Ölümündən əvvəlki siyasi meyxanası…

«Yeni il gecəsi Nizaminin dediyi meyxanaya siyasi rəng verdilər; bununla bağlı harasa çağırıldığını soruşdum…»

Həyatsevər və özünəvurğunuydu Nizami. Səliqə-sahman güdən, geyiminə-geçiminə fikir verən, yaraşığını gözləyən, həm də canına baxan idi. Bir dəfə ona türkəçarə məsləhət görmüşdülər. Sıxılmış sarımsağın suyunu 1-dən 100-ə çatana qədər hər gün bir damcı əlavə etməklə içməliydi. Bu gün 1 damcı, sabah 2, biri gün 3 və beləliklə, 100-ə qədər, saatı və dəqiqəsiylə. Buna səbir lazımdır. Baxmayaraq ki çox qıvraq adam idi, cavan qalmaqdan ötrü içirdi bu məhlulu. Onu “pipetka” ilə harda olsa – toyda, evdə, konsertdə, dəxli yoxdur, içməliydi. Özü də təzəcə sağılmış inək südüylə.

Əvvəli ötən sayımızda

Bir gün hansısa rayonun ucqar kəndində toyda olarkən təzə süd dalıyca yağışın altında, palçıqlı kənd yoluyla o biri kəndə getməli olmuşdu. Bu işi Nizami ilə möhkəm zarafatı olan Kəbir onun üçün qurmuşdu. Guya bu kənddə təzə inək südü yox idi. Nizami də suyun, palçığın içində qayıtmışdı təp-təzə bəzənmiş tərtəmiz toy məclisinə. Təpədən-dırnağadək islanmış, palçıq içində Nizami dayanıb yazıq-yazıq baxırdı. Meyxana deyən Kəbir isə ona gülə-gülə meyxana qoşub deyirdi. Nizami toy yiyəsini çağırıb üst-başını dəyişmək üçün yer soruşdu. Tez aparıb ona şərait yaratdılar. Yarım saatdan sonra Nizami həmişəkitək səliqəli-yaraşıqlı qayıdıb əvvəlcə Kəbirə başladı söz qoşmağa. Özü də necə? Onu özünün bayaq düşdüyündən də pis vəziyyətə saldı, sonra da ona inandığı üçün başladı özü-özünü də “bəzəyib-düzəməyə”.
O, Kəbiri çox istəyirdi. Bir gün Kəbir zarafatla belə bir söz dedi: “Sən öləndən sonra, meyxananın şahı mən olacağam”. Nizami zarafatsız, sanki ciddi tərzdə ona etiraz etdi: “Yox, Kəbir, qoymaram mənsiz burda qalasan, ölsəm, səni də özümlə aparacağam”.

Nizami Rəmzi Cəfər Cabbarlının nəslindən imiş…

Söz adamıydı, nəsillərindən gəlirdi onda bu xüsusiyyət. Anası Balacaxanım xala Cəfər Cabbarlıgilin nəslindəniydi. Cabbarlının qızı Gülarə xanımla tez-tez görüşərdilər. Nizami özü də həmişə bizim klassik ədəbiyyatımızdan nümunələr oxuyardı. Mütaliə edərdi, boş vaxtı yaranan kimi Nizami Gəncəvidən, Füzulidən tutmuş, müasir dövr ədəbiyyatımıza qədər əsərlər onun əlindən düşməzdi.
Qadınları çox sevirdi. Qızımızın ad günü onun yaxın dostu, televiziya işçisi Asim Babayevin ad günüylə üst-üstə düşürdü. Iki ad gününü qeyd edirdik, Asim də bizi videoya çəkirdi. Hamımız deyib-gülürdük. Məclisin axırında araya bir az dalğınlıq, süstlük çökəndə Asim videosunu gətirib düz, Nizaminin qarşısında qoydu; ona nə çəkmək, hansı söhbəti lent yazısına almaq istədiyini bildirdi:
 – Nizami, hamımız gəldi-gedərik. Mən istəyirəm, heç kimə demədiyin şəxsi sirlərini kameraya danışasan. Bunları səndən başqa heç kim danışmayacaq.
– Nə deyim, – kameraya baxıb duruxdu. – Mən Nizami Rəmziyəm, təbim gələndə söz deyirəm. Istəyirəm dediyim sözlərlə çoxlarının ürəyindən xəbər verim.
– Belə yox, bunları bilirik, – deyə Asim ondan əl çəkmədi – Yaxşısı budur, həyatda qarşına çıxan qadınlardan başlayasan. Bəlkə Sevda otaqdan çıxsın?
– Yox, mane olmur, qoy qalsın, – Nizami köksünü ötürüb nəsə demək istədi, amma susdu, bir az fikrə getdi. Nəhayət, mənə tərəf dönüb soruşdu:
– Sevda, bu söhbətə icazə verirsən?
– Sən məndən daha yaxşı bilirsən, nəyi olar, nəyi olmaz, – dedim.

