Martın 13-də dünyaca məşhur “Çakaranda ağacının uşaqları” romanının həbsdəki jurnalist Xədicə İsmayılın tərcüməsində Azərbaycan dilində nəşrinin təqdimatı olub. Təqdimat mərasimində iştirak edən Milli Şura sədri Cəmil Həsənli tədbirdən sonra feysbuk səhifəsində nəşrlə bağlı fikirlərini paylaşıb. O, yazır:
Bu gün N!DA Vətəndaş Hərəkatı Səhər Delicaninin Azərbaycan dilində yenicə nəşr olunmuş “Çakaranda ağacının uşaqları” romanın təqdimatını keçirdi. Sağ olsunlar, təqdimat gözəl oldu. Kitabı Azərbaycan dilinə vicdan məhbusu Xədicə İsmayıl tərcümə etmişdir. Qəribədir, Xədicə hər dəfə yeni bir keyfiyyəti ilə cəmiyyəti irəli aparır. Bu dəfə də belə oldu. Qonşu İranın məhbəs həyatından bəhs edən və zindanda doğulmuş bir yazıçı tərəfindən qələmə alınmış bir roman Azərbaycan həbsxanasında yatan bir məhbus tərəfindən Səhər xanımın öz doğma dilinə tərcümə edilib. Roman qısa zaman kəsiyində 28 dilə tərcümə edilib və dünyanın 75 ölkəsində nəşr olunub. Bu 28 tərcümə içərisində Xədicənin tərcüməsi yəqin ki, bu əsərin taleyində xüsusi bir hadisədir. Zindanda doğulan bir xanım yazıçının romanı zindanda yatan başqa bir xanım tərəfindən tərcümə edilir. Azad olmayan həyat şəraitinə məhkum edilmiş tərcüməçinin bu azad seçimi şübhəsiz ki, müəllifin böyük uğurudur. İctimai diqqət baxımından “Çakaranda ağacının uşaqları”nın uğurunu bir vaxtlar Boris Pasternakın “Doktor Jivaqo” romanı qazanmışdı. Qəribə də olsa Jivaqonun uşaqları ilə Çakarandanın uşaqları arasında mənəvi bir yaxınlıq var. Rusiyada Oktyabr, İranda islam inqilabının insanların həyatına və taleyinə gətirdiyi fəlakətlərin bu əsərlərdə bədii təqdimatı çox güclü alınmışdır. Avtoritar ölkələrin zindan həyatından və zindandan o qədər də fərqlənməyən mülki yaşantısından bəhs edən belə bədii nümunələrin geniş şöhrət qazanması xalqların və insanların azadlıq ruhu, demokratiya arzuları və mübarizə əzmi ilə bağlıdır. Xədicə özü gələcəkdə yazılacaq bədii əsərin maraqlı bir obrazı kimi hazırkı Azərbaycan cəmiyyətində bu ruhun, bu arzuların rəmzi və bu mübarizənin simvoludur.



