«Ben Əli və zövcəsi Fransadan məlum medalın ikisini almışdı, aqibətləri göz önündədir»
İbrahim İbrahimli: «Vaxtilə AXC-nin ölkənin siyasi həyatında oynadığı rolu ikinci dalğada Ictimai Palata oynayacaq»
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, istiqlalçı deputat Ibrahim Ibrahimli “Azadlıq” qəzetinin suallarını cavablandırıb. I.Ibrahimli öncə Ictimai Palatanın bir illik siyasi fəaliyyətinə dair münasibət bildirib.
– Ictimai Palata sosial sifariş əsasında yaranmış bir ictimai konsesus mərkəzidir. Siyasi əqidəsindən, dini mənsubiyyətindən, milli kimliyindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin maraqlarını özündə uzlaşdırır. Məqsəd çox dəqiq və aydındır. Hədəf ölkədə azad və ədalətli seçkilərin keçirilməsidir. Çünki ölkədə mövcud olan bütün problemlərin, hətta torpaqlarımızın işğaldan azad olunmasının həlli yolu belə demokratik seçkilərdən keçir. Saxtalaşdırılmış seçkilərin nəticələrinin ləğv edilməsi, parlamentin buraxılması, növbədənkənar azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ideyasının şərtləri, əslində Azərbaycanda köklü demokratik dəyişikliklərin edilməsində əsas baza prinsipləri rolunu oynaya bilər. Ona görə də Ictimai Palata bu prinsiplərin əsasında Demokratiyaya Yumşaq Keçidin Yol Xəritəsini hazırlayıb ictimai müzakirəyə təqdim etdi.
Toplumun bütün kəsimlərinin-aşağıların, yuxarıların və orta təbəqənin hətta hakimiyyət dairələrinin belə maraqlarını özündə uzlaşdıran bu sənəd, əslində aralıq mərhələnin ağrısız-acısız, qansız-qadasız, dinc keçidini təmin edən ortaq məxrəcidir. Ötən bir ildə demokratik düşərgənin toparlanma ünvanına çevrilən Ictimai Palata cəmiyyətdə özünü Ictimai Konsesus Mərkəzi kimi təsdiq etdi.
AXC rolunu Ictimai Palata oynayacaq
Dünyada baş verən inqilabi tarixi dəyişikliklərə hazır olduğunu göstərdi. Hazırlıq səviyyəsindən çıxış edib demək olar ki, birinci dalğada AXC-nin ölkənin siyasi həyatında oynadığı rolu ikinci dalğada IP oynayacaq. Dünyada baş verən inqilabi tarixi dəyişiklikləri, əslində Soyuq Müharibədən sonra başlayan qlobal demokratikləşmə prosesinin ikinci dalğası adlandırmaq olar. Birinci dalğanın təsiri altda meydana çıxan xalq hərəkatları bu və ya digər səbəblərdən qapalı rejimlər üzərində tam və qəti qələbə çala bilmədi. Baltikyanı ölkələr də daxil olmaqla Şərqi və Cənub Şərqi Avropa ölkələri demokratık inkişaf yolunu seçib azad dünyaya inteqrasiya olundular. Postsovet ölkələrində isə hakimiyyət yenidən rusiya meylli qüvvələr tərəfindən qəsb edildi. Demokratikləşmə durduruldu, avtoritar rejimlər quruldu. Beləliklə, birinci dalğa öz hədəflərinə tam ulaşa bilmədi.
Soyuq Müharibədən sonra yaranmış boşluq və siyasi durğunluq uzun müddət davam etdi. Nəhayət, 20 illik demokratiya böhranı yeni bir dalğanı üzə çıxardı. Məqribdən Məşriqə qədər bütün dünya bu dalğanın təsiri altdadır. Artıq bu dalğanın etgisi altda dünyanın siyasi yapısı dəyişir, on illər ərzində formalaşan stereotiplər dağılır, keyfiyyətcə yeni münasibətlər sistemi yaranır və bu sistemə uyğun olaraq daha stabil, daha dayanıqlı, daha təhlükəsiz, daha ədalətli Yeni Dünya Düzəni qurulur. Mübaliğəsiz demək olar ki, Ictimai Palata Yeni Dünya Düzənində Azərbaycanın yerini və rolunu müəyyənləşdirəcək.
Diktatorlar bu dərsdən nəticə çıxartmırlar
– Deməli, ötən il siyasi fəaliyyət üçün uğurlu il olub?
– 2011-ci il ən yeni tarixə demokratik inqilablar ili kimi daxil oldu. Artıq müsəlman dünyasının əsrlər boyu əzilən xalqları da oyanmaqda, inkişafa və sosial rifaha aparan yolun məhz demokratiyadan keçdiyini anlamaqdadırlar. Ərəb inqilablarını Fransa inqilabları ilə müqayisə etmək olar. 19-cu əsrdə Fransa inqilablarının Avropanın bütövlükdə isə Qərbin inkişafında oynadığı rolu indi Ərəb inqilabları Orta doğunun bütövlükdə isə Şərqin inkişafında oynayır və bundan sonra da oynayacaq. Necə ki, 19-cu əsr tarixə Fransa əsri kimi daxil oldu, 21-ci əsr də tarixə, heç şübhəsiz ki, Ərəb əsri kimi daxil olacaq. Dünyəvi dövlət prinsipləri ilə islami dəyərləri sintez edən gənc ərəb demokratları “islam hara demokratiya hara” deyənlərə islami demokratiyanın gerçək üzünü göstərərək əsl inqilab dərsi verir. Amma mövcud diktatorlar bu dərsdən bir nəticə çıxartmırlar
– Nədən?