Etiraf…

Başı ilə dediklərimi təsdiqləyib davam etdi:
– Həyatımda çox qadınlarla görüşmüşəm. Bəzilərinin dərdindən mən ölmüşəm, bəziləri mənim dərdimdən ölüb. Indi istəsəm də, hamısını yadıma sala bilmərəm. Amma kişinin qadın qarşısında ən böyük imtahanı ailədir. Ən çox sevdiyim qadın mənim öz anamdır. O mənim üçün müqəddəs qadındır. Elə ona görə də birinci həyat yoldaşımdan ayrılmalı oldum. Yola getmirdilər. Bizim iki qızımız vardı. Biri anamla qaldı, birini o, mənim ilk imtahan götürənim, özüylə apardı. Amma mən o qızın da, özü ilə apardığı qızın da atasıyam, həmişə, ölənədək gözüm üstündə olacaq. Daha bir ailəm və bu ailənin xanımı var, Hicrandır adı. Onunla nikah kəsmədim. Bir-birimizlə qarşılıqlı inam əsasında yaşayırıq. Bax, onu mən anamla tanış eləmədim. Bilirdim ki, anamın xoşuna gələ bilər. Amma yenə onların yola getməməyindən qorxub onu bura gətirmədim. Dörd uşağımız vardı, ikisini körpəykən itirdim. Anam birincidən olan uşaqla tək qaldığını görüb fikirləşdi ki, qoca adamdır, çətindir onun üçün, odur ki evə gəlin lazımdır. Mən dönə-dönə etiraz elədim, anam isə sözünün üstündə dayandı. Axırda anamın xətrini sındırmamaqdan ötrü dedim, yaxşı, evə gəlin lazımdırsa, get al, gətir. Kənarda qadınla yaşadığımı, ailəm olduğunu bilmirdi. Odur ki, ədəb-ərkanla elçi gedib məni evləndirdi.
O da ərindən boşanmış qadın idi. Mən anamın xahişini yerə salmayıb bir gecə evdə bəy oldum, səhər də durub getdim ailəmin yanına. O yazıq qızın, evin gəlinini deyirəm, gözləməkdən gözlərinin kökü saralardı. Məni aylarla görmürdü. Bir gün dedi ki, “Əgər Nizami, heç olmasa, günortalar gəlib həyətdə fırlansaydı, mən qalıb bu evin gəlini olardım”. Bir ilin tamamında gətirdiklərini yığışdırıb, deyib ki, “Daha burda qalmağımın mənası yoxdur, çıxım gedim öz evimə”. Sevda ilə mən ailənin nə demək olduğunu daha dərindən anladım. Sevda mənim sonbeşik qadınımdır, sonuncu, dövlət imtahanımdır. Mənim üçün bu ən böyük sınaq mərhələsidir. Hələ ki deyəsən, bu imtahandan kəsirim olmayıb. Elədir, Sevda?
Gülüşdük.
Beləliklə, Nizami özünün etirafını, qadınlarla olan epopeyasını videoya yazdırdı. Mənimlə evlənəndə, daha doğrusu, mən ona qoşulub-qaçanda, heç bir qadınla əlaqəsi yox idi. Hicran onun qadınlarının içərisində ən gözəli idi. O qədər gözəl idi ki, heç kim inanmırdı, nə vaxtsa Nizami ondan ayrıla bilər. Amma nə baş verdisə, ayrıldı. Övladlarına isə həmişə olduğu kimi, atalıq eləməkdə davam edirdi. Hicran özü də ona məhəbbətini saxlamaqda idi. Hətta bir dəfə xəstə yatanda Hicran mənə baş çəkməyə gəlmişdi. “Sən özünü qoru, Nizamiyə qayğı lazımdır, Nizamiyə dost lazımdır, o səni özünə əsl dost bilir”. Bu, Hicranın sözləri idi, xəstə olduğum vaxt mənə demişdi.

