Arif Quliyevin oğlu vəfat etdi

«Oğlum xəstəlikdən dünyasını dəyişdi, hər şey gözümüzün önündə olub, neyləyək, bu həyatdır»

«Mənim üçün böyük itkidir, ancaq səhnəyə bunun heç bir dəxli yoxdur»

Dəqiq bilmirəm AzTV-də hansı aktyor çıxış edirdi, söhbət 15 il əvvəldən gedir. Adını bilmədiyim həmin aktyor belə bir cümlə işlətdi: “Arif Quliyev 59 formada gülür, 61 cürə ağlayır”.
Ancaq oğlunun yas mərasimində üzündə nə o gülüş formaları görünürdü, nə də ki, neçə cür ağlamağı hiss olunurdu. Sifətində yalnız bir mimika vardı – övladını itirən atanın hüznlü baxışı. Hamını – dost-tanışı, qohum-əqrəbanı, iş yoldaşını, nə bilim daha kimləri hüznlü siması ilə qarşılayıb, yola salırdı. Uyğun bir vaxtın yetişməsini gözləyirik. Ki, onu danışdırım. Bir az gec olsa da, nəhayət onunla görüşüb söhbət etmək niyyətim baş tutdu. Çox az vaxtı olduğunu deyir. Heç kim bizə mane olmasın deyibən kənara çəkilirik və o başlayır sualları cavablandırmağa…

Xeyirlə şər həmişə eynidir?

“Oğlum Fərid 14 il iş almışdı. Orada xəstələndi. Xəstəliyi ilə əlaqədar məhbusluqdan azad olundu. Son vaxtlar vəziyyəti ağırlaşmışdı. Yanvarın 15-də dedilər ki, ümid Allaha qalıb. Ayın 16-da evə gətirdik, axşam saat 5 radələrində dünyasını dəyişdi” deyir, Arif Quliyev. Oğlu barədə deyilənlərin yanlış olduğunu söyləyir. Məlumat yayılmışdı ki, Fərid Quliyev həbsdən azad olunsa da, çox yaşaya bilməyəcək, onu öldürəcəklər. Arif Quliyev isə “Fərid həbs olunanda demişdim ki, kimin cinayəti varsa qanun qarşısında cavab verməlidir” deyir: “Bu sözləri deyəndən sonra heç bir düşmən ola bilməz. Xeyirlə şər həmişə eynidir. Insan yaşayırsa, insan varsa, bir-biriylə ünsiyyət qurursa, bu meyarlar labüddür. Özüm heç vaxt cinayəti bağışlamaram. Ancaq onu bilirəm ki, oğlum xəstəlikdən dünyasını dəyişdi. Hər şey gözümüzün önündə olub. Neyləyək, bu həyatdır”.
Zənglərin ardı-arası kəsilmir. Bəzilərinə cavab verir, bəzilərini isə…
Boğazı qəhərlənir, yaşlamaq üçün tanışlardan biri ona çay təklif edir. Gülüş ustadının qəfil cavabı onu yerində dondurur – çaya çox su qatırlar içə bilmirəm.
Kiçik bir haşiyə. Gülüş ustadı Arif Quliyev özü hələ körpə vaxtından ailə faciəsi ilə üzləşib. Valideynlərini itirən aktyor uşaq evində böyüyüb və çətin həyat sürüb. Bu haqda özü belə deyir: “Uşaqlığım rahat keçməyib. Iki yaşımda valideynlərim vəfat edəndən sonra qara çarşablı bir qadın məni Mərdəkanda uşaq evinin qarşısında qoyub gedib. Ətəyindən tutdum buraxmadım. Dedi ki, gözlə peçenye alıb gəlirəm. Ancaq gəlib çıxmadı”.

Xəstəlik həmişə var

“Bu, sınaqdır. Buna dözmək, təbii qəbul etmək lazımdır. Heç bir zaman yaradana, Allaha qarşı çıxmaq olmaz və bu, qeyri-mümkündür. Deməli, sən bu sınağa dözməlisən, bu əziyyətləri çəkməlisən. Yox, demək olmaz ki, sən bu əziyyətlərə layiqsən. Sadəcə bu, bir sınaqdır. Allah mənə bu əziyyəti verməklə sınağa çəkir. Doğulduğum gündən ana-ata nəvazişindən məhrum olmuşam. Ancaq ilahi ürəyimə, qanıma, canıma elə bir istedad qığılcım həkk etdirib ki, onunla mən hər şeyi əvəz etmişəm. Bu istedadımla neçə-neçə ana tapmışam, neçə-neçə qardaş-bacıya sahib olmuşam. Ilahi ata-ana nəvazişini məndən alıbsa, böyük bir xalqın sevincini bəxş edib. Hadisədi, olub. Xəstəlik həmişə var. Yunanların bir sözü var – hər şey dəyişir, inkişaf edir. Ölənlə ölmək olmaz. Ona görə də  hər şeyə dözmək lazımdır”.  
“Mən 100 cürə gülə bilərəm. Ağlamağın növləri ondan da çoxdur. Bu mənim həyatımda neçənci ağlamaqdı, deyə bilmərəm. Hər şeyin hamar olması da yaxşı deyil. Həyatın ləzzəti onun keşməkeşliyində, rəngarəngliyindədir” söyləyir, gülüş ustadı.
Arif Quliyev heç vaxt səhnədən kənarda qalmayacaq: “Səhnədən uzaqlaşmamışam və yaxud uzaqlaşdırılmamışam. Düzdür, bu mənim üçün böyük itkidir, ancaq səhnəyə bunun heç bir dəxli yoxdur. Mənim şəxsi problemim tamaşaçı üçün o qədər əhəmiyyət kəsb etmir. Bu həyat mənim taleyimdir, yazıdan qaçmaq olmaz”.
“Bundan sonra faciəli rolları oynayarsınızmı” sualına “Rejissorlar məsləhət görərlərsə, məmnuniyyətlə razı olaram” cavabını verir.

***

Ayrılarkən, “Danışmaq həddindən artıq çətindir. Oğlum belimi qırdı. Cavan olduğuna görə hamımız ümid edirdik ki, xəstəliklə mübarizədən qalib çıxacaq. Onun yoxluğu ilə barışmaq dözülməzdir. Allahdan qəni-qəni rəhmət diləyirəm. Bu kədərli günümüzdə tanıyıb-tanımamağımdan asılı olmayaraq hamıya minnətdaram. Allah heç bir valideynə övlad dərdi verməsin”, – deyə xalq artisti söylədi.

Ramin DEKO