Xanhüseyn Əliyev: «Həmin obyektlərdə bahalı jurnallar satıldığından mağaza sahibləri qəzetə önəm vermir»
Paytaxtda qəzet köşklərinin yığışdırılması prosesi davam edir. Son vaxtlar bu yöndə iş sürətlənib, şəhərə yeni köşklər gətirilərək qəzet satışı ilə məşğul olan digərlərinin yığışdırılması nəticəsində isə bəlli problem yaranıb. Maraqlıdır ki, yeni köşklər qəzet satışını nəinki əvvəlki səviyyədə saxlayıb, əksinə, bu obyektlərdəki digər satış ləvazimatları qəzetləri tamamilə sıradan çıxarıb.
Görünür, meriyanın bu addımı şəhərdə qəzet satışını iflic etməyə hesablanıb, yoxsa köşklər gətirilməzdən öncə yaranacaq problemi düşünərək müvafiq addım atılardı.
Xatırladaq ki, dünya təcrübəsində təkcə köşklərdə deyil, market və əhalinin kütləvi alış-veriş etdiyi məkanlarda da qəzet-jurnal satılır. Bu təcrübədən kütləvi şəkildə yararlanmaq, ümumiyyətlə, alış-veriş mərkəzləriylə əməkdaşlıq etmək mümkündürmü sualıyla “Qaya” Mətbuat Yayımı şirkətinin rəhbəri Xanhüseyn Əliyevi aradıq.
X.Əliyevin fikrincə, bizim supermarket və digər kütləvi alış-veriş məkanlarında qəzet satışı təcrübəsi özünü doğrultmur. Çünki orda əsas satılan bahalı jurnallardır ki, onların fonunda qəzeti kimsə almır: “Mağaza sahibləri buna görə qəzet satışına önəm vermir. Qəzet satışından gəlir götürmək mümkün olmadığından onlar bu addımı atmır. Paytaxta gətirilən yeni köşklər isə, ümumiyyətlə, qəzet köşkünə oxşamır. Qəzet köşkünün hər tərəfi şüşədən olmalı və uzaqdan belə qəzet-jurnal obyekti olduğu görünməlidir. Amma bu köşklər hər tərəfi bağlı olmaqla yalnız ticarət obyekti funksiyasına yarayır”. “Qaya”nın 30 qəzet köşkünün taleyindən narahatlıq isə hələ də gündəmdədir. Həmin köşklər fəaliyyətini davam etdirməlidir ki, heç olmasa bu sahədə problem yaşanmadığını ürəklə deyə bilək.
Nigar