Mən onu qısqanırdım. Ona deyirdim ki, “Günlərin bir günü, yeni sevdaya düşərsən, məni də yazarsan öz keçmiş günahlarının sırasına”. Nizami bu sözümə yenə üzündə müəmmalı ifadəylə, elə bir ifadəylə ki bilmək olmur zarafat edir, ya ciddi, demişdi:
– Mən əvvəl elə bilirdim, mənim son sevdamsan. Indisə görürəm ki, yox, sən mənim həm ilk, həm də son Sevdamsan.
Nizami ilə valideynlərimin razılığı olmadan evləndiyim üçün başım çox bəlalar çəkdi. Özümdən, canımdan artıq sevdiyim insanlar neçə illər məndən küsülü qaldılar. Evə dəvət etmədilər. Nəhayət, bir gün, yenə Nizaminin cidd-cəhdi ilə, tədbirli olmasına minnətdar olaraq özümüzünkülərlə barışdım. Bu mənim üçün həyatın ən böyük hədiyyəsi oldu. Sevincimin həddi-hüdudu yox idi. Valideynlərim tez bir zamanda Nizamiyə elə isnişdilər ki, elə bil, onların kürəkəni yox, oğlu idi. Ümumiyyətlə, onun cazibəsi çox idi, özünü tez istədə bilirdi. Heç kim də ona saldığı meylə görə sonradan peşman olmazdı.
Biz doqquz il onunla yaşadıq. Allah mənə bundan sonra yüz il ömür verə bilər. Amma həyatımın əsas məzmununu o illərdə və o illərin xatirəsində görürəm. Mən indi də o illərin xatirəsi ilə yaşayıram. Onun vəfatından sonra yeni ailə qurmağı məsləhət görürdülər, elə indi də. Xeyr, onu heç kim əvəz edə bilməz. Atası həlak olanda qızım çox kiçik idi. Indi beşinci sinifdə oxuyur. Qızımı qəbri üstə aparıram, deyirəm: “Bax, sənin atan odur, yadında saxla”. Qızım da deyəsən, onların nəslinə çəkib. Sözə bağlı adamdır, yazı-pozudan xoşu gəlir.

Öləndə də Kəbiri  özü ilə apardı…

Fikirli idi, amma narahat adam deyildi. Yəqin, həyatda uğursuzluqdan, gözlənilməz hadisədən qorxmurdu. O məclislərdə özü bilərəkdən, yaxud böyüyə hörmət naminə, yaxud da kiçiyin könlünü sındırmamaqdan ötrü deyişmələri uduza da bilərdi. Bu heç onun halına təfavüt eləməzdi. Yox, əgər məsələ gəlib ciddi və prinsipial həddə çatsaydı, onda bir məharət, bir hünər göstərərdi ki, gəl görəsən. Onun bütün audio və videokasetlərini dinləmiş, dəfələrlə onlara tamaşa etmişəm.
Nizamini tanıdığımdan, onda nə baş verdiyini yalnız mən başa düşə bilərəm. Özündən tam arxayın insan idi. Ömrü boyu girişdiyi hər işdə uğur qazana bilib. Əsas odur ki, insan yaşamağı bacarsın. O isə bunu çox gözəl bacarırdı.
Qoy, sözlərim qəribə gəlməsin. Nizami ölməyi də bacarırdı. Bununla bağlı tez-tez söhbətlərimiz olurdu. Mənim “sonbeşik” həyat yoldaşı olmağım haqqında dediyi söhbəti davam etdirmək üçün soruşdum:
– Nizami, mən ölsəm, yenidən evlənərsən?
– Sevda, səndən sonra səndən yaşlısını alan deyiləm. Gərək onda gedim, bağçadan qız alım. Bu daha ağ olar. Görürsən də, o tərəfdən də sən mənim əhdimi kəsmisən.

Mən əl çəkməyib sorğumu davam etdirdim:
– Nizami, bəs sən ölsən, mən neyləməliyəm?

