Əli Həsənovun tapdığı “ortaq nöqtələr” zay çıxdı

Rafiq Tağının öldürülməsindən 10 gün sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Irana 3 günlük səfərə yollandı. Səfərin əsl məqsədi nə idi, pərdəarxası söhbətlərdə vurğu nəyin üstündəydi, bu barədə ehtimallardan başqa bir söz söyləmək olmaz. Fakt Əli Həsənovun dedikləridir. Adam da dedi ki, “həm multimedia, informasiya agentlikləri, elektron KIV-lərin nümayəndələri, həm də Iranın Azərbaycanla bağlı siyasətini formalaşdıran, Iran dövlət qurumlarını Azərbaycanla bağlı bu və ya digər tədbirlərə, siyasətə sövq edən qurumların nümayəndələri ilə görüşdük və düşünürəm ki, ortaq nöqtələr tapdıq. Bu nöqtələr qarşılıqlı hörmət, qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək oldu”.

Ə.Həsənovun səfərin yekunlarına həsr olunan açıqlamalarında dilindən düşməyən bir söz də vardı: “səmimi müzakirə, səmimi anlaşma, səmimi yanaşma, səmimi…”. Qısası, Əli müəllim səfərin diplomatik deyil, büsbütün “səmimi” şəraitdə keçməsinə özünü inandırmışdı. Nəticə nə oldu?
Bu “səmimi” görüşləri bitirib “qarşılıqlı hörmət və anlaşma” ilə geri qayıdan nümayəndə heyətinin ayağı Bakıya toxunmamış Təbrizdə Azərbaycan əleyhinə yep-yekə bir tədbir düzənləndi. Ardınca ABŞ, Ingiltərə və Israilin Azərbaycanda casus şəbəkəsi qurduğunu və molla rejimini izlədiyini bəyan edən Iran rəsmiləri hədə-qorxuya və təhdidə keçdilər, rəsmi qəzetlərin iftiraları bir az da artdı və qarşılıqlı informasiya savaşı alovlandı. Iki gün öncə Azərbaycan televiziyalarının həftəlik xəbər buraxılışlarında Iranın ünvanına açıq-açığına antitəbliğat süjetlərinin yer alması artıq savaşın “pik” həddiydi; o qədər ki, aparıcılar cənub qonşumuza “molla rejimi” kimi aşağılayıcı ifadələr işlətməkdən də çəkinmirdilər.
Nəhayət, dünən Iran hakerləri Azərbaycan saytlarına qarşı kiberhücuma keçdilər. Bu haker hücumunun hədəfləri və dağıdılan saytlara diqqət edin: Rabitə və Informasiya Texnologiyaları, Daxili Işlər, Təhsil nazirliklərinin saytları, YAP və hakimiyyətə yaxın agentliklərin Internet ünvanları. Hədəflər bu kiberhücumun arxasında dayanan qüvvələrin niyyətini bütövlükdə üzə çıxarır. Bəs, hanı bunların “bir-birinin daxili işlərinə müdaxilə etməmək” barədə “səmimi” razılaşmaları? Hanı tapdıqları “ortaq nöqtələr?”…
Bu, Əli Həsənovun günahı deyil ki! Hakimiyyətin apardığı “səmimi” siyasətin məntiqi nəticəsidir. Bütün sivil aləmi özlərinə düşmən edəndən sonra Irana qarşı “dünyada analoqu olmayan” “səmimi diplomatik kurs” müəyyənləşdiriblər – guya. Bu andıra qalmış “analoqsuzluğun” fəsadlarını artıq təcrübəmizdən bilirik, ona görə də Iran-Azərbaycan “səmimiyyəti”nin zibili çıxmalıydı və çıxdı!
Amma problem bu deyil – Iranın Azərbaycan siyasəti bəllidir və bu siyasət hakimiyyətin mahiyyəti ilə ölçülmür. Problem ondadır ki, Irandakı bir neçə hakerin hücumuna qarşı rəsmən tərksilah olunmuş vəziyyətdəyik. Cəmi bir saat müddətində 15-20 rəsmi saytı vurub dağıtmaq mümkündürsə, görün nə gündəyik, virtual imkanlarımız nə səviyyədədir?
Işi-peşəsi ölkə vətəndaşlarını şərləmək, onları güdmək, siyasi fəallığına görə sıradan çıxarmaq olan Azərbaycan xüsusi xidmət orqanlarının başı ayılırmı ki, xarici təhlükələrə qarşı tədbir görsünlər? Milli təhlükəsizliyimizə cavabdeh olanlar ancaq bizlə məşğuldurlar, onlar kənardan gələn hücumları zərərsizləşdirmək haqda düşünmürlər ki!
Iranın bizdən qat-qat güclü olmasını arqument kimi göstərmək istəyənlərin diqqətinə: Bəs, ermənilərin montaj edib internetə yerləşdirdikləri və Azərbaycan xalqının şərəfinə toxunan çarxlara qarşı niyə tədbir görülmür? Hakimiyyətin bu xalqa, millətə, dövlətə nifrətləri bəllidir, amma həmin çarxlarda öz liderləri təhqir olunur, axı! Canlarını liderlərinə “qurban edənlər” bu tərbiyəsizliyin qarşısını niyə almırlar?
DIN – Sumqayıtda, kiçik və qapalı bir məkanda yığıncaq keçirmək istəyən müxaliflərə hücum təşkil edib, “siyasi düşməni” zərərsizləşdirməklə məşğul olursa, MTN gecə-gündüz öz inzibati, texniki, fiziki imkanlarını daxili “rəqibləri” izləməyə, onlar barədə kompramatlar toplamağa, hakimiyyətin bədnam siyasətini dəstəkləyən “çuğulçular” ordusu yaratmağa yönəldirsə, əlbəttə ki, bu xarabada ETTELAAT at oynadacaq, Iran kəşfiyyatı meydan sulayacaq, molla rejimi virtual müharibədəki qələbəni bircə həmləyə təmin edəcək!