– Çünki bu, diktatorlara məxsus olan irsi bir xəstəlikdir. Elmi ədəbiyyatda bu xəstəliyin adı “bonopartizm” adlanır. Istedadlı sərkərdə Napoleondan sonra istisnasız olaraq bütün diktatorlarda bu xəstəlik natamamlıq kompleksinə çevrildi. Bu kompleksdən doğan tarixi faciələri dünya şöhrətli yazıçı Q.Markes “Patriarxın payızı” əsərində böyük ustalıqla qələmə alıb. Mahiyyət ondan ibarətdir ki, patriarxlar tarixdən dərs almırlar, ancaq dərs verirlər. Ikinci bu rejimlərin mahiyyətindən irəli gəlir. Demokratik rejimlər axar su kimi hərəkətli olduğu üçün daimi, öz-özünü təmizləyir və tənzimləyir, liderlərin, komandaların biri gəlir o biri gedir. Amma avtoritar rejimlər gölməçələr kimi girişi – çıxışı olmadığından qapalı qalıb iylənir və bataqlığa çevrilir. Bataqlıqda isə istənilən cəhd uğursuzluğa məhkumdur. Amma bütün baş verənlərə rəğmən tarixdə müəyyən istisnalar da var. Heç uzaq keçmişə getmək lazım deyil, məsələn, Mərakeş kralı müxalifətin “Yol xəritəsi”ni qəbul edib təkliflər paketinə uyğun islahatlara başladı. Bizim hakimiyyət isə nə müxalifətin təklifini qəbul edir, nə də özü islahata başlayır. Islahatların tarixən istər klassik, istərsə də müasir anlamda sınaqdan çıxmış iki yolu var: Təkamül və inqilabi yol. Demokratk ölkələrdə bu təkamül yoluyla, avtoritar ölkələrdə isə bir-iki istisnaları çıxmaq şərtilə inqilabi yolla həyata keçirilib və keçirilir.
30 il idi ki, ərəb xalqı yuxarıdan – Əlidən, Mübarəkdən, Qəzzafidən, Bəşərdən təkamül yolu ilə islahat gözləyirdi. Yuxarıdan islahat gözləyən xalqın səbri nəhayət tükəndi və ayağa qalxıb islahatı aşağıdan inqilabi yolla özü elədi.
Hakimiyyət pis alternativləri seçir
– Demək istəyirsiniz ki, inqilab qaçılmazdır?
– Ortada üç variant var. Ya hakimiyyət Mərakeşdə olduğu kimi yuxarıdan islahatlara başlayır, ya Misirdə olduğu kimi orta təbəqə- xalq siyasilərlə bir araya gəlib inqilab edir, ya da Liviyada olduğu kimi səbr kasası daşan kütlə ayağa qalxıb üsyan edir. Müxalifət bu variantların ən məqbulunu, ən təkmilini, daha doğrusu, keçidin ən dinc və yumşaq modelini təklif edib. Əgər hakimiyyət bu modeli qəbul etmirsə, deməli, məntiqlə bu variantın alternativlərini seçib.
Özünə arxayın hakimiyyət ölkəsini qana sürükləməz
– Müxalifətin yumşaq mövqeyinə rəğmən hakimiyyətin sərt mövqe sərgiləməsini necə izah edərdiniz. Sizcə, bu arxayınçılıq nədən irəli gəlir, mənimsədiyi var-dövlətə olan ehtirasdanmı, xarici havadarlarına olan inamdanmı, ya sadəcə olaraq siyasi məsuliyyətsizlikdənmi qaynaqlanır?
-Təbii ki, bu fani dünyada qa deyənə qa, qu deyənə qu verməklə çox şeyi, amma hər şeyi həll etmək olmur.
Məsələn, Ben Əli və zövcəsi Leyla xanım qa və qu verməklə, az qala Fransanın fəxri vətəndaşları idilər…hətta məlum məşhur medalın birini ər, birini də arvad almışdı.
Son aqibətləri göz qabağındadır. Təbii ki, daxili siyasətdə xarici dəstəyin rolu var, amma müəyyən həddə qədər. Məsələn, Mübarəkin misirlilərin qarşısında pis-yaxşı xidmətləri olub. Ən azı Suveyş müharibəsinin iştirakçısı və komandanlarından biri olub. Təkcə Misirdə deyil, həm də Ərəb dünyasında söz sahibi olub. Qərb və Israil onunla hesablaşıb. Bütün bunlara baxmayaraq, onu nə var-dövləti, nə də şan-şöhrəti, nə də xarici dəstəyi ədalət divanından xilas edə bildi, əksinə suçundan dolayı Mübarəkə qarşı ölüm ittihamı irəli sürüldü.
Bu arxayınçılıq anlaqsızlıqdan, daha doğrusu, siyasi və mənəvi məsuliyyətsizlikdən irəli gəlir. Özünə arxayın olan hakimiyyət ölkəsini qana sürükləməz, vətəndaşlarını çətin seçim qarşısında qoymaz. Əslində, hakimiyyət özünü, guya, arxayın göstərməklə həm qorxur, həm də qorxudur. Lətifəsi bizimkilərdən uzaq olsun, allahın heyvanından soruşurlar ki, niyə hürürsən? – deyir qorxuduram. Dübarə soruşurlar ki, bəs quyruğunu niyə bulayırsan? – deyir qorxuram.
Xəyal



