkozi niyyətində israrlı görünür. Bu israrın, bu tələskənliyin səbəbi isə sadəcə Fransa prezidentinin seçkiqabağı yerlərdə sürünən reytinqini erməni lobbisinə jest hesabına yüksəltmək deyil. Daha ciddi səbəb Fransanın hər zaman ön sıralarda olmağa adət etdiyi beynəlxalq birlikdə Türkiyənin çəkisinin və təsirinin artmasına qarşı Sarkozinin duyduğu sərhədsiz kindir.
Sarkozi son aylarda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Liviyaya səfərindən cəmi bir gün öncə təcili Tripolidə boy göstərməklə; Türkiyənin Liviyada tapdığı neft yataqlarına göz dikməklə; Türkiyənin Avropa dəyərlərinin bir parçası olmadığına dair açıqlamalarıyla; Ermənistandan Ankaraya göndərdiyi qaba mesajlarıyla; Türkiyə prezidentinin telefon zənginə cavab verməmək kimi diplomatik nəzakət qaydalarını aşan davranışıyla nümayiş etdirdiyi kinini bu əsassız qərarla sadəcə, rəsmiləşdirir. Belə olmasa, ən böyük zərəri söz azadlığı, insan haqları kimi dəyərlərə sahib olması ilə öyünən Fransa cəmiyyətinə dəyəcək bu məntiqsiz qərarın altına imzasını atmaq üçün bu qədər canfəşanlıq etməzdi.
Sarkozi Türkiyəyə bu “qolu” vurmaq üçün bütün potensialını, gücünü ortaya qoyub. Türkiyə də bu zərbəyə qarşı müdafiə üçün bütün səylərini səfərbər edib.
Bəs dünyanın geri qalanı? Bəs söz azadlığı, insan haqları, demokratiya deyib bağıran Qərb? Bəs dünyada demokratiyanın hamisi rolunu oynamağa çalışan Amerika? Onlar niyə ütülü-dolaşıq bəyanatlarla kifayətlənir?
Bəs sabah, o biri gün bu uğursuz presedentin bütün dünyaya yayılacağı ehtimalının yüksək olduğunu görmək istəməyən ölkələr? Yalnız Türkiyə vətəndaşları saxta iddiaları inkar etdiyi üçün cəzalandırılmayacaq. Fransada əlinə qələm alıb, bu hadisələri araşdırarkən, ən azı ədalətli görünmək üçün “soyqırım” deyil, “soyqırım iddiası” yazan bütün tarixçilər, elm adamları, jurnalistlər cinayət törətmiş olacaqlar. Onlar niyə bu məntiqsizliyə səsini çıxarmır?
Bəs hər dara düşdüyündə Türkiyədən dəstək gözləyən Türk Dünyası? Bütün problemlərində Türkiyəni yanında görmək istəyən, Türkiyədən etdiklərinin qat-qat çoxunu tələb etmə haqqını özündə görən 350 milyonluq Türk Dünyasının etiraz səsini niyə eşitmirik?
Və nəhayət, Türkiyəni Ermənistanla əlaqələrin normallaşdırmasına dair protokol imzaladığı üçün eninə-uzununa tənqid edən, Ankaradan verilən ən yüksək səviyyəli bəyanatlarla, “Dağlıq Qarabağ probleminin həllində Azərbaycanı qane edən razılaşma olmazsa, bu protokollar ratifikasiya olunmayacaq” vədi ilə qane olmayıb, hətta xəyanət ittihamları belə, səsləndirən Azərbaycan? Oradan gələn təpkilər, etirazlar niyə bu qədər sönük, bu qədər zəifdi?
Türkiyənin Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən çəkilməsi tələbinə xarici işlər nazirinin müavini səviyyəsində “Biz formatın dəyişməsini lazım bilmirik” deyə reaksiya vermək qardaşlıq, dostluq, strateji müttəfiqlik çərçivəsinə uyğundurmu?
Türkiyə prezidentinin “Fransa tərəfsizliyini itirdiyi üçün Minsk qrupundan çəkilməlidir” şəklindəki konkret bəyanatına yalnız Milli Məclisin həddindən artıq ütülü etiraz məktubundakı “Belə bir qanunun qəbulu Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaq” kimi yuvarlaq cümlə ilə reaksiya vermək duruma adekvatdırmı?
Fransa Milli Assambleyasının bu mürtəce qərarı qəbul etdiyi gün Fransa ilə saziş imzalamaq siyasi baxımdan nə qədər doğrudur?
Bütün dünyanın diqqəti bu hadisəyə kilidlənmişkən Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun bir bəyanat belə, verməməsi heçmi sual doğurmamalıdır?
Fransa Senatında tarix, ədalət, söz azadlığı və Türkiyə əleyhinə müzakirələrin keçiriləcəyi gündə – yanvarın 23-də Azərbaycan prezidentinin Soçidə Ermənistan prezidenti ilə görüşməsi diplomatik baxımdan və rəsmi Bakının vurğulamağı çox sevdiyi “qardaşlıq” baxımından nə qədər düzgündür?
2009-cu ildə Azərbaycan hakimiyyəti Türkiyənin prezidentinin, baş nazirinin, xarici işlər nazirinin, millət vəkillərinin sözlərinə deyil, Ermənistanın xəbər qaynaqlarına inanıb, israrla Ankaradan “sadə suallara” cavab tələb edirdi. Azərbaycan mətbuatının böyük bir hissəsi Ankaradan verilən bəyanatları deyil, erməni mənbələrindəki provokativ iddiaları manşetlərə daşıyır, var gücüylə Türkiyə hökumətini ittiham edirdi. Azərbaycan millət vəkilləri əllərindəki torpaq torbaları ilə Qarabağı lazım gələn ünvanlar yerinə, bu problemi heç unutmayan, işğal olunmuş torpaqlar məsələsini Azərbaycanın özündən belə, daha ardıcıl, daha qərarlı, daha sabit şəkildə gündəlikdə saxlayan Türkiyəyə xatırladırdılar. Türkiyə televiziyalarında Xocalı faciəsini xatırlayıb göz yaşı axıdırdılar. Türkiyəyə “Bir millət-iki dövlət” xatırlatması edirdilər.
Xocalı faciəsini də, işğal olunmuş torpaqları da, “bir millət-iki dövlət”i də xatırlamağın və xatırlatmağın zamanı indidir. Indi uydurulmuş iddialarla bağlı bu mürtəce qərarı qəbul edən Fransaya və bu əsassız qərara göz yuman dünyaya həqiqi soyqırımları xatırlatmaq zamanıdır. Indi Qarabağ torpağını, Xocalı faciəsini əks etdirən fotoşəkilləri Fransa Senatının qarşısında sərgiləmək zamanıdır. Indi ortada olan çox sadə və açıq suallar üzərində düşünmək zamanıdır. Indi Ankara ilə həmrəylik nümayiş etdirmək, iki-üç il əvvəl Türkiyədən tələb edilən qardaşlığı nümayiş etdirmək zamanıdır…


