İlham Əliyevin pəncərəsi önündə etiraz aksiyası keçirildi (FOTOLAR)
Vəd edildiyi kimi də oldu… Tikinti şirkətlərinin dələduzluğunun qurbanına çevrilən yüzə qədər vətəndaş dünən səhər saat 11.00-da Prezident Administrasiyasının qarşısında aksiya keçirdi. Etirazçılar “GEN” MMC, “Kamran” MMC tikinti şirkətlərinin aldatdığı, mənzil almaq istədikləri halda, əllərindəki olan-qalan pullarını da itirənlər idi. Ancaq deyəsən, onlar artıq təkcə pullarını yox, ümidlərini də itiriblər. Bu ölkənin vətəndaşı olmaq hissini də getdikcə itirməkdədirlər. Bunu həmin şəxslərin Prezident Administrasiyası qarşısındakı hayqırtılarından və iniltilərindən də asan duymaq olardı.
Haray: hörmətli prezident, bizə kömək edin!
Aksiya başlanma anında olduqca sakit və dinc idi. Adamlar Prezident Administrasiyasının yanındakı dəmir hasarın yanında toplaşdılar. Etirazçıların sayının artmasından təşvişə düşən mühafizə xidmətinin əməkdaşları onlara yaxınlaşaraq, “nümayəndənizi qəbula göndərin, özünüz də burdan dağılışın” əmrini verdilər. Əmr icra olunmadı, aksiyaçılar ötkəm danışdılar: “Dəfələrlə qəbula 4-5 nəfərimizi çağırıb başımızı aldadıblar. Bir nümayəndə aşağı düşüb, qarşımıza çıxsın, bizə prezidentin sözünü desin”.
Nə mühafizəçilərin, nə də aksiyaçıların dediyi oldu. Vəziyyət bu yerə çatanda etirazçılar “Gözləməyə taqətimiz yoxdur!”, “Isfəndiyar yenə camaatı aldadır”, “Hörmətli prezident, bizə kömək edin” və s. şüarlar yazılan plakatlar qaldırdılar.
Dövlət, bizə sahib dur!
Plakatların açılmağı ilə yaxınlıqdakı polis dəstəsinin hərəkətə keçməsi bir oldu. Onlar cumub etirazçıların əllərindəki plakatları aldılar. Bu zaman qarşıdurma yarandı. Etirazçıların “Biz dövlətdən kömək istəyirik, niyə imkan vermirsiniz? Bura Azərbaycan prezidentinin aparatı deyil?” suallarına cavab ancaq polislərin adamları itələmələri oldu. Polislər etirazçıları itələyə-itələyə bir qədər dəmir hasardan uzaqlaşdırıb dayandılar.
Ani fasilədən sonra etirazçılar üzlərini dövlət başçısı oturan binaya tutub uca səslə dərdlərini dilə gətirdilər. Onlar qışqırırdılar: “Prezident, evimizi ver bizə”, “Uşaqlarımızı yaşatmaq üçün evimiz yoxdur, ay hökumət”, “Dövlət, bizə sahib dur!”
Jurnalistlərin də hadisə yerində olmasından istifadə edən aksiyaçılar şikayətlərini onlarla da paylaşdılar. Şikayətçilərdən biri deyirdi: “Hər gün dövlətimizin güclü olduğunu deyirlər. Hanı o güc? Polisin gücünə ”güc” deyirlər? Niyə bizə sahib duran yoxdur?! Niyə bizim dələduzların qurbanına çevrilməyimizə imkan yaradıblar?”
Polis kövrəlir
Başqa bir etirazçı isə deyirdi ki, 3 ildir onlar ən müxtəlif dövlət orqanlarına şikayət ediblər. Bu orqanlarda oturan insanlar başa düşmürlər ki, onlar artıq səfilə dönürlər, ev-eşik yox, üstəlik, bir yandan da polis və xırda məmurların təhqirlərini eşitməli olurlar.
Aksiyanın qızışdığını görən polislər də aqressiyanı artırdılar. Polis dəstəsinə rəhbərlik edən kapitan rütbəli zabit özü də istəmədən aksiyaçıların təsiri altına düşdü. Yaşlı qadınlar ağlayaraq dərdlərini ona anlatdılar, bildirdilər ki, illərlə qazandıqlarını ev almaq üçün veriblər, indi isə nə onların pullarını qaytarırlar, nə də ev verirlər. Zabit özünü saxlaya bilməyib, dələduzlara qarğış etməyə başladı: “Sizin başınıza bu oyunu gətirənin balası ölsün”.
Abutalıbova ironiya edən polis mayoru varmış…
Ancaq hadisə yerinə əlavə polis heyətilə gələn mayor rütbəli bir zabit (onu Fəvvarələr meydanı aksiyalarında görmək olardı. Bu şəxs “Gül bayramı”na etiraz olaraq, keçirilən aksiyada xüsusi fəallığı ilə seçilmiş, qadınları saçından tutaraq sürümüşdü) peyda oldu. O, çox saymazyana şəkildə və kobud ifadələrlə aksiyaçıları təhqir etməyə başladı.
– Davay, basın bayıra, zarımayın burda...
– Sözümüzü prezidentə demək istəyirik, olmaz?
– Əlbəttə olmaz, bura söz demək yeridir? Davay dağılışdınız, gedin Hacıbalanın yanına.
– Onluq bir iş yoxdur, bizim dərdimizə əlac edilməlidir.
– Hacıbalalıqdır!!! Hacıbalalıq!!!