Sualıma həm gözlənilməz cavab eşitdim, həm də onun böyüklüyünün şahidi oldum:
– Sevda, mən ölsəm, sən cavan olduğundan həyatını davam etdirməlisən, özünə yeni ailə qurmalısan.
– Ölümdən qorxursan?
– Qətiyyən, mən ölsəm, adım Nizami Rəmzi kimi qalacaq. Nəyə görə qorxmalıyam? Sən özün barədə düşün.
– Mən də ölsəm, adım Nizami Rəmzinin xanımı kimi qalacaq.

Onun üzü yenə ciddiləşdi. Bir az susandan sonra dedi:
– Sən cavansan.
Bu söhbət 1997-ci il yanvar ayının əvvəlində, yeni il günlərində Buzovnada, Kəbirgilin evində olub. Yanvar ayının 19-da Nizami dostu Kəbirlə birgə avtomobil qəzasında həlak oldu. Ölüm də onları bir-birindən ayıra bilmədi. Nizami o vaxt, elə bil, nə baş verəcəyini görüb Kəbirə demişdi ki, səni qoyub hara gedirəm?!

Üçüncü aləm

Onun bir qəzəli yadıma düşür:
Kim deyir dünya ikidir, üçdür, cəhənnəm-cənnətdir,
Bu dünya aləm olsa da, o dünya bundan aləmdir.
Evdə məclis idi. Kimsə, dostlardan biri, bu beytlə maraqlandı:
– Nizami, bu beytdə üçüncü dediyin dünya hansıdır?
– Sən özün necə düşünürsən, hansıdır?

Məclisdə mübahisə düşdü. Hərə bir yozum verdi üçüncü dünyaya. Axırda sözün izahını yenə Nizami özü verdi:
– Hamıdan aləm bildiyim dünya ana bətnidir. Biz bu dünyada o aləmin sorağıyla gəzirik…
49 yaşında vəfat etdi. 50 illiyinə çox böyük həvəslə hazırlaşırdı. Qismət deyilmiş. Nizami o itirilmiş aləmin sorağıyla yaşadı, çox-çox şəhərləri, ölkələri gəzib-dolandı, məclislərdə oldu, ən müxtəlif təbəqəli adamlarla oturub-durdu, qadınları sevdi, çox macəralar yaşadı, şeirlər qoşdu, mahnılar bəstələdi, qəzəllər yazdı. O aləmin sorağıyla. Yetmək mümkün olmayan aləmi aradı bu dünyada. Tapmadı.
Mənimlə ailə həyatı qurandan sonra spirtli içki dilinə belə vurmurdu. Hamı buna təəccüb eləyirdi. Mənə qədər içkiyə meylli, kefcil insan olub. O doqquz ili onu bir dəfə də içkili görmədim. Amma ölümünə bir həftə qalmış başladı içməyə. Nə qədər xəbər alsam da, mənə heç nə demirdi. Iki səbəb ola bilərdi. Ya işləri çox yaxşı gedirdi, ya da çox pis. Indi də bu suala heç bir cavab verə bilmərəm. Mənim üçün bu əhvalat qapalı qaldı.
1996-cı ilin Yeni il gecəsi efirə gedən proqramda Nizamiyə də, ansamblı ilə birgə, çıxış üçün bir nömrə verilmişdi. Sonradan bu meyxanaya dildə-ağızda siyasi rəng verdilər. Bununla bağlı harasa çağırıldığını, nəsə ona söz çatdırıldığını soruşmuşdum. Dediyinə görə, heç bir problem olmamışdı bu söhbətlərlə əlaqədar. Ona görə də həmin o Yeni il gecəsi söylədiyi meyxananı son günlərdə əhvalındakı, davranışındakı dəyişikliklə əlaqələndirə bilmirəm.
O günü xəbəri gəldi. Kəbirlə birgə hansısa məclisə gedirdilər. Maşını Nizami sürürdü. Içkili idi. Ekspertizada bunu təsdiq etmişdilər. Şəhərdən çıxan yolda böyük bir “Ikarus”la toqquşub hər ikisi – Nizami və Kəbir yerindəcə həlak olmuşdu.
O, şair idi. Hətta şeir yazmadığı cavanlıq illərində belə şairanə ömür yaşayırdı. Onun şeirləri, mahnıları, şirin səsi, ləhcəylə dediyi meyxanalar qaldı bu dünyada. Bir də, özü necə demişdisə, elə oldu. Ondan yadigar ad qaldı: Nizami Rəmzi.

“El” jurnalı; N.Bədəlov