“Demokratiya düşmənləri günü-gündən cəsarətlənir”

The Waşington Post«Soyuq Müharibədən sonra demokratiyanın genişlənməsi, diktaturaların çöküşü görüntüsü yarandı. Ancaq bu gün demokratiya geriləyir. Şəffaflıq, hüququn aliliyi, hesabatlılıq və insan ləyaqətinə hörmət geninə-boluna tapdalanmaqdadır. Avtokratlar, bəzən hətta Qərb siyasətçiləri açıq-aşkar qorxu, ksenofobiya və paranoyya daşıyıcılarına çevrilirlər. Demokratiyanın düşmənləri günü-gündən cəsarətlənir. Bütün bunların baş alıb getməsinə Birləşmiş Ştatlar qismən məsuliyyət daşıyır. ABŞ dünya avtokratlarına qarşı dayanmalıdır». Bunu «The Washington Post» qəzeti «Demokratiya geriləyir» adlı baş məqaləsində yazır.

Yazıda bu günün tiranlarının daha saxta yollara əl atdığı, birbaşa totalitar mövqe seçmədikləri, demokratiya fasadı qurub onu içəridən dağıtdıqları qeyd olunur: «Onlar rəqabətlilik üzü görməyən seçki keçirir, əsl vətəndaş cəmiyyətini sıxışdırmaqdan ötrü hökumətin çətiri altında qruplar yaradır. Azad sözə qarşı qanunlar qəbul edir, sahiblərin və redaktorların ipini dartmaqla xəbər mediasını özlərinə tabe etdirirlər. Onlar xaricdən pul alan istənilən qrupa «xarici agent» damğası vururlar. Bu yaxınlarda Moskvada 20 il qaçqın uşaqlara yardım etmiş mərkəz «xarici agent» elan olunaraq bağlanıb».

Qəzet avtoritar rejimlərin öz sərhədləri xaricində belə gücləndiyini yazır. Məsələn, Çin qonşularının etirazlarına baxmayaraq, dənizin mübahisəli böyük bir hissəsini hərbi nəzarətinə götürür. ABŞ-da respublikaçılarda prezidentliyə namizədliyə iddialı Donald Trump dözümsüzlük yayır: «Ancaq demokratiyanın işıqlı nöqtələri də az deyil. Birma, Argentina və Venesuelada son seçkilər dəyişiklik ümidi yaradıb. Hər yerdə bəzi fərdlər indiyədək görünməmiş şəkildə, həyatları və səhhətləri bahasına liberal dəyərlər uğrunda savaşırlar. Məsələn, Xədicə İsmayıl araşdırmaçı jurnalistikayla məşğul olduğu üçün bir ildən çoxdur həbsdədir».

«The Washington Post» «demokratiya niyə geriləyir» sualına cavab tapmağa çalışır. Bir səbəb kimi neftin ucuzlaşması daxil, iqtisadi problemlərin avtoritar rejimləri silkələməsi, repressiv rejimlərin ictimai itaətsizliyi önləmək məqsədilə sərt tədbirlərə əl atması göstərilir. Digər tərəfdən, «Ərəb baharı» Yaxın Şərqdə iylənmiş avtokratik üsuli-idarəni devirsə də, Tunisi çıxmaqla, digər yerlərdə demokratik qüvvələr boşluğu doldurmağa hazır olmadılar. ABŞ-ın İraq və Əfqanıstanda demokratiya quruculuğunu hədəfləyən layihələrinin üzləşdiyi çətinliklər isə başqa yerlərdə oxşar cəhdləri önləmiş oldu:

«Birləşmiş Ştatların yetərincə diqqət ayırmamasının da rolu az olmadı. Liberal dəyərlərin irəli aparılmasında ABŞ-ın tayı-bərabəri yoxdur. Son dekada inam böhranı, yorğunluq hissi və dünyadan çəkilmə dövrü oldu. Amma durumun daha da pisləşməsi təhlükəsi var – cənab Trump və demokrat namizəd Bernie Sanders beynəlxalq öhdəliklərdən bir az da çəkilmə vəd edirlər. Dünyada azadlıq dirçəlişinə ümid edənlər seçicilərin ancaq və ancaq ABŞ-da demokratik rəhbərliyi canlandıracaq prezidentə səs verəcəyinə ümid bəsləyə bilərlər».
azadliq.org