XVI əsrdən 2012-ci ilə proqnoz…

Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş iclasının əvvəlki illərə nisbətən fərqli keçəcəyini gözləyirdim. Yəni, dünyada baş verən qlobal inqilabi dəyişikliklər və oxşar rejimlərin çökməsi fonunda bu iclas əvvəlkilərdən fərqlənməli idi…

Elə olmadı… Prezident açıq şəkildə bəyan etdi ki, 2011-ci il böyük uğurlar ili kimi qeyd olunmalıdır. Heç bir nazirlik tənqid olunmadı, görülən “işlər” yerə-göyə sığdırılmadı. Nazirlər və komitə sədrləri də, ara-sıra qabaqlarına qoyulmuş, standart, təzə (!) qalın not dəftərlərinə nəsə yazırdılar…
Maraqlı məqamlar çox idi, məsələn, prezidentin kanalizasiya sistemləri və qəsəbələrin inkişafina dair tövsiyələri zamanı təhsil naziri və sərhəd qoşunları komandiri not dəftərində dayanmadan(!) qeydlər aparırdılar. Demokratiya və internet azadlığı haqda “qazanılan” uğurların izharı zamanı isə, operatorlar israrla, iqtisadi sahəyə cavabdeh məmurların (!) not etdiklərini göstərirdi. Nə isə… keçək əsas məsələyə…
Bu iclas bir daha onu göstərdi ki, Azərbaycan yumruq kimi birləşmiş məmur-oliqarxların zülmü altındadır və hakimiyyət bu rejimdə, hətta kosmetik dəyişiklikləri belə, etmək fikrində deyil. On minlərlə evi sökülən və mənzil fırıldağı qurbanları, işsizliyin qəza vəziyyətində olduğu, ən elementar insan azadlığının olmadığı bir ölkədə, ən yüksək səviyyədə hər şeyin qaydasında olduğu bəyan edilir…
Ilk dəfə nazir və yüksək rütbəli məmurlarımızı kədərli gördüm. Bəli, kimsənin üz ifadəsində ruh yüksəkliyi müşahidə olunmurdu. Ramiz Mehdiyev, Ramil Usubov, Ziya Məmmədov və digər məmurların çöhrələrindənki kədər, qeyri-müəyyənlik iclasın sonuna qədər çəkilmədi.
Şübhəsiz, vəziyyət xarabdır(!), oxşar rejimlər bir-birinin ardınca çökür, özü də qəribə, gözlənilməz ssenarilərlə.
Lakin təcrübə göstərir ki, bu tip rejimlər sona qədər öz prinsiplərindən əl çəkmirlər. Ona görə də, hətta büruzə versələr belə, qaldıqları yerdən davam edirlər. Ruhdan düşmürlər, əksinə daha da aqressiv olurlar.
Hətta iş o yerə çatır ki, rejim əhalinin bu ağır şərtlər altında, əhalinin özünə necə ev ala, yaxud tikə bilməsini, bir sözlə, ağır yaşam şərtlərində mücadilə etməsini “həzm” edə bilmir. Tarixdə belə analoqlar istənilən qədərdir. Rejim iflasa uğradığını dərk edəndə hücuma keçir…
Mənzil fırıldağı qurbanlarınin acı hekayətləri ilə tanış olarkən dəhşətə gəlməmək mümkün deyil. Çözələdikdə bir ucu düz hakimiyyətin yuxarı eşelonuna gedib çıxır. Təsəvvür edin, vətəndaşı aldadan “sahibkar” həbsdədir, hüquq-mühafizə orqanları isə zərərçəkmişi təhdid etməklə məşğuldur.
Bütün bu haqsızlıqların başında duran rejim geri çəkilmək fikrində deyil. 2012-ci ildə də heç bir şeyin dəyişməyəcəyini bəyan edir. Yəni evlər söküləcək, vətəndaşlar mənzil fırıldağının qurbanı olacaq, demokratiya və söz azadlığını tələb edənlər zindanlara atılacaq, minlərlə vətəndaş öz doğma vətənindən didərgin düşəcək, məmurlar isə xalqdan oğurladığı milyonları sağa-sola xərcləyəcək…
Avtoritar rejimlərin xisləti belədir. Geri çəkilmək ölümə bərabərdir. Ərəb inqilabları zamanı qısamüddətli “rüşvətlə mübarizə” yadınızdadırmı?
Rejim az qala çökmüşdü, müəllimlər, həkimlər, orta səviyyəli məmurlar ayağa qalxaraq hakimiyyətə müharibə elan etdilər. Iki həftə ərzində insanlar sanki özlərini yuxudakı kimi hiss etməyə başladılar. Rüşvət rədd edilirdi(!), almaqdan qorxanlar isə antihakimiyyət şüarlar səsləndirirdilər. Yuxarı eşelon təcili “rüşvətə davam” çağırışı etdi, hər şey “qaydasına düşdü”, bir sözlə, iqtidar “ipdən döndü”.
Illərdir vətəndaşlarımız hər keçən ilə şükr edirlər. Rejim isə, əksinə… hər gələn il sərvətlərini ikiyə qatlayır. Əhali yoxsullaşdıqca, iqtidar varlanır. Lakin tarix adlı elm çox nikbindir. Bütün bunların ötəri olduğunu bizə söyləyir, göstərir ki, sürətlə varlanmaq müəyyən zaman kəsiyinə qədər davam edir. Sonra proses tərsinə davam edir…
“Hakim zümrə başa düşmür ki, yığdıqları sərvəti dövlətin bünövrəsindən götürürlər, çox keçmir ki, gec-tez özülünü qazdıqları dövlət başlarına uçur”. Makiavellinin əsrlər öncə söylədiyi bu fikrə, xanədanı başına uçan diktatorlar hakimiyyətdə olarkən əhəmiyyət verməyi lazım bilməyiblər…