– Axı, onunla görüşmüşük dəfələrlə…
– Uzunçuluq etməyin də, adam deyilsiz?! Dedim ki, gedin Hacıbalanın yanına.
Polis zabitinin Bakı Şəhər Icra hakimiyyətinin başçısı kimi möhtərəm bir post sahibinə sanki küçə uşağından bəhs edirmiş kimi “hacıbala” deməsinə irad bildirildi:
– Niyə görə heç olmasa, “Hacıbala müəllim” demirsiniz?
Və cavab:
– Əəəə, yaxşı eləyirəm, mənə öyrədəcəksən?! Işinlə məşğul ol…
Lazım gəlsə, ana-bacımı da itələyərəm
Bundan sonra mayor şəxsən özü aksiyaçı qadınların üstünə hücum çəkdi. Onları həm əlilə, həm də təpiklə itələdi. Bu zaman fəal yaşlı xanımlardan biri onun önünə keçərək dedi:
– Niyə insanları itələyirsən? Bunlar da sənin kimi insan deyillər? Sən bu ölkənin polisisən? Ana-bacını da belə itələyərsən?
Polis mayorunun cavabı belə oldu:
– Lazım gəlsə, itələyərəm.
Bu cavab hamıda heyrət doğurdu. Reaksiyalar sərtləşdi; “Bunların qanı xarabdır” deyən də oldu, “ana-bacı qədri bilməyən…” də.
Etirazçı Prezident Administrasiyasının qarşısında bayıldı
Yaranan gərginlik Fəridə Ələkbərova adlı bir xanımın bayılmasıyla nəticələndi. Bu durumdan xoflanan polislər geri çəkilmək məcburiyyətində qaldılar. Xanımın bayılması aksiyaçıları lap əsəbiləşdirdi. Onlar daha sərt ifadələrlə Prezident Administrasiyasına xitabən nifrin yağdırmağa başladılar, hakimiyyəti vəhşilikdə ittiham etdilər. Təxminən 15 dəqiqədən sonra təcili tibbi yardım olay yerinə gələrək, xəstəni apardı. Həkimin verdiyi məlumata görə, aksiyaçı xanımın təzyiqi hədsiz qalxıbmış. O, xanımın vəziyyətinin normallaşacağını bildirdi.
Növbəti aksiya yanvarın 24-dədir
Prezident Administrasiyasında heç kimin onlarla görüşə gəlməməsi zərərçəkmişlərin növbəti aksiyanı təyin etməsilə nəticələndi. Aksiyaçılar bəyan etdilər ki, onların problemi həll olunmayana qədər etirazlar böyüyəcək. Növbəti aksiya yanvarın 24-nə təyin olundu.
Xatırlatma
Uzun müddətdir davam edən aksiyalara baxmayaraq, nə hökumət orqanları, nə də “Şərurlu Isfəndiyar” kimi tanınan iş adamı Isfəndiyar Axundov dələduzluq qurbanı olmuş vətəndaşların probleminin həlli istiqamətində addım atmır. Ortada külli-miqdarda vəsaitin mənimsənilməsi faktı var və həmin pullar payçılara qaytarılmır. Əksinə, “Şərurlu Isfəndiyar” zərərçəkmişlərdən evlərinə sahib çıxmaq üçün yenə pul tələb edir.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində “Kamran” MMC-nin vəzifəli şəxsləri barədə cinayət işi açılıb. Şirkətin rəhbəri Ələkbər Babayev, direktor German Hüseynov həbs olunub. “Kamran” MMC “Orxan” şirkətinin varisi olub. “Orxan” da öz növbəsində “Şaiq” MTK-nın varisidir. Bu firmaların başında isə bir adam dayanıb – Şərurlu Isfəndiyar.
Bu günə qədər “Safari-N”, “Olimpus”, “Mur-Ay”, “Orxan” və “Kamran-B.Ə” MMC adlı şirkətlər vasitəsilə minlərlə vətəndaş aldadılaraq, milyonlarla vəsait mənimsənilib. Məsələn, 2008-ci ildə Yasamal rayonu, III Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi, 34 B ünvanında yerləşən və “Kamran-B.Ə.” tərəfindən tikilməkdə olan iki bloklu binanın payçıları fərdi müqavilə bağlamaqla, hər kvadratmetr üçün 300-550 manat ödəyiblər. Sonra 96 mənzilin 250-dək vətəndaşa satıldığı üzə çıxıb. Müqavilələr notarial qaydada bağlanmayıb, pullar şirkətin kassirinə ödənilib. Şirkətin rəhbəri Ə.Babayev camaata deyib ki, Isfəndiyar Axundovun ona 1,6 milyon manat borcu var və vətəndaşlar pulu ondan ala bilər. Isfəndiyar Axundov isə vətəndaşlara “Kamran-B.Ə.” tikinti şirkətinin qeyri-qanuni satışla məşğul olduğunu söyləyib. Payçıların pulunu qaytarmaq əvəzinə, mənzillərin qiymətini qaldırıb və özünə məxsus “Şaiq” MTK-ya kv.metri 500-650 manatdan pul ödənilməsini tələb edib.
Payçılar Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin müstəntiqi Valeh Quliyevin “Şərurlu Isfəndiyar”a mənzil alqı-satqısında kömək göstərdiyini iddia edirlər.
Əlavə edək ki, “Kamran B.Ə.”nin vəzifəli şəxsləri barədə CM-in 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanıb.
Natiq